Xalq rəssamı sabiq rektora nə deyib?; "Anladım ki, məni aradan götürəcəklər...”
«Avropanın bütün siyasi institutları Milli Şuranın yaranmasını sosial sifariş kimi qəbul edir»
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev yeni videolar yayır. Zaman-zaman daha dəhşətli videolar yayımlayacağını deyən rektor bildirir ki, ona və yaxınlarına təhdidlər davam edir.
Elşad Abdullayev qardaşı, MTN-in zabiti Mahir Abdullayevin oğurlanması, onun qaytarılması üçün verdikləri milyonları, təsisçisi olduğu universitetin qanunsuz bağlanmasından Avropa Məhkəməsinə müraciət etdiyini deyir. O, “Azadlıq”a açıqlamasında söyləyir ki, bu şikayətləri elə Bakıda olan zaman Avropa Məhkəməsinə göndərib: “Azərbaycanda olan zaman dəfələrlə məhkəmələrə müraciət etdim, dövlət qurumlarına üz tutdum. Ancaq heç bir xeyri olmadı. Məhkəmələrə getdim, bütün şikayətlərim geri qaytarıldı. Məcbur oldum Avropa Məhkəməsinə üz tutdum. Bundan sonra mənə təzyiqlər başladı”.
Elşad Abdullayev deyir ki, etdiyi müraciətləri geri götürmək üçün çoxlu sayda adamlar ona minnətçi düşüblər: “Keçmiş təhsil naziri Misir Mərdanov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, hər iki nazir və işçiləri mənə şikayətlərimi geri götürmək üçün məsləhət verdilər. Bildirdilər ki, Mahir Abdullayev məsələsində geri çəkilməsəm, universiteti bağlayacaqlar. Mən isə heç bir halda geri çəkilməcəyimi dedim. Onlara bildirdim ki, qardaşım üçün verdiyim pulu istəmirəm, ancaq Mahir Abdullayevi geri qaytarsınlar. Əks halda sona qədər mübarizə aparacam”.
Keçmiş rektor deyir ki, xalq rəssamı Tahir Salahov da ona geri çəkilməyi məsləhət bilib: “Tahir Salahovla çox yaxşı münasibətlərimiz vardı. Onun Içərişəhərdəki ofisində görüşdük. Ziyalı, sözübütöv adam olduğu üçün Tahir müəllimə hörmət yüksək idi. O da mənə dedi ki, ərizəni geri götür. Hətta təklif etdi ki, razılaşsam, gedib mənim yerimə o götürə bilər. Mən yenə razı olmadım. Anladım ki, məni aradan götürəcəklər. Ona görə də ölkəni tərk etmək məcburiyyətində qaldım”.
Elşad Abdullayevin sözlərinə görə, ABU özəl mülkiyyətdir: “Azərbaycan Respublikasının Konstitusiyasında da yazılıb ki, mülkiyyət müqəddəsdir. Mülkiyyət dövlət və özəl mülkiyyət adı altında iki yerə bölünür. Xüsusi mülkiyyət toxunulmazdır. Dövlət xüsusi mülkiyyəti ləğv edə və sahibinin əlindən ala bilməz. Ancaq Azərbaycanda qanunlar kağız üzərində yazıldığı üçün ABU-nu bağladılar. Avropada özəl mülkiyyətə xüsusi diqqət ayırırlar. Burada biləndə ki, rəhbəri olduğum universiteti bağlayıblar, təsisçilik hüququmu əlimdən alıblar, dəhşətə gəldilər. Avropada universitetin təsisçisi öz istəyi ilə təhsil ocağını bağlaya bilər. Hər hansı bir təzyiq edilə bilməz. Ancaq bizdə hər şey tam əksinədir”.
Müsahibimiz deyir ki, universiteti bağlamaq üçün onun üstünə qara maskalılar göndəriblər: “Həmin adamlar mənim üstümə elə gəldilər ki, elə bil Qarabağı mən işğal etmişəm. Onları döyüşə göndərsən, heç belə hücuma keçməzlər. Bir neçə dəfə mənə xəsarət yetirməyə, öldürməyə cəhd etdilər. Xoşbəxtlikdən bəxtim gətirdi”.
ABU rektoru özü kimi yüzlərlə vətəndaşın haqqının pozulduğunu söyləyir: “Təkcə mən deyiləm. Məndən öncə də, sonra da yüzlərlə adamın mülkiyyəti əlindən alındı və indi də bu proses davam edir. Həmin mülkiyyətlər hakim ailənin yaxınlarının adına keçirilir və sonra oàffşor zonalarda qeydiyyata salınır. Əgər bu gün mən bir hüquq professoru kimi öz hüquqlarımı, qardaşım Mahir Abdullayevi geri qaytara bilmirəmsə, gör sadə vətəndaşların başlarına hansı oyunlar gətirilir. Azərbaycanda sanki bir vəhşilik, despotluq hökm sürür. Günün günorta çağı təkcə Mahiri deyil, onlara belə adamı yoxa çıxardırlar”.
“Mən heydər Əliyev üçün ABU-da heykəl qoyanda düz danışırdım. Ramiz Mehdiyev üçün kitab buraxanda düz idim, Heydər Əliyev barəsində kitab yazanda Prezident Administrasiyasının rəhbərinin adını ora yazanda yaxşı adam idim, indi haqqımı tələb edəndə isə pis adam oluram? Haqqımı tələb etməyim? Sussummu? Qardaşımın oğurlanmasına, verdiyim pulların itməsinə göz yumummu? Mən ölkəni tərk edəcəyimlə bağlı Ramiz Mehdiyevin kürəkəni Ilham Əliyevə dedim. O da qaynatasıyla görüşəndən sonra mənə dedi ki, Ramiz müəllim heç yerə getməməyimi xahiş edir və bildirir ki, problemlər həll olunacaq. Ancaq heç nə həll edilmədi. Əksinə, üstümə hücum çəkdilər. Qara maskalılar tez bir zamanda universitetimi bağlamağı söylədilər”,- deyə keçmiş rektor bildirir.
Elşad Abdullayev bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda gedən siyasi prosesləri diqqətlə izləyir: “Avropanın bütün siyasi institutları Milli Şuranın yaranmasını sosial sifariş kimi qəbul edir. Mən də bəzi dairələrdə söhbət zamanı bildim ki, Qərbdə bu quruma çox böyük maraq var”.
Ramin DEKO