Moskvanın Çertanovsk Rayon Məhkəməsi əsasən azərbaycanlıların nəzarətində olan “Pokrovka” topdansatış meyvə-tərəvəz bazasını 90 gün müddətində bağlamaq barədə qərar çıxarıb.
Məhkəmə bu qərarı Rusiya Dövlət Sanitar Nəzarətinin iddiası əsasında çıxarıb.
Məhkəmənin qərarı ilə həmçinin bazarı idarə edən “Novıe Çeremuşki” şirkətinin də fəaliyyəti dayandırılır.
Rusiya Dövlət Sanitar Nəzarətinin rəhbəri Gennadi Onişşenko məhkəmədə bildirib ki, bazarda sanitar-epidemioloji normalar kəskin şəkildə pozulur: “Orada gəmiricilər, təhlükəli yoluxucu xəstəliklər yayan sıçanlar, siçovullar baş alıb gedir”.
Moskva meri Yuri Sobyanin isə bildirib ki, o, “Pokrovka”nın nə vaxtsa yenidən açılacağına şübhə edir.
Qeyd edək ki, “Pokrovka” Avropada ən iri topdansatış tərəvəz bazasıdır, ərazisi minlərlə hektardır. Bazanın formal sahibi dağıstanlı Maqomed Talboyev olsa da ona azərbaycanlılar - “Şəmkir qruplaşması” və ləzgilər nəzarət edir.