Bu gün bütün inkişaf etmiş ölkələr öz büdcələrindən elmə ayrılan məsrəflərin miqdarını artırmağa cəhd edir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr tədqiqatlara Ümumi Daxili Məhsulun təxminən 2,26 faizini xərcləyirlər. Bir neçə ölkə, o cümlədən İsveçrə və Finlandiyada bu göstərici 3,73, 3,41 faizdir. Avropa İttifaqı 2015-ci ilə qədər elmi tədqiqatlara ayrılmış məsrəfləri 3,5 faizə qədər artırmağı qarşısına məqsəd qoyub.
ABŞ bu məsrəfləri 3 faizə çatdırmağa cəhd edir, İsraildə bu, artıq faizə çatır. Bütün bunlar məhz ona görədir ki, yalnız elm iqtisadiyyatın inkişafına və həyat şəraitinin yaxşılaşmasına güclü impuls verə bilir. Yaxşı məlumdur ki, elm Ümumi Daxili Məhsulun 2 faizdən çox həcmində maliyyələşdikdə cəmiyyətin iqtisadi inkişafının güclü hərəkətverici faktoruna, ÜDM-in 0,5-1 faizə qədər həcmində maliyyələşdikdə biliklərin istehsalçısına çevrilir. Daha az maliyyələşmədə isə elm sosial-mədəni funksiyanı yerinə yetirir.
Bu gün qarşımızda duran əsas məqsədlərdən biri elmi iqtisadi inkişafın hərəkətverici faktoruna çevirməkdir. Azərbaycanda elmə ayrılan vəsaitin az olması hamımızı narahat edir. Lakin dövlət bu göstərici ilə kifayətlənməyərək elmi tədqiqatların aktivliyi üçün bir sıra mühüm tədbirlər həyata keçirir. Buna misal olaraq “Elmin İnkişaf Fondu”nun yaradılmasını, Azərbaycan Dövlət Neft Şirkətinin Elm Fondunun elmi-tədqiqat layihələri üzrə keçirdiyi müsabiqələri misal göstərmək olar. Bu gün alimlərə qrant layihələrində iştirak etmək üçün heç bir maneə yaradılmır. Yaxşı işlər kifayət qədər maliyyə vəsaiti qazanır.
***
Son günlər dövrü mətbuatda Dövlət Neft Şirkətinin bir kitabın nəşrinə 3 milyon manat vəsait ayırması haqqında bir yazı ilə tanış oldum. Məni təəccüb bürüdü. Doğrudanmı şirkət belə bir addım atıb? Bu məqalə kitab işini bilən hər bir kəsi düşündürməyə bilməz. Açığı, bu qurumun dünyanın aparıcı universitetlərində Azərbaycan vətəndaşlarının təhsilini maliyyələşdirməsi barədə məlumatım var idi. Şirkətin xətti ilə magistratura və doktoranturada təhsillərini davam etdirən gənclərimizin bir neçəsi ilə söhbətdən belə qənaətə gəldim ki, seçim dəqiq aparılıb. Bunların sırasına Kolumbiya Universitetinin magistri Cəlil Musayevi, İmperial Kollec London Universitetinin doktorantı Sənan Eminovu, Moskva Dövlət Universitetinin doktorantı İsmayıl İsmayılovu misal göstərə bilərəm. Göstərilən etimadı doğruldan bu gənclərin çox ciddi elmlə məşğul olmaları Azərbaycana yalnız başucalığı gətirə bilər. Tanıdığım bu gənclər artıq müəyyən elmi nəticələr də əldə ediblər. Gənc alimlərimiz ölkəyə qayıtdıqdan sonra yeni elmi ənənələrin yaradıcılarına çevrilməklə yanaşı, həm də elmlə məşğul olmaq istəyən gənclərimizin bu peşəyə həvəslərini artıracaqlar. Həmin qəzet məqalələrindən sonra Dövlət Neft Şirkətinin elmi tədqiqatları necə maliyyələşdirməsi məsələsi ilə də maraqlandım.
İlk baxışdan Şirkətin bir kitabın nəşrinə 3 milyon manat vəsait ayırması heç cür inandırıcı görünmürdü. Azərbaycan Milli Elmlər Akademiyasının saytında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun 2013-cü il üçün elmi-tədqiqat layihələri üzrə müsabiqəsinin nəticələri dərc olunub. Müsabiqəyə təqdim olunmuş 66 layihənin 36-sı qalib elan olunmuşdur. Burada əsas məqsəd neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq, fundamental və tətbiqi xarakterli elmi-tədqiqatları daha da inkişaf etdirməkdir. Müsabiqəyə təqdim edilən layihələrin sayı göstərir ki, alimlər və yaradıcı kollektivlərin Neft Şirkətinin elan etdiyi müsabiqəyə böyük marağı olub.
Maliyyələşən 36 layihə içərisində kitab nəşrinə də vəsait ayrılıb. Azərbaycanda bütün elm sahələri üzrə ədəbiyyat qıtlığı hamımıza məlumdur. Bu gün tədqiqatla məşğul olan gənclər bu faktordan çox ciddi əziyyət çəkirlər. İnternetdə axtarışlarımdan məlum oldu ki, Peter Wasserscheid və Tom Weltonun “İon mayeləri sintezdə” adlı 2 cildli 800 səhifədən ibarət vəsait dünyada bu sahə üzrə ən fundamental ədəbiyyat sayılır. Dövlət Neft Şirkəti bu kitabın ingilis dilindən Azərbaycan dilinə tərcüməsi və nəşrinə 54.000 manat, “Azərbaycan nefti” monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşrinə isə cəmi 21.800 manat vəsait ayırıb.
Layihələrin qiymətləndirilməsində elmi işlərin aktuallığı nəzərə alınmaqla ayrılan vəsait 12.000 manatdan 120.000 manata qədərdir.
Maliyyələşən layihələr içərisində diqqətimi çəkən məqamlardan biri “Elm dünyası” adlı elmi kütləvi jurnalın dərcinə vəsaitin ayrılmasıdır. Azərbaycanda elmi-populyar jurnalların yox dərəcəsində olması barədə hamımız məlumatlıyıq. Belə bir jurnalın dərc olunmasına maliyyə vəsaitinin ayrılması alimlər üçün mühüm hadisədir.
Neft Şirkəti ilə yanaşı, başqa qurumların da elmin inkişafına yardımçı olmaları bizim üçün olduqca vacibdir. İnkişaf etmiş ölkələrin zənginliyinin əsasını insan kapitalı təşkil edir. Artıq ötən əsrin 90-cı illərindən başlayaraq bütün dünyada təbii kapitalın insan kapitalına çevrilməsi prosesi geniş vüsət alıb. Biz də bu yolu getməyə məhkumuq...