HEYDƏR ƏLİYEVİN MÜHAFİZƏÇİSİNİN SİRRLƏRİ

19/06/2013 17:24

HEYDƏR ƏLİYEVİN MÜHAFİZƏÇİSİNİN SİRRLƏRİ
19.6.2013
HEYDƏR ƏLİYEVİN MÜHAFİZƏÇİSİNİN SİRRLƏRİ

Müşfiq Mədətov: “Bütün işlərə Vasif Talıbovla Bəylər Əyyubov rəhbərlik edirdi, biz Bakıya bir yerdə gəlmişdik”
 
Virtual.az saytı eks-prezident Heydər Əliyevin mühafizəçisi olmuş Müşfiq Mədətovdan müsahibə alıb. Maraqlı müsahibəni musavat.com oxucularına təqdim edirik.
 
Müşfiq Mədətov... Bu ad bəzi oxuculara, xüsusən də gənc nəslə bəlkə də heç nə demir. Amma vaxt vardı ki, bu ad mətbuatda, ictimaiyyətdə, adi adamlar arasında tez-tez çəkilirdi, çox populyar idi. Ondan az qala hər gün yazırdılar, onu ittiham və müdafiə edirdilər. O, sıradan, adi bir məhbus deyildi. Çünki o, tutduğu posta görə adi adam olmamışdı. Prezidenti qoruyan şəxsin siyasi və sair ittihamlarla həbsi Azərbaycan kimi avtokratik ölkələrdə əsl hadisəyə çevrilməli idi və çevrildi də...
 
Ulduzu birdən-birə parlayan Müşfiq Mədətovun gözqamaşdırıcı karyerası qəfildən də yarıda kəsildi. Çoxunun gözünü qamaşdıran o parlaq ulduz da çox tez söndü. Tale ona qəribə sürprizlər hazırlayıbmış. Hələ çox gənc ikən - 24 yaşında Heydər Əliyev kimi böyük və nüfuzlu bir adamın şəxsi mühafizəçisi mərtəbəsinədək yüksələn Müşfiq Mədətov haradan biləydi ki, 29 yaşında polis rəisi qismində, buz baltası kimi, sapsağlam halda həbsə düşüb oradan bir də 15 il sonra sözün əsl mənasında yarımcan halda, keçmiş siyasi məhbus statusu ilə çıxacaq?! Belə taleli insanlar az-az olur... Həsəd aparılası tale də deyil heç.
 
Ömrünün 15 ilini həbsxana divarları arasında keçirmiş, üst-üstə aylar uzunu təkadamlıq kamerada qalmış, hər cür işgəncələr, basqılar, təzyiqlər görmüş bu adamı yaxşı, “yumşaq” müsahib saymaq olmaz. Amma o da var ki, çox maraqlı müsahibdir. Danışdıqca maraqlı məqamlara toxunur. O məqamlara ki, onlar zaman-zaman kimlərəsə sərf etməyib deyə təhrif olunub, unudulub, unutdurulub. O məqamlar ki, Azərbaycanın son dövr ictimai-siyasi tarixinin ən həssas nöqtələri məhz onların üstündə qurulub.
 
Dediyimiz kimi, Müşfiq Mədətovla ütülü söhbət çətin alınan işdir. Ona görə də diqqətli və tələbkar oxucuların bu müsahibədə rastlaşa biləcəyi qüsurlar, tutaq ki, bir sualın başqa formalarda bir daha verilməsi, artıq haqqında söz açılmış mövzuya bir də qayıdılması “pinti redaktə”nin ayağına yazılmasın. Müşfiq Mədətovun dediklərini olduğu kimi, “sığallayıb tumarlamadan” təqdim etməyi üstün tutduq...
 
- Müşfiq bəy, həbsdən çıxmağınızdan may ayında iki il ötdü. Yanılmırıqsa, bu müddətdə mətbuata heç danışmamısınız. Məhbəsdən sonra müsahibə vermisinizmi?
 
