Hakimiyyət dünya ilə savaşda olduğunu etiraf etdi

25/05/2013 22:03

Hakimiyyət dünya ilə savaşda olduğunu etiraf etdi

 

ali hasanov2

 

 

 

 

 

 

 

 

Əli Həsənov beynəlxalq birliyin təzyiq və tələbləri barədə sensasion açıqlamalar verdi

"Müxalifət deyir ki, ABŞ-ın dediyini niyə etmirsiniz?"

"ABŞ səfiri müxalifəti bir yerə yığır və onlara deyir ki, biz iqtidara bunları dedik, lakin iqtidar etmədi. Bundan bizə qarşı istifadə edirlər. Azərbaycan dövlətinin müstəqil siyasəti xalqımızın iradəsi və milli maraqları üzərində qurulub. Biz müstəqillikdən sağa-sola bir addım çəkildikdə, deməli, dövlətimizin maraqlarını hardasa qurban vermiş oluruq".
APA-nın məlumatına görə, bu açıqlamanı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Gənclərin dövlət ictimai-siyasi həyatında rolu” mövzusunda keçirilən seminarda deyib.
Ə.Həsənov bəzi dövlətlərin Azərbaycana yönələn tələblərini də diqqətə çatdırıb: “Xəzərdə enerji resurslarını çıxarıb, xaricə satıb, Azərbaycanın ehtiyaclarını ödəyirik. Həm də Qazaxıstan, Türkmənistan neftini Xəzər üzərindən daşıyıb xaricə aparırıq. Azərbaycan burada tranzit funksiyasını yerinə yetirir. Bu tranzitdən Azərbaycan orta hesabla 1 milyard dollara qədər pul qazanır. Bəzi dövlətlər bizə opponentlik edərək, həmin tranziti özlərinin həyata keçirməsinə cəhd edirlər. Onların düşüncəsinə görə,ÿ Azərbaycan xalqı əkinçiliklə məşğul olmalıdır. Belə daşınmalar isə onların olmalıdır. Deməli, onun marağını təmin etdiksə, Azərbaycanın marağından bir addım çəkildik”.
Ə.Həsənov bəzi dövlətlərin hələ də Azərbaycanda qoşun yerləşdirmək niyyətindən əl çəkmədiyini də qeyd edib: “Biz isə soruşuruq ki, sənin bu istəyin Dağlıq Qarabağ probleminin həllinə kömək edəcək, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, yoxsa gələcəkdə ərazi bütövlüyümüzün pozulmasının qarşısını alacaq? Deyirlər ki, biz o məsələyə qarışmırıq. Onda niyə hansısa xarici ölkəyə öz ərazimizi qoşun saxlamaq üçün verməliyik? Bəzi dövlətlər deyir ki, Bakı-Tiflis-Ceyhan neft kəməri yetərli deyil, indi TANAP çəkirik. Niyə? Çünki onun burada tranzit maraqları var. Biz bunu da etmirik. Hesab edin ki, cibimizin pulunu çıxarıb ona verməliyik. Ilham Əliyevə irad tuturlar. Bununla onlar Azərbaycanda 1991-92-93-cü illərdəki ab-havanın yaranmasını istəyirlər”. 
Şöbə müdiri deyib ki, mətbuat, informasiya, söz azadlığı ilə də bağlı təzyiqlər mövcuddur: “Təhqir edənin hüququnu tələb edirlər, təhqir olunanın müdafiə hüququnu qəbul etmirlər. Bizim opponentlərimiz bunu tələb edirlər”.
Ə.Həsənovun bu açıqlamaları göstərir ki, hakimiyyətin beynəlxalq güclərlə çox ciddi problemləri mövcuddur. Baxmayaraq ki, iqtidar bu günə qədər balanslı siyasətdən danışırdı. Özü də beynəlxalq güclərlə qarşıdurma seçki ilinə təsadüf edir. Ə.Həsənov bu faktı etiraf etməklə yanaşı populist çıxışlarla hakimiyyəti vəziyyətdən çıxarmağa cəhd göstərir. Şöbə müdiri belə rəy yaratmağa çalışır ki, problemlərin kökündə milli maraqlar dayanır. Amma aydın görünən odur ki, iqtidarın uzun illərdir apardığı konyuktur balans siyasəti iflasa uğrayıb və manevr imkanları tamamilə tükənib. Digər tərəfdən beynəlxalq birlik hakimiyyətdən əsas etibarilə avtoritar üsul-idarədən imtinanı tələb edir. Milli maraqlar Azərbaycan iqtidarı üçün sadəcə qalxan rolunu oynayır. Ölkənin milli maraqlarını düşünən hakimiyyət Azərbaycanın xalqına məxsus milyardlarla manat vəsaiti offşor zonalara daşımazdı.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413