AMERİKA DİPLOMATINDAN ŞOK MƏLUMATLAR

29/05/2013 09:46

AMERİKA DİPLOMATINDAN ŞOK MƏLUMATLAR
28.5.2013
AMERİKA DİPLOMATINDAN ŞOK MƏLUMATLAR

“Rusiya Azərbaycanda hakimiyyət çevrilişinə gedir”
 
Dövlət Departamentinin əməkdaşı Vaşinqtondakı qapalı görüşdə deyib ki, Moskva Bakıya çox qəzəblidir; hakimiyyət dəyişikliyini hazırlamaq üçün Türkiyə və Gürcüstanda dalbadal toplantılar keçirilir; “Rusiya Azərbaycanı ələ alsa, onları oradan çıxarmaq üçün ABŞ-a daha 100 il lazım ola bilər...”
 
Rusiyanın Azərbaycanda bu ilin payızında hakimiyyət dəyişikliyinə hazırlaşdığı barədə son zamanlar müxtəlif qaynaqlardan yayılan xəbərlərə yeni şok məlumatlar əlavə olunub. ABŞ Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşı Vaşinqtonda səfərdə olan və “Yeni Müsavat”a yaxın qaynaqla qapalı görüş zamanı bildirib ki, Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyinə hazırlaşdığı barədə Birləşmiş Ştatların əlində real faktlar var.


Mənbəmiz görüş zamanı Dövlət Departamentinin əməkdaşına belə sualla müraciət edib: “ABŞ Azərbaycanda insan haqlarının pozulmasına göz yummaqla öz nüfuzuna ciddi zərbə vurub. Nəticədə Azərbaycanda ABŞ-a rəğbət kəskin azalıb, Rusiya da bundan istifadə edir və öz mövqelərini gücləndirir. Bunlar sizi narahat edirmi?”

Mənbənin verdiyi məlumata görə, amerikalı diplomat suala cavabında etiraf edib ki, Birləşmiş Ştatların Azərbaycandakı mövqeləri və nüfuzu zəifləyib. Diplomat deyib ki, ABŞ son zamanlar Azərbaycanda baş verənlərə loyal yanaşıb, məsələləri demokratik üsullarla həll etməyə çalışıb, Amerika institutlarına edilən təzyiqlərə göz yumub. Xüsusən də Azad Fikir Universitetinin bağlanmasına mane ola bilməyib və onun fəaliyyətinin bərpasına gücü çatmayıb. “Bütün bunlar bizim mövqelərimizi zəiflədib. Lakin biz Rusiya deyilik. Məsələləri beynəlxalq konvensiyalara dayanaraq demokratiya yolu ilə həll etməyə çalışırıq. Ancaq son zamanlar görürük ki, bu addımlarımız bizi hörmətdən salır. ABŞ-ın belə yumşaq davranmasının yeganə səbəbi Azərbaycanı Rusiyaya verməməkdir. Gürcüstan bizim üçün önəmlidir. Amma Azərbaycan daha çox önəmlidir. Bu il kifayət qədər riskli ildir. Rusiya Azərbaycanda hakimiyyət dəyişikliyinə gedəcək, bizdə bunu təsdiqləyən real faktlar var”, - deyə diplomat bildirib.


 
Dövlət Departamentinin əməkdaşı onu da deyib ki, Azərbaycanda hakimiyyət məsələsini müzakirə etmək üçün Türkiyə və Gürcüstanda tez-tez toplantılar keçirilir. Mənbənin sözlərinə görə, Rusiya Azərbaycana çox qəzəblidir və onu nəzarət altına almaq üçün istənilən yola əl atmağa hazırdır: “Bakı-Tiflis-Qars dəmir yolunun ləngiməsinin əsas səbəblərindən biri də Rusiyadır. Rusiya bu ilə çox önəm verir. Rusiyada avtoritar rejim mövcuddur, o, bütün yollara əl atacaq ki, hakimiyyəti ələ alsın. Azərbaycanda narazı xalq kütləsi mövcuddur və Rusiya bundan çox yaxşı istifadə edəcək. Rusiya üçün Ermənistan və Gürcüstan o qədər də önəm daşımır, əsas Azərbaycandır. Reallaşmağa doğru gedən ”Nabucco", Bakı-Tiflis-Qars dəmir yol xətti və ABŞ qüvvələrinin Azərbaycanda yerləşdirilməsinin mümkünlüyü Rusiyanı qəzəbləndirir. Çünki bunlar baş verərsə Azərbaycan Rusiyanın nəzarətindən tam çıxacaq. Ona görə də Rusiya istənilən yola əl atmağa hazırdır", - deyə Vaşinqtondakı diplomat bildirib.
 
