“Bizim özümüzün Milli Şuramız var”

13/05/2013 11:46

 

 
“Bizim özümüzün Milli Şuramız var”

Musa Yaqub: “Biz də arzu edirik ki, Rüstəm İbrahimbəyov gəlsin, proseslərə qoşulsun”

890 dəfə baxılıb
 

“Yubiley yaşı olsaydı, qeyd edərdik. Daha 76-dır da, 76-nın nəyini qeyd eləyəsən”- deyir dəyərli şairimiz, çox gözəl sevgi və təbiət şeirlərinin müəllifi olan Musa Yaqub. Ardınca özü də daxil mayın 10-da anadan olan digərləri ilə bağlı maraqlı fikirlərini söyləyir: “Bizim anadan olmağımız quzeyə düşüb, gün düşmür üstümüzə. Bu tarix günəş altında doğulanlar var, onlar üçündür”. (gülür)

 

- Yaşın ağırlığını hiss edirsinizmi?

- Doğrusu, yaşın ağırlığı özü yavaş-yavaş gəlir, heç bilmək olmur, bir tərəfdən bel əyilir, o biri tərəfdən... Ancaq hər halda buna da şükür. Bizim dilimizdə “babat” sözü var, bir də “ala-babat”. Hələ kefim babatdır, alaya keçməmişəm (gülür).

Ad gününü İsmayıllının Buynuzunda deyil, Bakının bu səs-küylü mühitində qarşılaması da təəccüblü gəldi. Deyir başkənddə iş-güc, tədbirlər olduğu üçün kəndə getməyə fürsət tapmayıb.

- Bizim Söz Azadlığı Müdafiə Fondu Mirzə Ələkbər Sabirin anadan olması ilə bağlı ildə bir dəfə Şamaxıda Sabir günləri keçirir. Hazırda o tədbirə hazırlaşırıq, başımız qarışıqdır. Mayın 18-dən 20-dək bu tədbirlər keçiriləcək. Sabirin şeirləri ilə bağlı müsabiqəmiz olacaq. Builki yenilik odur ki, Sabirin müasirlərinin şeirləri də müsabiqədə söylənəcək. Şairin yaşamağı elə onun şeirinin yaşamağı, dildə əzbərlənməsidir. Sabirin buna ehtiyacı olmasa da, biz bunu özümüzə borc bilirik. Beləcə məşğulam. Amma imkan düşəndə İsmayıllıya da gedib-gəlirəm.

- Nə yaxşı ad gününüz Ziyalılar Forumu daxilində də qeyd olunmayıb. Son vaxtlar Forum üzvlərinin bir araya gəlməməsi nə ilə bağlıdır?

- Vallah Ziyalılar Forumunda fövqəladə hal yoxdur, elə əvvəlki fəaliyyətdəyik. Məsələlər konkretləşsin, sonra Forum haqqında söhbət edərik.

- Elə bir nəsə qurumun fəaliyyətində durğunluq yaranıb. Səbəb nədir?

- Durğunluq yoxdur. Olur ki, bir yerə yığılıb söhbət edirik. Demokratik seçki mühitinin yaradılması, əsl ədalətli seçkilərin keçirilməsi bizimçün çox önəmlidir. Şəxsən mənimçün əsas namizəd söhbətindən əfsəl seçki mühitinin yaradılmasıdır. Mən arzu edirəm ki, Azərbaycanda, nəhayət, ədalətli seçki keçirilsin, xalqımız bu seçkiyə əl üstə əl qoymadan getsin. Bilim ki, bax, bu seçki xalqın iradəsini ortaya qoydu. Bu, Forum üzvlərinin ən böyük arzu-istəyidir. Amma təəssüf ki, hələlik o mühit yaranmayıb. Heç bu yönümdə işlər də görülmür.

- Elə müxalifət də bu günlərdə demokratik seçki mühitinin olmadığını bəyan etdi. Paralel olaraq seçkilərin boykotu ilə bağlı çağırışlar səslənir. Siz bu variantla bağlı nə deyərdiniz?

