“İlham Əliyevi jurnalistlərin dostu saymaq olmaz”

26/11/2013 18:39

“İlham Əliyevi jurnalistlərin dostu saymaq olmaz”

 

Font Ölçüsü
 

«Həmin tədbirə toplaşmış şəxslərin hamısı birbaşa bir ələ baxır»

Mehman Əliyev: «Rüşvətxorun məqsədi Azərbaycanın gələcəyini düşünən insanların məqsədi ilə necə üst-üstə düşə bilər»

Dövlət başçısına “jurnalistlərin dostu” mükafatının təqdim olunması ilə bağlı bir neçə məqam diqqəti cəlb edir. Birincisi, mükafatın təqdim olunması ilə bağlı sorğunun seçkidən əvvəl keçirilməsi, ikincisi, mükafatın elan olunmasının Azərbaycanda mətbuatın durumunun acınacaqlı olduğunun beynəlxalq aləmdə vurğulandığı bir zamana təsadüf etməsidir. Azad mətbuatı hazırda ciddi problemlər narahat etdiyi bir zamanda belə bir görüş hansı zərurətdən irəli gəlirdi? “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevlə müsahibəmizə bu sual ilə başladıq.

- Bu ayın 28-29-u Vilnüsdə Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının sammiti keçiriləcək. Bu sammitdə “Şərq Tərəfdaşlığı” ölkələrinin son iki ildə Avropa Birliyi qarşısında götürdüyü öhdəliklərin həyata keçirilməsinə diqqət yetiriləcək. Biz bilirik Azərbaycanın bu istiqamətdəki vəziyyəti kifayət qədər pisdir və son illər geriləmə müşahidə olunur. Görünür, bu tədbirlə göstərməyə çalışılır ki, yox, Azərbaycanda jurnalistlər durumu başqa cür qiymətləndirir, prezident “jurnalistlərin dostu”dur. Yəni bu addım daha çox xaricə hesablanan tədbir idi. Ona görə düşünürəm ki, birbaşa Vilnüs sammiti ilə bağlı məsələdir.

- Maraqlı məqamlardan biri də budur ki, bir qayda olaraq mükafat alan şəxs mükafatı verən təşkilatın dəvəti ilə hər hansı bir məkanda təşkil olunan mükafatlandırma mərasiminə qatılır. Amma biz Ilham Əliyevə mükfatın təqdimatı zamanı tam fərqli mənzərəni müşahidə etdik. Ilham Əliyev mükafat verənləri qəbul etdi...
- Bu gün Azərbaycanda durum belədir ki, həmin tədbirdə toplaşmış şəxslərin hamısı birbaşa bir ələ baxır. Bütün yardımlar, vəsaitlər həmin mənbədən gəlir. Ona görə tədbirin bu cür təşkili normal idi. Belə də olmalı idi. Bu gün hakimiyyət mediadan deyil, media hakimiyyətdən asılıdır. Bu tədbir də bunu təsdiqlədi.

- Mətbuatın hazırda üzləşdiyi acınacaqlı duruma görə məsuliyyətin məhz dövlət başçısının üzərinə düşdüyü vurğulanır. Bu baxımdan Ilham Əliyevi “jurnalistlərin dostu” saymaq olarmı?
- Xeyr. Mən bununla bağlı Tiflisdə bu ayın 10-13-də keçirilən ATƏT-in regional konfransında çıxış etdim. Cənubi Qafqazda medianın, ifadə azadlığının durumuna toxundum. Onu da göstərdim ki, Ilham Əliyevin iki müddətlik prezidentliyi dövründə Azərbaycan mətbuatının ən ağır dövrləri olub. Biz bu dövrdə Azərbaycanda media azadlığını itirmişik. Ona görə hazırda media azadlığının təhlükədə olduğu real durumdur. Azərbaycanda real durum belədir. Azərbaycan mediası müstəqil deyil. Azad sözü söyləmək kifayət qədər çətin olub, senzura güclənib.

