Əli Həsənovun ittihamına yazıçılardan cavab

27/05/2013 14:34

Əli Həsənovun ittihamına yazıçılardan cavab

  •  

 

Font Ölçüsü
 

Nizami Cəfərov: «Təkcə gənclərlə bağlı deyil, uşaq ədəbiyyatı da bərbad vəziyyətdədi»

Seyran Səxavət: «Gənclərin ağır vəziyyətdə olduğu dövrdə parlaq gənc obrazı yaratmaq real deyil»

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov YAP Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən seminarda yazıçı və şairləri tənqid etməyi də yaddan çıxarmayıb. Əli Həsənov söyləyib ki, yazıçı və şairlərimiz hələ də nümunəvi Azərbaycan gəncinin obrazını yarada bilməyib. “Bu yaxınlarda yazıçılardan biri ilə mübahisə zəminində dedim ki, siz yüzlərlə əsər yaza bilərsiniz, amma hanı əsərlərinizdə nümunəvi Azərbaycan gəncinin obrazı ki, gələcəkdə bu əsərə baxıb kino çəkilsin və gələcək nəslin tərbiyəsində təbliğat kimi istifadə edilsin”.
Əli Həsənovun tənqid etdiyi mövzu həqiqətən də, acınacaqlı vəziyyətdə olsa da, bu vəziyyətin yaranmasında hakimiyyətin rolu da böyükdür. Əvvəla hakimiyyət nümunəvi gənclərə qarşı heç vaxt qayğı göstərməyib, yalnız rejimi tərifləyən gənclərin simasında nümunəvi gənc görməkdə maraqlı olub. Digər tərəfdən, bu hakimiyyətin dövründə yazıçılara  hakimiyyəti və onun liderlərini mədh edən yazılar yazmaq sifariş edilib.

 

Əli Həsənovun fikirlərinə münasibət bildirən millət vəkili Nizami Cəfərov hesab edir ki, doğurdan da ədəbiyyatımızda bu mövzuda əsərlər çox azdı. Gənclərin həyat tərzini, mübarizəsini, üzləşdikləri problemləri, qarşıya qoyduğu məqsədi və s. tərənnüm edən yazılar yazılmır: “Mən düşünürəm ki, bu sahədə yazıçı adına iddia edən gənc yazarlar fəaliyyət göstərməlidir. Ədəbiyyat elə bir sahədir ki, ona hökm etmək olmaz. Ancaq bu məsələdə Təhsil Nazirliyinin,  Mədəniyyət Nazirliyinin, televiziya və radionun üzərinə böyük məsuliyyət düşür. Müxtəlif müsabiqələr, təqdimatlar keçirilməli, bu sahədə yazılar yazılması üçün həvəsləndirici mükafatlar təsis edilməlidir. Eyni zamanda ədəbi tənqidimizi, ədəbiyyat ideoloqlarımızı da günahlandırmaq olar. Çünki az araşdırma aparırlar, təkliflər vermirlər”.
Nizami Cəfərov onu da əlavə etdi ki, təkcə gənclərlə bağlı deyil, uşaq ədəbiyyatımız da acınacaqlı vəziyyətdədir.  “Təhsil Nazirliyinin bu işdə xüsusi məsuliyyəti var. Uşaqlar üçün yaxşı əsərlərin yazılmasını stimullaşdırmaq lazımdır. Əvvəlki dövrdə çox yaxşı nümunələr vardı ki, onlardan tamamilə imtina edilib. Bu məsələləri siyasiləşdirmədən, ideolojiləşdirmədən sadəcə bir mədəniyyət hadisəsi kimi gündəmə gətirmək, bu istiqamətdə işlər görmək lazımdır”.

 

Yazıçı Seyran Səxavət bildirdi ki, yazıçılar bütün obrazları həyatdan götürür və Azərbaycan gəncliyinin real həyatdakı vəziyyəti də göz qabağındadır: “Azərbaycan gəncliyinin vəziyyəti çox acınacaqlıdır. Ali təhsilli gənclər iş tapa bilmir, əlləri heç yerə çatmır, ailə qura bilmir və ilaxır. Əgər söhbət 5-3 gəncdən yox, Azərbaycan gəncliyindən gedirsə, mənzərə qeyd etdiyim kimidir. Belə bir reallıqda Azərbaycan gəncinin parlaq obrazın yaratmaq çətindir. Tutaq ki, mən öz istedadıma, fantaziyama güvənib parlaq, xoşbəxt, vətənpərvər bir gənc obrazı yaratdım. Əli Həsənovun köməkliyi ilə o kitabı çap elətdirdim. Bu əsəri oxuyan adam deməzmi ki, hörmətli yazıçı, niyə reallığa uyğun yazmırsan. 
Nə vaxt Azərbaycandakı vəziyyət düzələr, gənclər doğrudan da öz haqlarına sahib olar, o zaman da yazıçılar Azərbaycan gəncliyinin parlaq obrazın yaradarlar. Ədəbiyyat o zaman dəyərli olur ki, həqiqətləri özündə əks elətdirsin"- deyə Seyran Səxavət bildirdi.

İlham Hüseyn

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413