“Mən kiməm ki, onun nəşriyyatına yoxlama göndərim, nə isə bir təzyiq edim”
Xəbər verildiyi kimi, noyabr 1-də vergi müfəttişləri “Qanun” Nəşrlər Evində yoxlamalar aparıblar. Vergi müfəttişləri “Qanun”un mühasibatlıq sənədlərini, o cümlədən sənədlərin toplandığı bilgisayarı götürərək, yoxlama məqsədi ilə aparıblar. Yoxlamalar davam etdirilir. Nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bu cür yoxlamaların qeyri-qanuni olduğunu vurğulayaraq “Qanun”a qarşı aparılan təbliğat kampaniyasında jurnalist Eynulla Fətullayevi ittiham edib: “Çox təəssüf edirəm. Çünki Eynullaya ilk dəfə Azərbaycanda mən iş vermişəm, mən onu böyütmüşəm. Təəssüf ki, indi o, bu fəaliyyətlə məşğuldur”.
E. Fətullayev isə dünən “Yeni Müsavat”a açıqlamasında “Qanun” Nəşrlər Evi ilə bağlı baş verənlərlə əlaqəsinin olmadığını bildirdi: “Mən kiməm ki, Şahbaz Xuduoğlunun nəşriyyatına yoxlama göndərim və yaxud Şahbaz Xuduoğluna nə isə bir təzyiq edim. Mənim elə bir siyasi və dövlət statusum yoxdur. Mən jurnalistəm və öz fikirlərimi, mövqeyimi məqalələrim vasitəsilə ifadə edirəm. Axı mən Şahbaz Xuduoğlu haqqında heç nə yazmamışam. Bizim saytda Şahbaz Xuduoğlu haqqında heç nə getməyib. O, özü açıqlama verib ki, Cəmil Həsənli ilə bağlı bütün plakatlar, materiallar onun mətbəəsində nəşr olunub və bu təzyiqlər onunla bağlıdır. Biz də bu məlumatı yerləşdirmişik. Amma saytımızda Sabir Rüstəmxanlını tənqid edən məqalələr gedib. Çünki mənə aydın deyil bu şəxs müxalifətdədir, yoxsa iqtidardadır. Ona görə də Sabir Rüstəmxanlının siyasi mövqeyi ilə bağlı bəzi ictimai suallar səsləndirmişik. Məgər jurnalist kimi buna bizim haqqımız yoxdur? Yaxud Sabir Rüstəmxanlı toxunulmazdır? Hakimiyyət və müxalifət liderləri haqqında yazırıq. Niyə Sabir Rüstəmxanlı haqqında yaza bilmərik? Birincisi, o yazıda heç bir təhqir yoxdur. Biz heç bir təhqir işlətməmişik və şəxsi qərəzimiz də yoxdur. Sadəcə, Sabir Rüstəmxanlının növbəti dəfə iqtidardan müxalifətə keçidi cəmiyyətdə təəccüb doğurdu. Çünki Sabir Rüstəmxanlı cəmiyyətdə iqtidaryönlü adam kimi qəbul olunurdu. Birdən-birə açıq şəkildə müxalifətə dəstək verməsi ictimai fikirdə bir təəccüb yaratdı. Biz də buna münasibət bildirdik. Bunu şəxsi münasibətlər səviyyəsinə endirmək, onun ətrafında spekulyasiya etmək düzgün olmayan hərəkətdir”.
E.Fətullayev “Şahbaz Xuduoğlunun açıqlamasından belə məlum olur ki, onunla əvvəllər yaxın olmusunuz. Münasibətlər qalırmı” sualına belə cavab verdi: “Həmkar olmuşuq, münasibətlərimiz salam-əleyküsalam səviyyəsində olub. Mənim qəzetlərim bir müddət onun mətbəəsində nəşr edilib. Vəssalam. Bundan artıq bizim münasibətlərimiz olmayıb. İndi də hərə öz işində-gücündədir. Mənim bütün təcümeyi-halım şəffafdır. İctimaiyyət bilir mən harda işləmişəm, necə işləmişəm. Əgər Şahbaz Xuduğlu hesab edirsə ki, onun mənim həyatımda hansısa rolu olub, qoy belə hesab eləsin”.
Axar.az saytı isə yazıb ki, Ş.Xuduoğlunun E.Fətullayevin adını çəkməsi təsadüfi deyil.
Çünki “Qanun” Nəşrlər Evinə gələn müfəttişlərdən biri E.Fətullayevin bacısının əridir.
Bildirilir ki, məhz o, aparılan yoxlamalarda xüsusi aqressivliyi ilə seçilib və nəşrlər evinin mühasibat sənədlərinin və bilgisayarının aparılmasında canfəşanlıq göstərib: “Hazırda ”Qanun" Nəşriyyatı Eynulla Fətullayevin apardığı anti-təbliğatla paralel olaraq onun yeznəsinin vergi yoxlamasına gəlişinin heç də təsadüf olmadığından narahatdır. Qaynağın sözlərinə görə, aparılan mühasibat sənədlərində müfəttiş-yeznənin təxribatçı təhriflər edəcəyi və bunu qayını Eynulla Fətullayevə ötürülməklə, anti-təbliğat materialına çevirəcəyi istisna deyil".
E.Fətullayev isə bu barədə azvision.az-a açıqlamasında deyib ki, qohumu 15 ilə yaxındır vergi orqanlarında çalışır: “Hamının qohumu haradasa işləyir. Həmin şəxs orada 15 ilə yaxındır ki, çalışır. Onların idarəsi gedib yoxlamağa, yoxlamada iştirak edən 15 nəfərdən biri də o olub. Bunun mənə nə aidiyyəti var?”
Ş. Xuduoğlu isə Ərəb Əmirliyinin Şarja şəhərində beynəlxalq konfransda və kitab yarmarkasında iştirak üçün sözügedən şəhərdədir. Bu səbəbdən Eynulla Fətullayevin dediklərinə hər hansı cavabının olub-olmadığını öyrənə bilmədik.
Etibar SEYİDAĞA