Biz dünyada bu cür təhqir olunmamışdıq

19/02/2014 13:13

Biz dünyada bu cür təhqir olunmamışdıq

 

Font Ölçüsü
 

Son dövrlər yazdıqlarım yazılar, verdiyim müsahibələrlə bağlı əvvəllər olmadığı sayda çoxlu zənglər və təşəkkürlər alıram. Ancaq mənim ictimai proseslərə mövqeyim dəyişməyib. Əvvəllər də gördüyüm, bildiyim qanunsuzluqları, haqsızlıqları çəkinmədən ictimailəşdirmişəm. Yəqin ki, 2000-ci illərdən başlayaraq ANS telekanalının canlı efirindən “Nəzər nöqtəsi”, Güzgü” verilişlərindən o dövrlər ən “xod gedən" nazirlər barədə söylədiyim kəskin tənqidi fikirlər çoxlarının yadındadır. Vəzifədən kənarlaşdırılanları demirəm, tərəfimdən tənqid olunan, bu gün də vəzifədə olan Ziya Məmmədov, Nazim İbrahimov, Elman Rüstəmov artıq mənsiz KİV-lərin baş qəhrəmanlarıdır. Elman Rüstəmovla bağlı mətbuatda yazılanlar həddindən artıq ciddi olduğundan bu məsələyə və mətbuatda gedən faktları araşdırmalı olan orqanlar barədə münasibət bildirməmək mümkün deyil. Bizlərdən oğurladıqlarını gözümüzə soxan məmurlardan fərqli olaraq Elman Rüstəmov və onun ətrafı bahalı maşınlarını, gəmilərini, saatlarını, dəbdəbəli həyat tərzlərini sosial şəbəkələrdə nümayiş etdirmirlər. Ancaq onun adı ətrafında Avstriya məhkəməsində baş verənlər artıq tək özünü və qohum əqrabasını yox bütün Azərbaycan xalqını dünyada biabır edir. Bunu göstərmək üçün sadəcə Avstriya məhkəməsində prokurorun dediklərini təkrarlamaq kifayətdir. Prokuror çıxışında deyir: ”Azərbaycanlılar hərisliklə gözləyirdilər ki, müqavilənin nominal dəyərindən 20 faiz onlara geri ödənilsin”, ”Suriyalılar azərbaycanlılara baxanda daha təvazökar olublar. Onlar müqavilənin nominal dəyərinin cəmi 14 faizini geri tələb ediblər"... Zənnimcə bu günə qədər biz dünyada bu cür təhqir olunmamışdıq.

Bəs hər gün ölkədə korrupsiya ilə qəti mübarizə gedir deyən Azərbaycan Respublikası Baş prokuroru Zakir Qaralov bütün dünyaya bəlli olan bu korrupsiya faktını görmürmü? Əgər görürsə niyə susur? Axı bu faktı araşdırmaq onun birbaşa vəzifə borcudur. Təxmin edirəm ki, mənə düşmən gözü ilə baxdığından DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində vurulmağımı, təhqir olunmağımı görməmizliyə vurur. Ola bilsin, ölkənin Baş prokuroruna ünvanladığım ərizələr ona çatmır. Ancaq Zülfüqarlı qardaşlarının zavodlarının əllərindən quldurcasına alınmasını, bütün dünyaya yayılmış yuxarıda göstərdiyim faktı görməmək, eşitməmək mümkün deyil.

Avstriya məhkəməsində prokurorun çıxışı ilə tanış olduqda görürsən ki, o, Azərbaycan xalqının maraqlarını Azərbaycan Respublikası Baş prokuroru Zakir Qaralovdan daha çox qoruyur. Belə ki, məhkəmə çıxışında prokuror Sakmann qeyd edir: ”Azərbaycan Mərkəzi Bankının xahişi ilə manat çapına dair müqavilənin nominal dəyərinin 20 faizi onlara çatmalı idi. Hansı ki, sənədlərdə bütün pulların "OeBS" şirkətinə verildiyi göstərilməli idi. Rüşvət kimi ödənilən bu pullar Azərbaycan xalqına məxsus idi. Lakin rüşvət azərbaycanlıların pullarının hesabına ödənilsə də Avstriyanın banknot çap edən şirkəti rüşvətxorluq və mənimsəməyə vasitəçilik ittihamından yaxasını kənara çəkə bilməz".

Sonda Azərbaycan Pespublikası prokurorluğunun mətbuat xidmətindən xahiş edirəm bu yazını Baş prokuror Zakir Qaralova çatdırsınlar.

Aslan İsmayılov

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413