“Hava limanı” adıyla ciblərə gedən pullar

29/03/2014 18:35
“Hava limanı” adıyla ciblərə gedən pullar
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov hazırda ölkədə 6 hava limanının fəaliyyət göstərdiyini, yaxın zamanlarda aeroportların sayının 7-yə yüksələcəyini bildirib.

“AZAL” prezidenti ölkənin bütün bölgələrində hava limanlarının inşasının nəzərdə tutulduğunu söyləyib. “Bizim yol” qəzetinin yazdığına görə, hazırda proses sənədləşmə mərhələsindədir. C.Əsgərovun sözlərinə görə, Qubada tikiləcək aeroportdan sonra Azərbaycandakı hava limanlarının sayı 7-yə çatacaq.

Məlumata görə, 2011-ci ildə iri vergi ödəyicilərinə 679,2 milyon manat vəsait ayrılıb. Bu qurumlar “Azərsu”, “AZAL”, Bakı Metropoliteni, “Bakıelektrikşəbəkə” və “Azərenerji”dir. Sözügedən vəsaitin ən böyük hissəsi AZAL-a çatıb - ÿ261,1 milyon manat. Vəsaitin 80 milyon manatı Qəbələdə hava limanının tikintisinə xərclənib. Bundan əlavə, dövlət büdcəsindən Gəncə aeroportunun müasir standartlar səviyyəsində yenidən qurulmasına 39.5 milyon, Lənkəran hava limanının tikintisinə 51.5 milyon, Zaqatala aeroportunun yenidən qurulmasına isə 27.1 milyon manat xərclənib.

Qeyd edək ki, Azərbaycan kimi çox da böyük olmayan ölkə üçün 6 hava limanı kifayət qədər çoxdur. Eləcə də bir-birinə məsafəcə yaxın olan bu hava limanları daxili istifadə üçün o qədər də yararlı deyil. Çünki aeroportda harasa uçmaq üçün itirilən vaxt və qiymət baxımından ölkənin istənilən yerinə təyyarə ilə uçmaq elə də sərfəli deyil. Bu səbəbdən ölkənin əksər vətəndaşları bu xidmətdən istifadə etmir. Belə olan halda sual olunur: Azərbaycanda investisiya yatırmaq üçün xeyli sahələr varsa, niyə maliyyə hava limanlarına yönəldilir?

Nemət Əliyev: «Azərbaycanda bu qədər aeroport tikintisinə ehtiyac yoxdur, bunlar sadəcə, iri korrupsiya layihələridir»


Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, ümumiyyətlə, Azərbaycanda neftin yaratdığı maliyyə imkanlarından düzgün istifadə olunmur. Hökumətin bu sahədəki fəaliyyətinə diqqət yetirəndə sanki qarşıya büdcənin dağıdılması, səpələnməsi məqsədi qoyulduğu təsəvvürü yaranır: “Azərbaycan kimi ərazisi böyük olmayan bir ölkədə 6 hava limanının tikilməsinə ehtiyac yoxdur. Gələcəkdə belə proyektlərin reallaşdırılması üçün hansısa sosial və ya iqtisadi ehtiyaclar yarana bilər. Azərbaycan vətəndaşı bu gün Bakıdan Qusar və ya Salyan rayonuna getmək üçün təyyarəyə böyük ehtiyac hiss etmir. Əhalinin belə bir sosial sifarişi yoxdur. Minik avtomobililə özünün bu sahədəki ehtiyacını ödəyə bilirsə, onun xüsusi hava reyslərilə gedişini reallaşdırmağa lüzum yoxdur”.

Ekspertin sözlərinə görə, dövlət büdcəsindən, Neft Fondundan pulları hansısa adla onu rəsmiləşdirib çıxarmaq, bunun xüsusi ciblərə və maraqlara axınını reallaşdırmaq üçün ən müxtəlif üsullara əl atılır. Bu məqsədlə dövlət üçün qətiyyən sərfəli olmayan layihələr düşünürlər. Xalqın çoxsaylı problemlərinin qarşılığında 6 hava limanına heç də ehtiyac olmadığını söyləyən ekspert, tıxac, vətəndaşların sökülmüş evləri və s. real problemlərin həllini daha vacib sayır: “Bakı və Gəncə hava limanları istisna olmaqla, digər aeroportlar boş qalıb. Onların gəlirləri xərclərini ödəyirmi? Əhalinin köklü problemlərini həll edəndən sonra insanlar qısa məsafələri təyyarə ilə qət etmək ehtiyacı hiss edərsə, o zaman hava limanlarının sayı artırıla bilər. Amma bu gün belə bir ehtiyac yoxdur. Hava limanlarına sərf edilən vəsait yalnız bir korrupsiya mənbəyidir və belə layihələr də sadəcə, iri korrupsiya layihələridir”.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413