Elşad Abdullayevin yeni videosunda sensasion adlar

13/05/2013 11:31

 

 

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev yeni video yayıb. Video Elşad Abdullayevlə Rövşanə Əliyeva adlı qadının söhbətini əks etdirir. Elşad Abdullayev əvvəlki müraciətlərində bu qadının adını hallandırıb. Bildirib ki, onu Arzu Kazımovla məhz bu qadın tanış edib.

 

1 saatlıq videoda R.Əliyeva M.Abdullayevin oğurluğu, onun tapılması ilə bağlı görülən işlərdən danışır, vasitəçilərin adlarını çəkir. Söhbətdə sabiq rektorla yanaşı qardaşı Eldəniz 
Abdullayev də iştirak edir. Danışıq zamanı R.Əliyeva bildirir ki, Mahiri KQB oğurlayıb, tapşırıq isə Sənan adlı agentdən gəlib.

Rövşanə Əliyevanın iddiaları - Mahir Abdullayevi Cəlal Əliyev, Aqil Əliyev, İlqar Əliyev.... oğurlayıb

Sözügedən video ilə yanaşı E.Abdullayev redaksiyamıza bir mətn də yollayıb. Həmin mətndə yayılan videonun məzmunu ilə yanaşı, bəzi məlumatlar da qeyd olunub. Sabiq rektor öncə yazıb ki, 21-ci əsrin ən dəhşətli cinayəti olan adam oğurluğu ilə Azərbaycanda məşğul olan mütəşəkkil cinayətkar təşkilat-ölum eskadronu ABŞ Dövlət Departamentinin 20 aprel 2013-cü il tarixli hesabatında öz əksini tapıb. Onun yazdığına görə, yayılan video fakt 22.Vl.2004-cü il tarixində qeydə alınıb: “Rövşanə Əliyeva mənimlə hazırda həbsdə olan Arzu Kazımovun və daxili İşlər nazirinin mərhum l müavini general Zahid Dünyamalıyev arasında vasitəçilik edən cinayət subyektidir. Məhkəmə təcrübəsindən məlumdur ki, mütəşəkkil cinayətkar təşkilatın subyektləri çoxsaylıdır. Buraya daxildir - mütəşəkkil cinayətkar təşkilatın başçısı, rəhbəri, təşkilatçısı, istiqamətverəni, pulyığanı, mətbuat xidməti, vəkilləri, sıravi oğruları, yayındırıcıları, qoçu dəstələri, icraçıları və vasitəçiləri. Hər birinin özünəməxsus cinayət statusu və cinayət məsuliyyəti vardır. Bu videofakt ona görə ictimailəşir ki, həbsdə olan Arzu Kazımovun vəkili Ramiz Zeynalov vəkillik etikasından kənar ”Təzadlar"a həqiqətə uyğun olmayan Məlikməmməd nağılllarını danışaraq əsas cinayətkarları gizlətməyə və zərərçəkmişi isə təhdid edib susdurmağa çalışır".
E.Abdullayev yazıb ki, A.Kazımov haqqında bu günə qədər 4 video və 3 audio faktlar ictimailəşib. Onun sözlərinə görə, əlahəzrət faktlar isə tam həqiqəti əks etdirir və Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa edir: “Rövşanə deyir: ” Arzu deyir ki, Mahiri Cəlal Əliyev oğurlayıb, Aqil Əliyev oğurlayıbdır, Şəfiqə , İlqar Əliyev oğurlayıbdır. Gah deyir Misir edib, gah deyir Kəmaləddin ogurlayıbdır və s. Hətta sözarası qeyd edir ki, Mahiri Ramiz Mehdiyev oğurlayıbdır..."
Vəkil Ramiz Zeynalov qeyd olunan vəzifəli şəxslərin cinayətdə iştirakçılığını yaddan çıxarıbdır. Bu gün hakimiyyətin ədalət mühakiməsinin simasını əks etdirən vəkil Ramiz Zeynalov və “şanlı” hüquq orqanları isə əsas cinayətkarı gizlətmək məqsədilə Mahiri axtaranların üstünə gedərək deyir ki, Mahiri kim axtarırsa, o, oğurlayıbdır. Belə yerdə deyirlər varam sizdəki “əxlaqa və qeyrətə” ... , simasız quldurlar".

