200 milyardlıq saziş Bakıya baha başa gələ bilər

Məlum olduğu kimi, “Şahdəniz” konsorsiumu “Shell”, “Bulgar gas”, “DEPA”, “Gas Natural Fenosa”, “EON”, “Gaz de France”, “Hera”, “Enel” və “Axpo” qaz satışı ilə bağlı müqavilə imzalayıb.
“Şahdəniz” qazı uğrunda rəqabətin birinci mərhələsini Avropa udsa da, Rusiyanın bunu cavabsız qoyması inandırıcı görünmür; hökumət seçkiyə 20 gün qalmış qaz müqaviləsinə imza atmaqla Qərbin dəstəyini əldə etmək, insan haqlarının pozulması ilə bağlı sərt bəyanatları yumşaltmaq istəyir
Məlum olduğu kimi, “Şahdəniz” konsorsiumu “Shell”, “Bulgar gas”, “DEPA”, “Gas Natural Fenosa”, “EON”, “Gaz de France”, “Hera”, “Enel” və “Axpo” qaz satışı ilə bağlı müqavilə imzalayıb. Müqavilə şərtlərinə uyğun olaraq 2019-cu ildən başlayaraq 10 milyard kubmetr qaz Avropa ölkələrinə daşınacaq. Sazişin müddəti 25 ildir, yəni 2044-cü ildə başa çatır. Amma yatağın işlənməsi üzrə saziş müddəti 2036-cı ildə bitir.
“Şahdəniz” yatağı üzrə sazişin müddəti yenidən artırıla bilərmi? Bu məsələni “Turan”a şərh edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, ötən il Azərbaycan tərəfi layihənin xarici iştirakçıları ilə onun müddətinin 5 il – 2036-cı ilədək uzadılması barədə razılığa gəlib: “Əgər sazişin müddəti bir də uzadılsa, bu, 2036-cı ildən sonra olacaq. Bu, baş verməsə, ARDNŞ öhdəlikləri öz üzərinə götürəcək”.
“Şahdəniz” yatağının işlənməsi üzrə saziş 4 iyun 1996-cı ildə - ilk qaz hasilatından sonra 25 illiyə imzalanıb. Yataqdan ilk qaz 2006-cı ildə çıxarılıb. Layihənin iştirakçıları aşağıdakı şirkətlərdir: bp (25,5 faiz), Statoil (25,5 faiz), ARDNŞ (10 faiz), LUKoil (10 faiz), NICO (10 faiz), Total (10 faiz) və ТРАО (9 faiz).
ARDNŞ prezidenti Rövnəq Abdullayev sazişin imzalanma mərasimində bildirib ki, “Şahdəniz 2”-dən qaz satışı üzrə ümumi gəlirlər 200 milyard dollar olacaq. Buraya Azərbaycan, ARDNŞ və xarici şirkətlərin 25 ildəki gəlirləri daxildir. “Şahdəniz 2” layihəsi çərçivəsində 400 milyard kubmetr qaz ixracı planlaşdırılır: 250 milyard kubmetr qaz Avropaya, 150 milyard kubmetr qaz Türkiyəyə daşınacaq.
R.Abdullayev bildirib ki, qazın Avropaya tədarükü üzrə danışıqlar 5 il davam edib. Bu, “Şahdəniz” yatağı ilə bağlıdır, amma Azərbaycanın başqa yerlərində də qaz ehtiyatları var. O cümlədən “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarında, “Abşeron” yatağında, “Şəfəq-Asiman” perspektiv strukturdakı qaz yeni bazarlara çıxmaq imkanı verəcək.
ARDNŞ-nin proqnozuna əsaslansaq, “Şahdəniz 2” layihəsi üzrə qazın orta ixrac qiyməti 1000 kubmetr üçün 500 dollar götürülüb. Hazırda Azərbaycan qazı Türkiyəyə 26-30 faiz ucuz satılır.
