Dövlət orqanlarının xəbərdar olduğu və rəsmən qanunsuz elan edilən tikinti niyə dayandırılmır; Razim Məmmədovla Elsevər Ağayev bütün qanunların fövqündə dayanır
Bakının Xətai rayonunda, Əhmədli qəsəbəsində tikilməkdə olan qalmaqallı obyekt barədə ötən saylarımızda yazmışıq. M.Hadi küçəsində inşası aparılan bu obyektin ətraf binalarda yaşayan sakinlərə ciddi problem yaratdığını hər yazıda vurğulamışıq. Hələ özül qazılan vaxtlarda M.Hadi küçəsindəki minlərlə sakin işıqsız qalmışdı. Kommunikasiya xətlərinin yerlərinin dəyişdirilməsi o qədər primitiv və səliqəsiz aparılıb ki, ordan keçən yüksək gərginliklə elektrik xətləri zədələnib. Nəticədə sakinlər sutkalarla işıqsız qalıb. Həmçinin kanalizasiya xətlərinin yeri də başdansovdu dəyişdirilib. Amma ən əsas problem bunlar deyil. Ötən saylarımızda da qeyd etmişdik, bir daha vurğulamağı lazım bilirik: tikinti elə bir yerdə aparılır ki, bina istifadəyə veriləndən sonra orda maşınların hərəkətində ciddi məhdudiyyət yaranacaq. M.Hadi küçəsi ilə Ukrayna dairəsinin kəsişməsində inşa olunan obyekt hətta gələcəkdə ağır yol-nəqliyyat qəzalarının yaranmasına da səbəb ola bilər. Ukrayna dairəsindən Hadi küçəsinə burulan sərt döngədə obyekt tikdirmək yalnız və yalnız bizim məmurların ağlına gələ bilər. Bu zehniyyətlə idarə olunan ölkənin bu vəziyyətə düşməsi əslində çox təbiidir. Əgər bir obyektin qarşısında maşın saxlamağa yer yoxdursa, onun tikintisinə necə icazə verilə bilər? Üstəlik də böyründə 20-30 ilin yaşıllıq zolağı var. Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, Xətainin icra başçısı Razim Məmmədov artıq həmin yaşıllıq zolağı satıb. M.Hadi küçəsində son 3 ildə yüzlərlə şam və küknar ağacları kəsilib, yerində obyekt tikilib. Bu proseslərin başında dayananlar isə məmurlardır, özü də kifayət qədər yüksək çinli məmurlar. Ötən yazılarımızda vurğuladığımız kimi, həmin qalmaqallı obyektin səhiyyə nazirinin müavini Elsevər Ağayevə məxsus olduğu deyilir. Düzdür, E.Ağayev obyektin ona məxsus olmadığına dair başqa adamlar vasitəsilə redaksiyamıza ismarış göndərir. Amma hələ indiyədək nazir müavini rəsmi şəkildə təkzib verməyib, bircə dənə fakt gətirib deməyib ki, yox, o obyekt mənim deyil. Necə təkzib etsin axı?

Ortada olan faktlar bunu rəsmən təkzib etməyə ona imkan vermir. E.Ağayevin qardaşı demək olar ki, hər gün obyektin tikildiyi ərazidə olur. Üstəlik, bu, Ağayev qardaşlarının M.Hadi küçəsində ilk obyektləri deyil. "Həzi Aslanov" metro stansiyasının həndəvərində, yolun sağ və sol hissəsində nazir müavininin özünün və qardaşlarının xeyli obyektlərinin olduğu haqda təkzib olunmayan məlumatlar var. Mətbuat bu haqda dəfələrlə yazsa da E.Ağayev buna rəsmi münasibət bildirməyib, təkzib verməyib. Bu da ortada olan iddiaların doğruluğuna dəlalət edən amildir. Nazir müavinin əsas suç ortaqlarından biri də Xətainin icra başçısı Razim Məmmədovdur.

Məhz icra başçısının icazəsi və sərəncamı ilə mərhum prezident Heydər Əliyevin göstərişi ilə sovet dövründə salınan yaşıllıqlar məhv edilib yerində ticarət və iaşə obyektləri tikilir. Bu da azmış kimi, həm Razim Məmmədov, həm də Elsevər Ağayev bu qara əməllərini ört-basdır etmək üçün guya tikinti işlərinin ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın göstərişi ilə aparıldığı haqda şayiə yayırlar. Bu şayiə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov səviyyəsində təkzib olundu. Hörmətli Hacıbala müəllim “Yeni Müsavat”a açıqlama verərək bildirdi ki, bu şayiəni yayanlar cəzalandırılacaq, üstəlik, tikinti dayandırılacaq. Amma üstündən 1 aydan çox keçməsinə baxmayaraq, BŞİH rəhbərinin verdiyi söz reallaşmadı. Görünür, ya H.Abutalıbov verdiyi sözü unudub, ya da Razim Məmmədov öz rəhbərini eşitmir...
Minlərlə insanın, ölkə vətəndaşının yolunu, işığını kəsən, rahatlığını pozan bu obyektin arxasında kimlər dayanır? Bu qədər səs-küyə, şikayətə səbəb olan tikintinin inadına dayandırılmaması nədən xəbər verir? Bakı Şəhər İcra Hakimiyyətinin başçısına, tanınmış bir millət vəkilinə, həmçinin digər instansiyalara sakinlərin etdikləri şikayətlərin heçmi təsiri yoxdur? Bir rayon icra başçısı, nazir müavini bu ölkənin qanunlarının fövqündə dayanır, bu qədər özlərinə arxayındırlar? Ən dəhşətlisi isə odur ki, bu obyektin qanunsuz olduğu haqda rəsmi rəy var. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bir müddət öncə “Yeni Müsavat”a bildirmişdilər ki, sözügedən obyekt tam qanunsuz inşa olunur: “Tikinti qanunsuz aparılır, bizim bu haqda heç bir rəyimiz yoxdur”. Komitədən onu da bildirmişdilər ki, obyektin sahibinin adında da saxtakarlıq var. Belə ki, redaksiyamıza özünü tikilməkdə olan obyektin sahibi Heydərov Natiq Heydər oğlunun köməkçisi Məmməd Rzayev kimi təqdim edən şəxs bəzi sənədlər təqdim etmişdi. Amma Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əməkdaşımıza demişdilər ki, onlara təqdim olunan sənədlərdə tikilinin sahibi Məmmədov N. göstərilib. Təkcə bu fakt həmin tikintinin dayandırılmasına və araşdırmaların başlanmasına əsas verirdi. Təəssüf ki, rüşvət, korrupsiya, qohumbazlıq və digər sosial bəlalar ölkənin qanunlarının işləməsinə imkan vermir. Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu davam etdirəcəyik.
İnformasiya şöbəsi