“İlham Əliyev səmimi deyil”

- İlham Əliyevlə görüşdə bir sıra siyasi fikirlər də səsləndi. Dövlət başçısı bəyan etdi ki, ölkənin problemləri Azərbaycanın daxilində həll olunmalıdır, Azərbaycanın gələcəyi ilə bağlı hamının fikirləri üst-üstə düşür. Ilham Əliyevi söylədiklərində nə dərəcədə səmimi saymaq olar?
- Əgər bizi illər boyu təqib ediblərsə, bizim təkliflərimizə, sözümüzə illər uzunu qulaq asmayıblarsa, media ilə dialoqa gedilməyibsə, əsksinə, medianın məhv edilməsi istiqamətində addımlar atılıbsa, bu fikirləri nə dərəcədə səmimi saymaq olar. Azərbaycanda bütün spektorlarda oxşar vəziyyət hökm sürür. QHT sektoru, siyasi partiyalar da hakimiyyətin təzyiqi ilə üzləşir. Ölkə üzrə bütün sefralarda inhisarçılıq, hakimiyyətin total nəzarəti hökm sürür. Belə bir vəziyyətdə insanların fikirləri necə bir ola bilər? Rüşvətxor, korrupsionerin məqsədi və istəyi ilə Azərbaycanın gələcəyini düşünən insanların məqsəd və istəyi necə üst-üstə düşə bilər? Axı bu cəfəngiyatdır. Ona görə mən hesab edirəm ki, bu cür açıqlama və qiymətləndirmə düzgün deyil. Son dəfə Azərbaycan vətəndaşı Azərbaycan müxalifətinin, azad fikirli ictimaiyyət xadimlərinin, media mənsublarının üzünü hansı telekanalda görüb, radioda eşidib. Budurmu dialoq və vəziyyətə birgə baxış?

- Dövlət başçısı ilə görüşdə ölkədəki söz və mətbuat azadlığını təhdid edən məsələlərə, jurnalistərin həbslərinə, qəzetlərin külli miqdarda cərimələnməsinə toxunulmadı...
- Bunun səbəbi odur ki, bu tədbir piar xarakteri daşıyırdı. Burada da əvvəlcədən müəyyən edilmiş ssenari var idi və həmin ssenariyə uyğun olaraq mətbuatın problemləri ilə bağlı yalnız çox cüzi məsələlərə toxunula bilərdi. Görüntü yaratmağa çalışılıb ki, dövlət başçısı ilə açıq söhbət olub. Əslində isə belə deyil. Iş ondadır ki, jurnalistlərin hazırkı durumu, onların həbsi, qəzetlərə qarşı məhkəmə cərimələri ciddi təzyiq formalarıdır. Bu təzyiq formaları Azərbaycanda mövcuddur. Həmin tədbirdə toplanan kontingent bu məsələləri gündəmə gətirə bilməzdi. Çünki onlar tamam başqa düşərgənin nümayəndələridir. Onların bu gün məqsədi mövcud olan hakimiyyəti tərifləmək, problemləri ört-basdır etmək və demək olar ki, medianın əsas funksiyası olan ictimai nəzarəti yerinə yetirməməkdir. Bu medialar bunu edir, onlar həqiqətə xidmət prinsipindən vaz keçirlər. Ona görə də həmin tədbirdə bu şəxslərdən nəsə gözləmək düzgün olmazdı. Bu onların sahəsi deyil. Ona görə bu məsələlər həmin tədbirdə səslənməmişdi və bunu da normal hal saymaq olar.