Beləliklə, Rusiyanın ciddi cəhdlərinə baxmayaraq “Şahdəniz” qazından kənarda qaldı. Rusiya Azərbaycan qazından nəinki pay almaq istəyirdi, hətta hasil edilən qazın tam həcmdə ona satılmasını istəyirdi. Buna rəğmən “Şahdəniz” qazı tam şəkildə Avropa və Türkiyəyə satıldı. Böyük ehtimalla yaxın gələcəkdə Moskvanın Bakıya təzyiqləri artacaq. Çünki imzalan saziş Avropanı Rusiyanın qaz asılılığını az da olsa aradan qaldırır. Avropanı enerji təhlükəsizliyi ilə bağlı təhdid edən Rusiyanın Bakının bu addımını cavabsız qoyması inandırıcı deyil.
Düzdür, Azərbaycanın başqa qaz yataqları da var və bu yataqlardan çıxarılan qazı Rusiyaya satmaqla Bakı balans yarada bilər. Ancaq məsələ bundadır ki, Rusiya ilk növbədə “Şahdəniz”-dən hasil ediləcək qazı almağa iddialı idi. Bakı isə onun bu iddialarını rədd etdi.
Qaz satışı ilə bağlı müqavilənin məhz indi imzalanmasının siyasi tərəfləri də var. Hökumət prezident seçkisinə 20 gün qalmış bu müqavilələrə imza atmaqla Qərbin dəstəyini əldə etmək, insan haqlarının pozulması ilə bağlı Avropa təsisatlarının sərt bəyanatlarını yumşaltmaq istəyir. Qərbin enerji təhlükəsizliyinin insan haqlarından daha öndə olmasını nəzərə alan Bakı bu yolla seçkinin nəticələrini Avropaya həzm etdirmək üçün zəmin hazırlayır.
Beləliklə, “Şahdəniz” qazı uğrunda rəqabətin birinci mərhələsini Avropa uddu. Ancaq prosesin yekunlaşmasını söyləmək olmaz. İstənilən halda Rusiya Azərbaycan qazından pay almaq üçün Bakıya təzyiqlərini daha da gücləndirəcək. Çünki Qərbin Azərbaycanda enerji maraqları olduğu kimi, Rusiyanın da eyni maraqları var. Saziş imzalanandan dərhal sonra Rusiyanın baş naziri Dmitri Medvedev Moskvanın enerji maraqlarını qabardıb:
“Rusiya və Azərbaycan enerji sahəsində iki böyük oyunçu kimi razılaşdırılmış mövqe işləyib hazırlamalıdır. Rusiya rəqabəti də nəzərə alaraq bunu üçün lazımi addımları atacaq”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev Asiya və Sakit okean ölkələri informasiya agentlikləri Baş Assambleyasının iştirakçıları ilə görüşündə deyib. O bildirib ki, Rusiya ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var: “Biz tərəfdaşıq, əməkdaşlığı bütün sahələr üzrə inkişaf etdiririk. Əlbəttə, enerji sahəsi də daxil olmaqla, ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri var, lakin təkcə bu deyil”.
D.Medvedev qeyd edib ki, Azərbaycan da Rusiya kimi enerji sahəsində böyük oyunçudur: “Mənə elə gəlir ki, biz bir sıra məsələlər üzrə razılaşdırılmış mövqe ortaya qoymalıyıq. Biz əlbəttə, hansısa məqamlar üzrə rəqib olacağıq, çünki beynəlxalq rəqabət ümumən normal haldır. Lakin aramızdakı xüsusi münasibətləri və mehriban əlaqələri, bir sıra iqtisadi vəzifələr üzrə razılaşdırılmış siyasət yürütməyin zəruriliyini nəzərə almaqla, mən hesab edirəm ki, biz razılığa gələ bilərik. Hər halda, Rusiya hökuməti bunun üçün bizdən asılı nə varsa edəcək, ümid edirəm ki, bizim azərbaycanlı tərəfdaşlarımız da bu mövqedən çıxış edəcək”.
Göründüyü kimi, Rusiya Azərbaycandan enerji siyasətini razılaşdırmağı tələb edir, Bakı isə bu sazişi imzalamaqla bundan imtina etdiyini nümayiş etdirir. Ona görə də qaz savaşının nə ilə bitəcəyini söyləmək çətindir.