Ekspertlər hesab edirlər ki, bu olayların arxasında dünyanın enerji resursları qaynaqlarına nəzarəti ələ keçirtmək niyyətləri dayanırdı
2001-ci ildə bütün dünyanı sarsıtmış dəhşətli 11 sentyabr terror aktının törədilməsinin növbəti ildönümüdür. Bu olaya münasibət hələ də birmənalı xarakter daşımır. Bəzi müşahidəçilər hesab edirlər ki, 11 sentyabr terror aksiyası bir sıra xüsusi xidmət servislərinin planlaşdıraraq reallaşdırdığı hadisə idi. Və əsas məqsəd bütün dünyanı qorxu altında saxlayaraq, planetin siyasi mənzərəsini yenidən “dizayn etməyə” hədəflənmişdi.
Ancaq bu mülahizəyə qarşı çıxanlar isə düşünürlər ki, 11 sentyabr olayları beynəlxalq terrorizmin bəşəriyyətə açıq hücumu idi. Ona görə də bütün dünya dövlətləri beynəlxalq terrorizmlə mübarizə üçün öz səylərini vahid mərkəzdə birləşdirməlidir. Ən maraqlı məqamsa ondan ibarətdir ki, 11 sentyabr terror aksiyası demokratiyanın dünyada yayılması prosesi qarşısında ən ciddi əngəllərdən biri hesab olunur.
Politoloq Natiq Miri də hesab edir ki, 11 sentyabr terror olayları beynəlxalq demokratiya hərəkatına sarsıdıcı zərbə vurub: “Çünki bu olayları törədənlərin əsas məqsədi demokratiyanın yayılması prosesinə yol açmaq deyildi. Əsas hədəf dünyanı yenidən şəkilləndirmək, Yaxın Şərqın enerji resursları qaynaqlarına nəzarəti ələ keçirmək idi. Eyni zamanda dünyanın enerji resurslarına nəzarət uğrunda mübarizədə Rusiya və Çini sıxışdırmaq məqsədi güdürdülər. Yəni 11 sentyabrdan sonra demokratiya anlayışına sarsıdıcı zərbələr vurdular. Bu proses elə indiyə qədər də davam etdirilir. Yaxın Şərq regionunda baş verənlərin, ”ərəb baharı"nın demokratiya ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Yaxın Şərqdə despotları əvəzləmiş və xalqın seçdiyi qanuni prezident hərbçilər tərəfindən devrilir. Ancaq ABŞ başda olmaqla, dünyanın demokratik dövlətləri bu olaya münasibətdə susurlar".
Natiq Mirinin fikrincə, bütün bu proseslər demokratik proseslərin inkişafına deyil, əksinə, onun əngəllənməsinə rəvac verir: “Bu proseslər bütün dünyada, eləcə də Azərbaycan kimi ölkələrdə demokratik proseslərə mənfi təsir göstərir. Çünki Azərbaycan iqtidarı da bu proseslərdən ruhlanaraq öz hakimiyyətlərinin ömrünü uzatmaq üçün qeyri-qanuni addımlar atmaqdan çəkinmir. ABŞ və digər Qərb dövlətləri isə ənənəvi bəyanatlardan uzağa gedə bilmirlər”.
AXCP sədrinin müavini Razi Nurullayev də dedi ki, 11 sentyabr terror olayları dünyada demokratiyanın yayılması prosesinə ciddi zərbələr vurub: “Bu terror aksiyasından sonra ABŞ və Qərb dövlətləri öz demokratik prinsirlərindən imtina etməli oldular. Çünki həmin ölkələr özlərinin təhlükəsizlik maraqlarını ön plana keçirdilər. Və qeyri-demokratik dövlətlərin onların yanında yer almasına üstünlük verdilər. Məsələn, Azərbaycanın Əfqanıstana hərbi kontingent göndərməsinin qarşılığında demokratiyanın və insan haqlarının tapdanmasına göz yumdular. Yəni 11 sentyabr olayları bütün dünyada demokratik proseslərin inkişafını ən azı 10 il geriyə saldı”.
Ancaq Razi Nurullayev hesab edir ki, dünya artıq yenidən dəyişməyə başlayıb: “İndi insanların demokratiyanın inkişafına yanaşma tərzi dəyişib. Artıq hər kəs anlayır ki, demokratiya hər bir ölkənin öz içindən başlamalıdır. Və heç bir dövlət hər hansı xalqın əvəzinə hər hansı ölkəyə demokratiya gətirməyəcək. Deməli, hər bir xalq demokratiyaya çatmaq üçün özü mübarizə aparıb, buna nail olmalıdır”.