“Hakimiyyətin Avropa Birliyi ilə əməkdaşlıqdan qaçması üçün əsas yoxdur”

- Ukraynanın Avropa Birliyi ilə əməkdaşlığına son qoyan qərar qəbul etməsi ölkədə böyük narazılığa səbəb olub. Azərbaycan hakimiyyəti də uzun müddətdir ki, Avropa Birliyi ilə əməkdaşlıqda konkret mövqe sərgiləmir. Düzdür, Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq səviyyəsi Ukrayna səviyyəsində deyil. Amma Azərbaycan hakimiyyəti Yanukoviç kimi addım ata bilərmi?
- Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıqdan imtina edə bilməz. Çünki öncə Azərbaycanla Avropa Birliyinin əməkdaşlıq səviyyəsi Ukrayna ilə eyni deyil. Azərbaycanda Vilnüsdə viza rejiminə müəyyən dərəcədə aydınlıq gətirilməsi gözlənilir. Özü də bu daha çox məmurlara, dövlət xadimlərinə aiddir. Ikinci mühüm məsələ azad iqtisadi zonaya daxil olmaqla bağlıdır. Bu da hələ tam müəyyənləşməmiş məqamdır. Hələ gərək tərəflər bu istiqamətdə bəyanatlar, qarşılıqlı addımlar atsınlar. Yəni Azərbaycan hakimiyyətinin fəaliyyətini məhdudlaşdıran məqamlar Avropa Birliyi ilə əməkdaşlıqda gündəmdə deyil. Ona görə Azərbaycan hakimiyyəti üçün bu əməkdaşlıq heç bir problem kəsb etmir. Azad iqtisadi zonaya gəlincə, bu məsələ də əvvəl-axır həllini tapmalıdır. Ona görə bu gün Azərbaycan hakimiyyətinə Avropa Birliyi ilə əməkdaşlıqdan qaçmaq üçün heç bir zəmin yoxdur.

- Son zamanlar Azərbaycanın Iran və Rusiya ilə əməkdaşlığının korlanmasının səbəbləri də Avropa Birliyi ilə əlaqələndirilir... 
- Seçkidən əvvəl Azərbaycanın Avropa Birliyi, Rusiya, Iran və ABŞ-la münasibətləri yaxşı deyildi. Və bu münasibətləri normalaşdırmaq üçün hakimiyyətin emisarları ABŞ-a, Rusiyaya, Irana səfərlər edirdilər. Yəni hakimiyyət münasibətləri normalaşdırmaq üçün əlşindən gələni edir və müəyyən vədlər verirdi. Nəticədə hakimiyyət müəyyən dərəcədə münasibətlərin normalaşmasına nail oldu. Amma bir Amerika ekspertinin sözləri ilə desək, bu, “Pir qələbəsi” idi. Indi də biz hazırda bu mərkəzlərlə münasibətlərin yenidən təzyiq formatına qayıtmasını müşahidə edirik. Azərbaycanın danışıqlarda verdiyi vədləri yerinə yetirməməsi durumu qəlizləşdirib. Məsələn, Ramiz Mehdiyev Iranda bəyan etmişdi ki, Azərbaycan Cənubi Qafqazda ABŞ-a qarşı Iranın forpostudur. Asim Mollazadə isə ABŞ-da olarkən əksini bəyan etmişdi. Ona görə biz yenidən ABŞ, Iran, Rusiya və Avropa Birliyi ilə münasibətlərdə seçkidən əvvəlki duruma qayıdışı müşahidə edirik.

“Milli Şuranın ağırlığı AXCP və Müsavatın üzərindədir”

