
Goranboy sakinləri belə deyir; Nizaməddin Quliyevin müavini isə təkzib edir: “Yalandır, biz heç onun qardaşını tanımırıq...”
“Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Ziya Məmmədovun qardaşına rayonda 500 hektar torpaq pay verib”.
Bu məlumat virtualaz.org saytına Goranboydakı etibarlı mənbələrdən daxil olub.
Məlumatda bildirilir ki, icra başçısı həmin torpaq sahəsini nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədova pay kimi verib, yəni bağışlayıb, pulla satmayıb.
“İldırım Məmmədov rayonun “Bozdağın dib”i adlanan ərazisində ona ayrılan torpaq payı ilə tanış olmaq üçün iki həftə əvvəl rayona da gəlmişdi. Özü də nazirin qardaşını ona hədiyyə olunmuş torpaq sahəsi ilə icra başçısı şəxsən özü tanış edib” - deyə saytımıza danışan Goranboy sakinləri bildirib.
Onların sözlərinə görə, torpaq sahəsinin nazirin qardaşına pay verilməsi ilə bağlı rayonda maraqlı söhbətlər gedir. Mənbələrimiz bildirir ki, icra başçısı son zamanlar ölkədə aparılan kadr islahatlarından təşvişə düşüb. Hökumətin yeni tərkibində yer alan Ziya Məmmədovun qardaşı ilə “yaxınlaşıb dostlaşmaq” məqsədilə verilən bu pay N.Quliyevin bir növ özünü sığortalamaq planıdır.
Mənbə söyləyir ki, bu fikirlərin meydana çıxmasına səbəb rayonda icra başçısının tezliklə vəzifədən uzaqlaşdırılacağına dair xəbərlərin yayılmasıdır.
Nazirin qardaşı ona verilən torpaq sahəsindən hansı məqsədlə istifadə edəcəyi hələlik bilinmir. Amma Məmmədovların Goranboyda tikinti materialları biznesinə yatırım qoymaq planları barədə yerli mətbuat dəfələrlə yazıb. İstisna deyil ki, nazirin qardaşı həmin ərazini məhz bu məqsədlə ələ keçirib.
Səslənən bu iddia ilə bağlı Nizaməddin Quliyevin də fikirlərini öyrənmək istədik. Goranboy Rayon İcra Hakimiyyətindən virtualaz.org-a bildirdilər ki, “icra başçısı yerində yoxdur, ərazidədir”.
N.Quliyevin birinci müavini Baxış Abdullayev isə məsələ ilə bağlı sualımızı cavablandırdı. Onun sözlərinə görə, icra başçısının nazirin qardaşına 500 hektar torpaq bağışlaması barədə deyilənlər həqiqəti əks etdirmir: “Bu suala şəxsən mən özüm cavab verə bilərəm. Deyilənlər yalandır. Biz nəqliyyat naziri kimi Ziya Məmmədovu tanısaq da onun qardaşını tanımırıq. O, heç bizim rayona gəlməyib”.
Necə deyərlər, həmişəki mənzərədir: xalq deyir belədir, məmur deyir yox, ayrı cürdür...