- Sözün düzü, mən daha o məsələlərlə maraqlanmıram. Ancaq məni razı salan odur ki, Əli Kərimli birlik çağırışı etdi. Birləşmək, bir yerdə olmaq bizimçün daha münasib, daha xoşdur. Millət bir namizədin ətrafında toplansa, daha yaxşı, daha faydalı olar. Amma normal seçki mühiti yaradılmasa, bir yox, yarım namizəd də olsa, onun qələbəsini təmin etmək mümkün olmayacaq.

- Müsavat başqanı da aylar öncə namizədliyini irəli sürməsinə baxmayaraq, birlik çağırışı ilə çıxış etmişdi...

- Bəli, İsa Qəmbər də, Əli Kərimli də birlik çağırışı edib. Hamı çağırış edir, amma yenə də hərə öz yerində...(gülür) Birlik söhbəti çox çətin söhbətdir. İddialar, oyunbazlıqlar bəzən araya girir.

- Musa müəllim, yaşınız az deyil, böyük bir ömür yolunuz var, sizcə, biz niyə toplum olaraq birliyə yox, parçalanmaya meylliyik? İndiyədək bunun açarını tapa bilmisinizmi?

 

“Müxalifət də çaşıb qalıb...”

 

- Vallah, çox çətin məsələdir. Gərək bir yox, bir neçə ömür yaşayasan ki, nə baş verdiyini anlaya biləsən. Yol, açar tapılsa, elə birləşərdik də. Nə deyim... Məncə, əsl seçki mühiti olsa, bu cür çaşqınlıq olmazdı, bir-birinə güzəştə gedərdilər. Ancaq nə seçki mühiti var, nə də iqtidar təzyiqlərə son qoyur, baş qaldıranın başından vurur. Mühitdə çaşqınlıq olduğu üçün müxalifət də çaşıb qalıb.

- Rüstəm İbrahimbəyovdan necə, təbrik aldınız?

- Bu yaxınlarda danışmamışıq. Əksər insanlardan təbrik almışam. Bəlkə heç Rüstəm müəllim mənim ad günümü bilmir.

- Onun son vaxtlardakı fəaliyyətini, çağırışlarını, müsahibələrini izləyirsinizmi? Ümumiyyətlə, Azərbaycana qayıdışını istərdinizmi?

- Biz də arzu edirik ki, gəlsin, proseslərə qoşulsun. Düzdür, mesajlar göndərir, müsahibələr verir, amma hələ ki, bir şey görünmür.

- Bu ay elan olunacağı gözlənilən Milli Şuranın formatını, tərkibini necə görmək istərdiniz?

- Milli Şura məsələsində...Biz Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvləri olaraq toplaşırıq, özümüzün məsələlərini müzakirə edirik. Biz yeni yaranan Milli Şuraya daxil olmuruq. Bizim özümüzün Milli Şuramız var. Ziyalılar Forumu olaraq öz şuramız, öz koordinasiyamız var. Biz hələ Milli Şura haqqında müzakirə aparmamışıq.

- Bu fikirləriniz lap Kərbəlayi İsmayılın Şura hökuməti barədə dediklərinə bənzədi...

- Vallah mən olanı deyirəm. Hələ bu barədə müzakirəmiz olmayıb.

- Görkəmli ziyalılarımız Rafiq Əliyevlə Cəmil Həsənli Milli Şuraya üzv olmayacaqlarını deyiblər. Belə çıxır ki, adınız siyahıya daxil edilsə belə, siz də imtina edəcəksiniz.

- Mən də onlarla bir yerdəyəm. Onlar Milli Şuraya daxil olmurlarsa, demək mən də daxil olmayacağam.

- Bəs bu münasibətə görə Eldar Namazovla aranızda inciklik yarana biləcəyindən ehtiyatlanmırsınız?

- Yox, o məsələləri özləri bilərlər. Dediyim kimi, hələ o məsələni müzakirə eləməmişik. Orda-burda söhbətlər olsa da, Milli Şura məsələsi ümumi müzakirəyə çıxarılmayıb.