Diplomat onu da deyib ki, ABŞ Azərbaycanı müdafiə edir, çünki onun Rusiyanın nəzarətinə keçməsini istəmir. Ona görə də insan haqları ilə bağlı problemlərə göz yummalı olur. “Rusiya sizi öz nəzarəti altına alsa, ABŞ-a daha 100 il lazım ola bilər ki, onları oradan çıxarsın. Biz demokratiyanı müdafiə etmiş kimi görünsək də balansı qorumaq məcburiyyətindəyik. İlham Əliyevin demokrat olmadığını bilirik, amma Rusiyanın onun yerinə gələcək adamı daha betər olacaq. Ona görə də biz Əliyevi müdafiə etməyə məcburuq”, deyə mənbə bildirib.


Qeyd edək ki, ötən həftə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da təxminən eyni arqumentlər gətirərək Azərbaycan hakimiyyətinin güclü xarici təzyiqlər altında olduğu barədə danışmışdı. O demişdi ki, Azərbaycan Xəzərin enerji resurslarını “başqa yolla” bazarlara çıxardığı, müstəqil siyasət yürütdüyü üçün təzyiqlərə məruz qalır. Ə.Həsənov ad çəkməsə də söhbətin Rusiyadan getdiyi aydın idi, lakin o, ABŞ-ın təzyiqlərindən də şikayətlənmişdi. 
 
Göründüyü kimi, məsələ kifayət qədər ciddidir. Rusiyanın Azərbaycan hakimiyyətindən ciddi narazı olduğu, onu dəyişməyə hazırlaşdığı və bunun üçün istənilən yola əl atmağa hazır olduğu artıq Qərbə də məlumdur. Eyni zamanda hakimiyyətin ən azından bir hissəsinin Rusiyanın təzyiqlərinə qarşı ABŞ-dan dəstək dilədiyi də bəllidir. Bu yaxınlarda deputat Səməd Seyidov ABŞ-ı ştat-ştat gəzərək Azərbaycanın “sendviç kimi” iki tərəfdən sıxıldığını demişdi və Vaşinqtondan dəstək xahiş etmişdi. Daha sonra Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Vaşinqtonda Qərbdən hakimiyyətə dəstək istədi. Lakin olduqca ilginc idi ki, hər iki dəstək xahişləri ilə eyni vaxtda Bakıdan hakimiyyət dairələrinin güclü anti-Qərb hücumları baş verirdi. Ona görə də heç kim baş açmırdı ki, bu nə siyasətdir-hakimiyyət bir tərəfdən Qərbdən Rusiyaya qarşı dəstək istəyirsə nədən eyni vaxtda Qərbə qarşı çıxır.

 
Hakimiyyətdə ABŞ-la Rusiya arasında manevrlər etmək taktikasından uzun müddətdir istifadə edirlər. Lakin bu dəfə iş manevr etməkdən çıxıb və belə görünür ki, Rusiya hakimiyyəti dəyişmək üçün qəti qərarını verib. Belə olan halda ABŞ-ın Azərbaycanın Rusiyanın nəzarətinə keçməsinin qarşısını almaq və bu məqsədlə indiki hakimiyyəti qorumaq şansları nə dərəcədə ciddi ola bilər?
 
2008-ci ilin avqustunda regionda baş verənlər göstərdi ki, ABŞ-ın dəstəyi Rusiyadan qorunmağa təminat vermir. O zaman ABŞ-da Corc Buş başda olmaqla, respublikaçıların “qırğılardan” ibarət hakimiyyət komandası belə Rusiya tanklarının Tiflisin 30 kilometrliyinə qədər irəliləməsinin qarşısını ala bilmədi. ABŞ Qafqazda Rusiya ilə hərbi qarşıdurmaya girmək niyyətində deyil, xüsusən də Barak Obamanın Rusiyaya münasibətdə ehtiyatlı kurs seçdiyi nəzərə alınarsa. Ona görə də məsələ ABŞ diplomatının dediyi kimidirsə, hakimiyyətə ancaq günlərini saymaq qalardı...

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413