Riçard Morninqstar bildirib ki, layihəydə İranın NİCO şirkəti 10 faizlik iştirak payına malik olduğuna görə sankisiya tətbiq edilə bilər
«Şahdəniz» layihəsinə İran şirkətinə görə sankisiya tətbiq edilə bilər. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın «Bizim Yol»a verdiyi məlumata görə, Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» yatağı ABŞ-in sanksiyaları ilə üzləşə bilər: «Belə bir sensasion bəyanatla bu gün (dünən- red. V.R) «Azərbaycanda enerji və dəniz hüququ: Milli və beynəlxalq perspektivlər» mövzusunda keçirilən konfransda ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Riçard Morninqstar çıxış edib.
Amerikalı diplomatı bildirib ki, «Şahdəniz» layihəsinə ona görə sankisiya tətbiq edilə bilər ki, onun işlədilməsində İranın NİCO şirkəti 10 faizlik iştirak payına malikdir. Bununla adıçəkilən yataqdan çıxarılan qaz qismən iranlılara da məxsusdur. ABŞ-a görə, iranlılarla neft-qaz sahəsində əməkdaşlıq edən şirkətləri sanksiyalar gözləyə bilər».
İ.Şaban əlavə etdi ki, ABŞ-da bu məsələyə münasibət birmənalı deyil: «Tədbirdə diplomat bildirib ki, ABŞ Konqresi problemə baxarkən heç də İranın iştirakı məsələsini özü üçün əldə əsas tutmayıb. Səfirin izahatın görə, konqres kompromis çıxış yolunun təmin olunmasını məqsədəuyğun sayır». Qeyd edək ki, «Şahdəniz» layihəsi üzrə müqavilə 4 iyun1996-cı ildə imzalanıb. Layihənin operatoru BP şirkətidir. Layihədə Amerika şirkətləri iştirak etmir.
Səfir Xəzərin hüquqi statusu problemi ilə bağlı da mövqeyini açıqlayıb: “Bu məsələ müəyyənləşərkən əvvəlcə Xəzərin dəniz və ya göl olması dəqiqləşdirilməlidir. Bundan çıxış edərək məsələyə hansı qanunların şamil edilməsi bəlli olacaq. Əslində Xəzərin açıq dənizə, yəni okeana çıxışı yoxdur. Belə olan təqdirdə Xəzər göl kimi nəzərə alınmalıdır”. (apa)
Səfir bildirib ki, Xəzər göldürsə, o zaman kondominium yanaşması (bir ərazi üzərində bir neçə dövlətin suverenlik hüququ) tətbiq edilə bilər: “Kondominium deyəndə biz birgə idarəçiliyi nəzərdə tuturuq. Ruslar və iranlılar əslində Xəzərin birgə idarəçiliyi təşəbbüsü ilə çıxış edirlər. Onlar deyirlər ki, Xəzər dənizi hamımızındır və Xəzərin sahilində yerləşən ölkələr dənizin dibindən hər hansı boru kəmərlərinin çəkilməsi təşəbbüsündən çəkinməlidirlər. Azərbaycan və Türkmənistan isə fərqli mövqedən çıxış edirlər və dənizdə müvafiq istismar işləri aparırlar. Azərbaycan və Türkmənistan öz sularında boru kəmərlərinin çəkilməsi hüququna malikdir. Ümumən biz bununla razıyıq. Onda baxışlarımızı dəqiqləşdirək. Azərbaycanla Türkmənistan arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi necə olmalıdır? 1990-cı illərdə mən ABŞ adından bu kimi sərhədlərin müəyyənləşdirilməsi üçün vasitəçi vəzifəsinə təyin edilmişdim. İndiyə qədər Türkmənistanla Azərbaycan arasında dəniz sərhədləri müəyyən edilməyib. Çox zaman insanlar orta xəttin müəyyən edilməsindən danışırlar. Amma bu zaman Abşeron yarımadasını nəzərə almalıyıq. Yarımada Xəzərə doğru irəli gedib. Sanki dənizi yarır. O zaman Azərbaycana məhz Abşeron yarımadasına görə dənizin daha böyük hissəsi düşəcək. Bu zaman Azərbaycana düşən faiz müəyyənləşməlidir. Türkmənistan isə buna etiraz edir. Əslində isə Türkmənistan başqa məsələdən danışır. Onlar deyirlər ki, bizdə sahil qayalıqdır və buradan başlayaraq, sahil ölçülməlidir. Bu da artıq başqa məsələləri gündəmə çıxarır. Biz burada “Kəpəz”dən - “Sərdar”dan danışırıq. Bu neft yatağının istismar edilməsi məsələsi bir narahatlıq mənbəyidir. Çünki azərbaycanlılar bu yatağa “Kəpəz”, türkmənlər isə “Sərdar” deyir. Türkmənlər orta xəttə öz maraqları kontekstindən yanaşırlar. Onların fikrincə, “Azəri-Çıraq” neft yataqları da Türkmənistan sektoruna düşür. Azərbaycan isə yerində olaraq bu məsələyə məhəl qoymur və artıq bu yataqlar istismardadır”.
Səfir qeyd edib ki, Azərbaycanla Türkmənistan Xəzərdə sərhədlərini müəyyənləşdirməlidir:“ABŞ-ın mövqeyinə görə, iki ölkə arasında razılıq əldə olunarsa, boru kəmərlərinin çəkilməsinə heç bir maneə olmayacaq. Burada bir kompromis olmalıdır. Bu məsələnin arbitraj məhkəməsində müzakirə edilməsinə dair təkliflər oldu. Amma bu, heç kimi razı salmadı. O zaman hər iki tərəf öz arasında razılığa gəlməlidir. Biz ölkələri danışıqlardan çəkinməməyə və bu məsələni dərindən müzakirə etməyə çağırmalıyıq”.
|