“Fətulla Hüseynovu da bunlar öldürdü”

E.Abdullayev daha sonra videoda R.Əliyevanın dediyi digər iddialara da toxunur: “Rövşanə qeyd edir: ”Mahirin işini aparan daxili işlər nazirinin l müavini general Zahid Dünyamalıyev Sənan İbrahimovdan şübhələnir. Onu həbs etdi. O, iki nəfərin adını vermişdir. Prezident Aparatına da Sənanın həbs olunması haqqında arayış verdi. Yoxsa Sənanı Prezident Aparatına işə götürəcəkdilər. Bundan sonra Sənan gündə durub PA-dan Mahir haqqında yalan məlumatlar elan edəcəkdi. Bunun qarşısını Zahid Dünyamalıyev aldı. Tələb edirdi ki, düz olmaq lazımdır. Buna görə də KQB agenti Sənan İbrahimovun ürəyi getmişdir, özünə gələ bilmirdi".
Sabiq rektorun ittihamları bununla da yekunlaşmır. E.Abdullayev R.Əlieyavaya istinadən daha bir detalı da yazır: “Daxili işlər nazirinin l müavini general Zahid Dünyamalıyev deyir ki, ”baxın, Mahir iki papkada və üç videonun içindədir. Mən bu dəqiqə bu işi açsam, Elşad müəllim qana düşəcək, elə adamlarla üzləşəcək ki, qan düşəcək. Mən istəmirəm ki, Elşad müəllim qana düşsün, düz danışmaq lazımdır... “Əsas cinayətkarı gizlətmək məqsədilə Mahirin işinin istintaqını aparan general Zahid Dünyamalıyev də 05 avqust 2009-cu il tarixində Sevinc Babayeva sayağı qətlə yetirildi.
Rövşanə həmçinin qeyd edir: “polkovnik Fətulla Hüseynovu da bunlar öldürdü. Fətulla Hüseynov kişi adamdır, paqonundan keçərək milli qəhrəman Rövşən Cavadovun ölüsünü götürüb aparıb basdırdı, 7-sini, 40-nı verdi. O, Rövşən Cavadovla yaxın dost olub. Bundan sonra Fətullanı işdən çıxardıb qətlə yetirib qisaslarını aldılar”. 
E.Abdullayevin üzərində dayandığı və videolarda R.Əliyevanın dediyi daha bir məqam da müraciətdə öz əksini tapır: “Rövşanə deyir: ”Mahiri işlədiyi idarə (KQB) oğurlayıbdır. KQB agenti Sənan İbrahimov Mahirin oğurluq cinayətinin “nakolşikidir” (istiqamətverəni), müğənni Mətanət İsgəndərlinin vasitəsi ilə oğurluğu realizə etmişdir. O, Milli Təhlükəsizlik İdarəsinin l müavini general Hilal Əsədovun yaxın qohumu və işverən əməkdaşıdır, onun Nardarandakı bağ evində gizlənərək özünü həbsdən qoruyur. Mahir Abdullayevin oğurlanmasının kriminalistik-hüquqi xarakteristikası sxeminin müəllifi bilavasitə Hilal Əsədovdur, Mahir Abdullayevin bütün cinayət işləri onun tərəfindən yönləndirilir. Hilal Əsədov vəzifə mövqeyindən sui-istifadə edərək, Mahirin oğurlanmasını bilə-bilə gizlədərək onu yanlış istiqamətə yönləndirməyə cəhd edir. Amma bütün cinayət boyu Hilal Əsədovun ayaqları çöldə qalmışdır. Mahir oğurlanan günü Hilal Əsədov Bakı Şəhər Banditizm İdarəsinin (MCQMİ) rəisi vəzifəsində çalışırdı. Bu barədə DİN Vll İdarəsinin əməkdaşı Rövşən Abbasquliyev video-faktlarda açıqlama vermişdi. AR Konstitusiyasına görə, xalqını qorumağa borclu olan vəzifəli şəxslər xalqa qarşı cinayət etməkdə davam edirlər. Bu isə sözün həqiqi mənasında dövlət terrorudur, vətəndaşını izsiz-tozsuz yox edən ölüm eskadronudur".

“Zahid Dünyamalıyev Mahiri 8 günə tapa bilər, amma qan düşməsini istəmir”