- Bəlkə ziyalıların bir az kənara çəkilməsi həm də onunla bağlıdır ki, müxalifət onların birlik çağırışlarına müsbət reaksiya vermədi...

- Yox, belə olduğunu güman etmirəm. Biz müxalifətdən gileyli deyilik. Biz ayrı adamlar deyilik ki, müxalifətlə də bir yerdəyik.

- İsmayıllı hadisələrində həbs olunanlar bu günə qədər nə azad olunub, nə də onların istintaqında yeniliklər var. Bu barədə hansı gözləntiləriniz var? Bəlkə İsmayıllı sakini kimi hansısa ünvanlara çağırış edərdiniz...

- Biz İsmayıllı camaatı olaraq çox istəyirik, həmçinin İsmayıllının İcra Hakimiyyəti onların azad olunmasına çalışır. Bu hadisələrlə bağlı hər şey aydındır, günahkarlar da bilinir, hadisəni törədənlər də. Ancaq bunun üstündə adamlar aylardır həbsdə saxlanılır. Şəxsən mən bilmirəm ki, bu insanların azadlığına necə nail olmaq mümkündür. Amma imkan düşən kimi deyirik, müraciət edirik ki, uşaqlar azad edilsin, bu söhbətlər bitsin. İsmayıllı camaatı da bu həbslərə görə çox narahatdır.

- İsmayıllının icra başçısı ilə heç rastlaşıbsınız?

- Rastlaşmışıq da, danışmışıq da. O da həbsdəkilərin azad olunmasını arzu edir, bu istiqamətdə çalışır.

- Tofiq Yaqublu və İlqar Məmmədov da bu hadisələrin günahsız qurbanlarıdır...

- Bəli, onların nəyin üstündə günahlandırıldığını hələ anlaya bilmirəm. Bəlkə də bu hadisələr onların həbsi üçün bir bəhanə oldu. Birinci növbədə onlar azad olunmalıdır.

- Xudat rayonunda da oxşar hadisə baş verib və oxşar həbslər həyata keçirilib.

- Ümumiyyətlə, ölkədə narazılıqlar çoxdur. Həmin narazılıqlar da bu və ya digər formada üzə çıxır, bir-birinə də oxşayır. Elə belə də olmalıdır. Amma iqtidar həmişə bəhanə tapıb baş verənlərə görə müxalifəti günahlandırmaq istəyir ki, “bu hadisələri siz törətmisiniz”.

- Administrasiya rəsmisi Əli Həsənov may ayında iqtidar-müxalifət görüşünün olacağını desə də, əks proseslər baş verməkdədir, ziddiyyətlər, ittihamlar daha da kəskinləşib. Ziyalılar bu barədə nə düşünür?

- Dialoqla bağlı o qədər çağırışlar olub ki. Ancaq mən bu 20 ildə həmin çağırışların faydasını görməmişəm. Ümumiyyətlə, YAP-la digər partiyalar arasında keçiriləcək dialoqun nəticəsini belə görmürəm. Dialoqda hansı məsələni müzakirə edəcəklər? Deyək ki, dialoqun mövzusu ədalətli seçkilər olmalıdır. İqtidar və müxalifət razılığa gəlməlidir ki, biz ədalətli seçki keçirəcəyik. Başqa formada nə dialoq olasıdır ki.

- Rusiyanın Azərbaycana müdaxilə imkanları, Kremlin Azərbaycan planları barədə nə demək olar?

- Mən elə bilirəm ki, Rusiya indiki dövrdə belə bir addım atmaz. Son anda Rusiya öz mahiyyətinə, quruluşuna uyğun olaraq Azərbaycan iqtidarına dəstək verəcək, müxalifətinə yox.

- Narahatçılığınız yoxdur ki, Moskvada Azərbaycan əleyhinə bir plan qurulsun və dostunuz Rüstəm bəy də bilməyərəkdən o ssenaridə yer alsın?