- Milli Şuranın rəhbərliyində müəyyən dəyişikliklərin edilməsi təklif olunur. Milli Şurada həmsədrlik institutunun yaradılmasıyla yanaşı təşkilatın sədri Rüstəm Ibrahimbəyovun tutduğu postdan getməsi təklif olunur. Səslənən fikirlərə münasibətiniz necədir?
- Rüstəm Ibrahimbəyov bildirib ki, Milli Şurada siyasi partiyalar üstünlük təşkil etməyə başlayıblar və bu üzdən duruma təsir edirlər. Rüstəm Ibrahimbəyov bunu düzgün saymadığını söyləyib. Amma mən qeyd etmək istəyirəm ki, seçkiöncəsi təşkilatın vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyasını iki partiya apardı. 21 min imzanı AXCP, 21 min imzanı isə Müsavat Partiyası yığdı. Qalan imzaları isə KXCP və VHP topladı. Digər təşkilatlar isə bu istiqamətdə, demək olar, heç bir iş görmədilər. Daha sonra Seçki Qərargahının mərkəzdə və bölgələrdəki işinin yükü də bu iki partiyanın üzərinə düşdü. Mitinqlərə baxanda da aksiyaların əsas təşkilatçılarının bu iki partiya olduğu görünür. Əgər bütün bu proses həmin o iki partiyanın üzərində aparılırsa, o zaman Milli Şuraya nə ehtiyac var? Məgər Milli Şura ona görə yaranıb ki, bütün prosesin ağırlığı bu iki təşkilatın üzərinə yüklənilsin? Ona görə bu məsələyə ciddi şəkildə baxılmalıdır. Bu iki partiyanın ölkənin siyasi həyatında rolu kifayət qədər böyükdür. Bu məsələlərə çox ciddi şəkildə baxılmalı və bu məqamlar nəzərə alınmalıdır.

- Milli Şuranın gələcək fəaliyyəti ilə bağlı planları necə dəyərləndirirsiniz? Belə fikirlər var ki, təşkilat artıq indidən parlament seçkilərinə hazırlıq prosesinə başlamalıdır...
- Milli Şuranın fəaliyyəti reallıqlara əsaslanacaqsa, prosesi davam etdirmək olar. Bu reallıqlarla hesablaşmaq lazımdır. Mən hələ demirəm ki, bəzi partiya liderləri bir vaxtlar Milli Şurada destruktiv rol oynadılar. Bəzi partiya liderləri demokratik qüvvələrin seçkiyə qatılmasının qarşısını almaq istədilər. Yalnız Əli Kərimli və Isa Qəmbərin səyləri ilə Milli Şura seçkilərə qatıldı. Bu prosesə də nəzər yetirilməlidir. Ona görə bu və başqa məqamların qiymətləndirilməsi lazımdır və qərar verilməlidir. Bu qərarı partiya liderləri verməlidirlər. Onların qərarları əsasdır. Əgər belə bir qərar verilsə, mən onunla razılaşaram.

- Ölkədə növbəti qiymət artımı ilə bağlı mətbuatda müxtəlif anonslar verilir. Gələn ilin əvvəlindən qiymət artımı artıq reallığa çevrilə bilər. Belə olan halda ölkədəki qiymət artımına reaksiya necə ola bilər?
- Gələcək qiymət artımı benzinin qiymətinin artırılması ilə əsaslandırılır. Amma deyəsən, Azərbaycan nəinki “avro-3"ü heç ”avro-2"ni normal buraxa bilmir. Azərbaycanın qeyri-neft sektoru zəif inkişaf edib və büdcəni doldura bilmir. Neft istehsalı ölkədə zəifləyib. Neftdən gələn gəlirlərin aşağı düşməsi gözlənilir. Ona görə əhalinin bu cür güzəranla üzləşdiyi bir zamanda yanacağın, kommunal xərclərin artırılması əhalinin cibinə girilməsidir. Azərbaycan əhalisinə kubmetri 100 manatdan satılan səmt qazından xarici şirkətlər imtina edib. Təkcə Azəri-Çıraq-Günəşli yatağından 88 milyard kub metr qaz götürülüb. Xarici şirkətlər bu səmt qazından imtina edib onu Azərbaycan dövlətinə bağışlayıblar. Nəyə görə Azərbaycan hakimiyyəti ona pulsuz başa gələn bu səmt qazını xalqa yüz manata satır? Axı bu qazı Azərbaycan xalqının rifahı üçün veriblər. Nəyə görə o, Azərbaycan xalqına pul ilə satılır? Bu çox ciddi problemlərdir. Bu onu göstərir ki, Azərbaycanda normal iqtisadiyyat yoxdur. Normal rəqabətli mühit olsaydı Azərbaycan hakimiyyətinin bu cür addımları real olmazdı.

Xəyal

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413