Videoda R.Əliyeva A.Kazımovun adından danışır. Deyir ki, A.Kazımov da Z.Dünyamalıyevlə görüşüb və onunla danışıqlarını eynən R.Əliyevaya çatdırıb: “Arzu deyir ki, mən onların qardaşını öz qardaşım kimi axtarmışam. Onlara qarşı heç bir əclaflığım olmayıb”. 
R.Əliyeva bildirir ki, guya bu işin həmin ərəfədə qarışdırılmasında məqsəd qəbul imtahanları ərəfəsində E.Abdullayevin diqqətini qəbuldan yayındırıb məhz itkin qardaşına yönəltməkdir. Onun dediyinə görə, burada xeyli qüvvələrin maraqları var. E.Abdullayev isə bu versiyaya inamsızlığını bildirir və deyir ki, qəbulu onsuz da TQDK aparır və bu məsələdə onun başının qarışmasının heç bir əlaqəsi yoxdur. 
Çəkiliş baş verən gün M.Abdullayevin oğurlanmasından 8 ay 9 gün keçdiyi qeyd olunur. R.Əliyeva iddia edir ki, A.Kazımov onun sözü ilə hərəkət edir: “Dedim, dəqiqləşdirin, bu adam xaricdə yaşayacaqsa, bilək ki, xaricdə yaşayaq. Yox, gələcəksə, gəlsin. O da mənim sözümdən sonra getdi Zahid müəllimlə danışdı”. 
R.Əliyeva deyir ki, Z.Dünyamalıyev M.Abdullayevi 8 günə tapa bilər. Amma bu halda sensasiya ola, ölkə bir-birinə qarışa bilər. Vasitəçi qadının dediyinə görə, məsələni tez halda həll edərsə, qan düşə bilər: “Mən başa düşürəm ki, bu kişi (Z.Dünyamalıyev-red) nəyisə gözləyir. İstəyir ki, qan düşməsin”. 
R.Əliyeva həmçinin M.Abdullayevin Astarada, Lənkəranda olması ilə bağlı daha öncə versiyaların ortaya atıldığını yada saldı. Onun sözlərinə görə, M.Abdullayevin yerini Z.Dünyamalıyev dəqiq bilir: “Bunu aşağı səviyyəli adamlar oğurlasaydı, indiyə qədər pula görə gətirib qaytarardılar. Amma bunu elə adamlar oğurlayıb ki, Zahid müəllim də nə qabağa gedə bilir, nə arxaya gedir”. 
E.Abdullayev isə M.Abdullayevin sıradan bir müəllim olduğunu yada salıb, 8 aydan artıqdır onun itkin düşməsinə şübhə edir. “Adam tutmaq olsaydı, Zahid müəllim niyə sakit dayanardı ki?” deyən R.Əliyeva Sənanın Prezident Aparatının mətbuat xidmətinə işə düzələ bilməməsində də Z.Dünyamalıyevin də rolu olduğunu xatırladır. 
R.Əliyeva iddia edir ki, bu məsələdə Z.Dünyamalıyev keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovla oyun oynayır: “Hadisələr təzə başlayanda MTN çox fəal idi, sonra səngidilər. Namiq müəllimin papkası var, onunla birgə işləyirlər. Versiyaları, qətlləri araşdırırlar”. 
Vasitəçi qadının dediyinə görə, Z.Dünyamalıyev heç kimə mərdimazarlıq etmək istəmədiyini bildirib. Hamıya çatası pulu verməyin, M.Abdullayevin evinə sağ-salamat qayıtmasının tərəfdarıdır: “Zahid müəllim Arzuya deyib ki, mən elə-belə adamlarla işləmirəm. Bunları (Sənanı nəzərdə tutur-red) elə-belə atmışam ortaya. Özü maskalılarla, xüsusi adamlarla işləyir”.

“Sənin deputatlıq məsələni də həll etmişəm, narahat olma”

Bu yerdə R.Əliyeva E.Abdullayevə deyir ki, sənin deputatlıq məsələni də həll etmişəm. “MSK-da adamlarla danışmışam, səni deputat edirik”, deyən R.Əliyeva hətta təklif edir ki, bu dəfə E.Abdullayev Binəqədidən namizədliyini versin. Qardaşlar vasitəçi qadına zarafatla “bir işi 8 aydır həll edə bilmirsən, bu deputatlığı necə həll edəcəksən” deyib, inamsızlıqlarını ifadə edirlər.
R.Əliyeva isə qardaşlara Z.Dünyamalıyevin A.Kazımova dediyi bir sözü çatdırır: “Zahid müəllim deyir ki, Arzu, mən Mahirin işində əli qandallı qatil tapa bilmirəm ki, onu tutum. Bir Sənan idi ki, onu danışdırdım. Özümə lazım olanları ondan aldım, lazım olmayanları isə dedim ki, danışma”. 
Vasitəçi qadın E.Abdullayevi inandırmağa çalışır ki, M.Abdullayev MTN-in xətti ilə aparılıb. Onun dediyinə görə, itkin Abdullayevi oğurlamayıblar, zor tətbiq etməyiblər...

***

Beləliklə, Elşad Abdullayev daha bir video-sübut ortaya qoydu. Lakin görünən budur ki, ən ciddi sübutlar belə istintaqın gedişində dönüş yaratmır. Hər dəfə dövlət qulluğunda olan yüksək rütbəli məmurların adları adam oğurluğu kimi ağır cinayətlərdə hallansa da, onların əksəriyyəti bu günə qədər də toxunulmaz qalıblar.

Sevinc TELMANQIZI

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413