Abşeron polisindən cinayət "razborka"sı-

18/06/2013 21:48
Abşeron polisindən cinayət "razborka"sı- Yenilənib
 
Tarix: 18.06.2013 | Saat: 15:09:00 | Çapa göndər | Hadisə |
 
Xəbər 5157 -dəfə oxunub

DİN-dən AÇIQLAMA GƏLDİ 


Xəbər verdiyimiz kimi, Abşeron Polis Şöbəsinin əməkdaşları özünəməxsus üsula əl ataraq, axtarışda olan şəxsin əvəzinə onun qardaşını həbs edib. Belə ki, polis şöbəsinin işçiləri oğurluq etməkdə günahlandırılan Qüdrət Bayramovu istintaqa cəlb etmək üçün onun qardaşı Habil Bayramovu saxlayıb. 

Bu barədə AzNews.az-a Habil Bayramovun anası Rəbiyyə xanım məlumat vermişdi. 

Ananın sözlərinə görə, polis əməkdaşları Q.Bayramovu yaxalamaq üçün onun qardaşı Habili “girov” götürüb. R.Bayramova bildirib ki, 5 gündür Abşeron RPŞ-də saxlanan Habil Bayramova işgəncə verilib. 

Polisdən Habilin yaxınlarına Qüdrət Bayramovun könüllü olaraq RPŞ-yə gəlməsi, əks halda Habilin buraxılmayacağı bildirilib. Ananın sözlərinə görə, dünən RPŞ-nin Vüqar və Cavanşir adlı şəxslər onların yaşadığı evə gəlib: “Daha əvvəl də sahə müvəkkili və istintaqı aparan müstəntiq gəlmişdi. Nəriman adlı polis öz mobil nömrəsini də verdi. Dedi ki, Qüdrət gəlməsə, bir bəhanə ilə Habili həbs edəcəyik”.


Polisə qarşı səslənən ittihamlarla bağlı Abşeron Polis Şöbəsinin qeyd olunan işə baxan Muxtar (Soyadını deməkdən imtina etdi- red. ) adlı müstəntiqi ilə əlaqə saxladıq. O, AzNews.az-a açıqlamasında bildirdi ki, Qüdrət Bayramovun ittiham olunduğu oğurluq faktı üzrə işi araşdırır, ancaq onun qardaşı Habil Bayramov barədə onda heç bir məlumat yoxdur. 

Abşeron RPŞ-nin rəisi Namiq İsmayılov ittihamlarla bağlı AzNews.az-a Habil Bayramovun inzibati xəta törətdiyini və bu səbəbdən Abşeron rayon məhkəməsinin qərarı ilə həbs olunduğunu dedi: “H.Bayramov inzibati xəta törədib. Məhkəmə Prosesində onun vəkili də iştirak edib. Bu iş RPŞ-nin qeydiyyat kitabında da var”. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Ehsan Zahidov Abşeron polisi ilə bağlı səsləndirilən ittihamla bağlı AzNews.az-a bildirib ki, H.Bayramov Sulutəpə qəsəbəsi ərazisində “Vaqif Market”in qarşısında söyüş söydüyərək, ictimai asayişi pozduğuna görə, RPŞ əməkdaşları tərəfindən saxlanılıb. O, Abşeron Məhkəməsinin qərarı ilə 7 sutka həbs cəzası alıb: "Yəni Habil Bayramovun həbsinin onun qardaşı ilə heç bir əlaqəsi yoxdur". Ehsan Zahidov axtarışa verilən Qüdrət Bayramov hansı cinayətdə suçlu bilinməsindən də danışıb. Onunn sözlərinə görə, Q. Bayramov çoxlu sayda mal-qara oğurluğunda günahkar bilinir. 

H. Bayramovun ailəsindən isə AZNEWS.AZ-a deyiblər ki, polis onlara şər atır: “Əvvəla Habil heç bir xəta törətməyib. İkinci onun 7 sutka həbs olunmasını bu gün müstəntiq Nəriman gəlib xəbər verdi və açıq şəkildə bildirdi ki, əgər Qüdrət gəlib təslim olmasa, həbs müddəti artırılacaq. Bu da sübut edir ki, Habil qardaşına görə həbs edilib”. Zərərşəkənin anası Rəbiyyə xanım da hesab edir ki, Habilin həbs müddəti uzadılacaq: “Ailəni Habil dolandırır. Onun qazancı olmadan biz necə keçinəcəyik? Üstəlik, Habili nə qədər saxlayacaqlarını da demirlər. Hələlik 7 gün həbs ediblər. Sonra hansı bəhanə ilə həbsi uzadılacaq? Bəs, bu ailə necə dolanacaq?”

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413