 

Əlahəzrət xalqın mövqeyindən çox şey asılıdır”

 

- Mən elə bir təhlükə görmürəm. Təbii ki, Rusiyanın Azərbaycana münasibəti Qərbdən fərqlənir. Qərb, təbii ki, demokratik hərəkata dəstək verir. Amma əlahəzrət xalqın mövqeyindən çox şey asılıdır.

- Nazirlərin bölgələrə səfərləri, keçirdikləri görüşlər yerlərdə necə qarşılanır?

- O səfərlərin heç bir effekti yoxdur. Nazirlərin bir dəfə bölgələrə gedib şikayətçiləri qəbul etməsi heç nəyi dəyişməyəcək. Əslində əvvəllər də belə olub, vaxtilə nazirlər şikayətçiləri qəbul edərdilər, özlərinin qəbul günləri vardı. Bu, çoxdan tutulmuş bir yol idi, sadəcə axır vaxtlar unudulmuşdu. İndi başqa bir forma tapıblar. Nazirlərin 5-6 şikayətçi ilə görüşməyi ilə iş bitmir.

- Hakim düşərgə payızdakı seçkinin taleyinin artıq həll olunduğu barədə rəy formalaşdırmağa çalışır. Baxmayaraq ki, hələ hakim düşərgənin namizədi rəsmən bəlli deyil. Siz də seçkilərin taleyinin iqtidarın xeyrinə həll olunduğu qənaətindəsiniz?

- Mən bu barədə konkret fikir deyə bilmərəm. Amma hər şey gözümün qabağındadır. Əlbəttə, hakimiyyət axıradək “bizik” deyəcək. Ancaq beynəlxalq aləmdən, xalqdan, mübarizədən çox şey asılıdır. Bunlar isə öz işində-gücündədir, deyirlər ki, bu dəfə də biz olmalıyıq. Hakimiyyətin qarşısında yeganə baryer ədalətli seçkidir. Əgər ədalətli seçki olsa, qərarı el, xalq, seçicilər verər.

- Musa müəllim, ötən il özünüzün özünüzə ad günü hədiyyəniz olan “Dövrün dəyirmanı” kitabınızdan sonra yaradıcılıq işləriniz nə yerdədir?

- Hərdən yaradıcılıqla da məşğul oluram, şerlər yazıram, yaradıcılığa aid müsahibələr verirəm. Həmişə o əhval-ruhiyyədəyəm. Bir kitab olacaq. “Qanun” nəşriyyatı sevgi şeirlərimi nəşr edəcək. Mənim son kitablarım çox iri kitablar olub. Qalan şeirlərimi, oxunaqlı, oxucuların sevdiyi şeirlərimi toplayıb bir bukletsayağı kitab hazırlayım.

- Bu günlərdə Səməd Vurğunun, digər şairlərin, həmçinin xalq qəhrəmanlarının təftiş olunması prosesi gedir.

- Mən o ittihamları qəbul etmirəm, bunun vaxtı deyil və lazım da deyil. O məsələlərin bizə xeyri yoxdur. Əksinə, bunlar daha da çaşqınlıq, inamsızlıq yaradır. Biz ömrü boyu dərsliklərdə oxuduğumuz, sitayiş etdiyimiz, bəyəndiyimiz, poeziyasının ruhu ilə böyüdüyümüz adamları digər şəkildə təqdim ediriksə, bu, yalnız ümumi işin ziyanınadır. Mən bu təftişçiliyin tərəfdarı deyiləm...
Sonda böyük şairimizi ad günü münasibətilə bir daha təbrik edirik. Adının qarşısında hər hansı titul yazılmasa da, ad günündə orden-medalla qiymətləndirilməsə də, o, gerçək xalq şairlərindəndir. Bu xalq onu yaşadacaq...

Bu dünyanın qara daşı göyərməz

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

***

Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi...
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

***

O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa.
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

***

Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.

***

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.

Oktyabr, 1977

Elşad PAŞASOY

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413