Hakimiyyətə yaxın politoloq: “Rusiyada yaşayan azərbaycanlılardan ibarət onbaşı sistemi yaradılıb”
“Gərginlik real və ciddidir. Rusiyada yaşayan azərbaycanlılardan ibarət onbaşı sistemi yaradılıb, Azərbaycanın bütün kəndlərindən olan azacıq pul sahibi olan insanların hamısı uçota alınıb. Onlara tapşırıq verilib ki, lazım olanda dərhal Azərbaycana getməlisiniz və hər bir nəfər Azərbaycanda meydana 10 adam çıxarmalıdır.”
Belə sensasiyalı iddia ilə hakimiyyətə yaxınlığı ilə seçilən politoloq Cümşüd Nuriyev çıxış edib. O, “Yeni Müsavat” qəzetinə açıqlamasında Rusiya təhlükəsi ilə bağlı daha sonra deyib:
“Bundan başqa, ”Rossiya" telekanalında Syanidze Azərbaycanın ərazisinin yenidən bölünməsini gündəmə gətirib ki, Kür çayı ilə Araz çayının arası Ermənistana verilməlidir, Gürcüstan özünü yaxşı aparsa, Qazax rayonundan Mingəçevirə qədər olan hissə Gürcüstana bağışlana bilər, beş-altı rayonun iştirakı ilə Zaqatala paytaxt olmaqla Avarıstan yaradılmalıdır, 6 rayon daxil olmaqla paytaxtı Xaçmaz olan Ləzgistan yaradılmalıdır, cənubdakı rayonlar isə Talış-Muğan Respublikası elan olunmalıdır. Həmin telekanalın gündəmə gətirdiyi bu məsələdə qeyd olundu ki, Bakı xüsusi statuslu şəhər-dövlət olmalıdır. Yəni Sinqapur, Montekarlo, Monako kimi. Və Rusiyanın tam nəzarətinə keçməlidir. Yiyəsiz qalan Şirvanda isə balaca Azərbaycan qurmaq istəyirlər. Bu, Rusiyanın planıdır.”
Politoloqun fikrincə, hazırda Azərbaycanda gedən oyunların ən qorxulusu odur ki, iqtidar hakimiyyətini qorumaq hayındadır, müxalifət hakimiyyətə gəlmək istəyir. Bunların ikisinin mübarizəsində Azərbaycanın müstəqilliyi arada təhlükə qarşısındadır.
Hakimiyyətin Rusiyanın yuxarıda sadalanan planlarının neytrallaşdırılması üçün resursları isə çox aşağıdır: “Azərbaycan bu təhlükə ilə Cəbhə hakimiyyəti dövründə üzləşmişdi. Azərbaycandan rus ordusunun çıxarılmasının cəzasını Xalq Cəbhəsi hakimiyyətini itirməklə aldı. Heydər Əliyev hakimiyyətə gələndən sonra da bir müddət təhlükəli vəziyyət var idi. Lakin Heydər Əliyev iki ağıllı addım atıb Rusiyanın hücumlarını səngitdi. Birincisi, MDB-yə daxil oldu, 1994-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müvəqqəti olaraq, 5 illiyinə qoşulduq. İndi də Azərbaycan belə bir addımı ata bilər. Hazırda Rusiyanın tələb etdiyi iki məsələ var. Birincisi, Vahid Gömrük İttifaqına, ikincisi, Avrasiya İttifaqına qoşulmaq. Azərbaycan bu iki pisdən ən yaxşısını seçməlidir. Mən hesab edirəm ki, Gömrük İttifaqına daxil olmaq daha uyğundur. Ayrı yol görmürəm. Rusiya öz ssenarisini həyata keçirsə, Azərbaycanda heç kəsin gözləmədiyi adam hakimiyyətə gələcək ki, inanın o, Əbdürrəhman Vəzirovdan da pis olacaq. Onu da deyim Azərbaycanda Rusiyanın bu ssenarisinin həyata keçməsi üçün mühit də var”.
Politoloq sonda qeyd edib ki, Azərbaycanda prezident seçkiləri çox ağrılı keçəcək.
|