 
- Yox.
 
- Sizdən müsahibə almaq istəyən olmayıb, yoxsa olub, amma siz razılıq verməmisiniz?
 
- Yox. Heç vaxt olmayıb.
 
- Maraqlıdır, siz 15 il məhbus olmusunuz. Həbsdən çıxandan sonra da kimsə sizdən müsahibə almaq istəməyib, ya da buna cəhd etməyib?
 
- Görünür, istəməyiblər.
 
- Hələ həbsdə olarkən özünüzü siyasi məhbus adlandırmısınız. Əsasınız vardımı buna?
 
- Bəli. Özümü siyasi məhbus hesab etmişəm. Çünki haqlarım pozulmuşdu.
 
- Bildiyimiz qədər həbsdə olarkən sizdən çox işgəncəyə məruz qalan da olmayıb.
 
- Xeyr, olmayıb. Məhbəsdə mənə verilən işgəncələrin izi bədənimdə hələ də qalır. O qədər döyüblər ki, bir ayağımda hələ də şiş var. Bu şişə, zədələrə görə də ayaqlarımdan birinin ölçüsü 46, o birininki isə 48-dir. Biləklərimdə qandalların izi hələ də qalır. Burnumda, başımda çapıq və tikişlər var.
 
- Həbsdə olarkən sizə qarşı olan bu amansız münasibət nədən irəli gəlirdi? Bu, həbsxana rəislərinin özfəaliyyəti, özbaşınalığı, qəddarlığı idi, yuxarılara öz xidmətlərini göstərmək üçün belə edirdilər, yoxsa sifariş yuxarıdan gəlirdi?
 
- Məncə, yuxarıların bundan xəbəri yox idi. Amma mənə dözülməz işgəncələr verirdilər. Özü də bunu sanki acığa, ya da həzz almaq üçün edirdilər. Həbsxanada məndən çox işgəncə alan adam yox idi. Həbsxana işçiləri mənə işgəncə verməkləri ilə fəxr də edirdilər. Ağaməmməd Məmmədov, Dəmir Bayramov adlı həbsxana rəisləri dustaqlara deyirdilər ki, baxın, Müşfiqə belə cəza vermişiksə, ona belə eləmişiksə, bəs siz kimsiniz. Karsda ən çox tək saxlanılan məhbus da mən olmuşam.
 
- Həbsdə olduğunuz müddətin nə qədərini karsda qalmısınız?
 
- Bunları özüm üçün qeyd kimi yazıb saxlamışam. Karsda 271 gün qalmışam, qapalı rejimdə isə 4 il 6 ay. MTN-də 11 ay bir otaqda tək-tənha saxlanmışam. Heç kəsi görməmişəm. Sonra da gəlib ikinci dəfə Bayıla düşmüşəm. Bunlardan da əlavə “zon”larda 17 dəfə etap olunmuşam. Bu da o deməkdir ki, bir dustağın yerini 17 dəfə dəyişiblər. 1998-ci il, mayın 21-də məni Bayıldan 6-cı kolona apardılar. Halbuki polis rəsi olduğum üçün məni heç vaxt dustaqlarla bir yerdə saxlaya bilməzdilər. Bayıl türməsinin rəisi Dəmir Bayramov məndən 25 min dollar rüşvət aldı. Bununla bağlı Səbayel Rayon Məhkəməsinə də dəfələrlə müraciət etmişəm.
 
- Rüşvəti sizdən niyə aldı?
 
- Aldı ki, səni 9-cu kolona göndərəcəyik.
 
- Siz Heydər Əliyevin mühafizəçisi olmusunuz. Bakıya onunla birgə Naxçıvandan gəlmisiniz. Necə oldu ki, mühafizəyə işə düzəldiniz?
 
- Mən 10 ilə yaxın Naxçıvanda cüdo ilə məşğul olmuşam. Hamı məni tanıyırdı. Vasif Talıbov da, Heydər Əliyev də bizim qonşumuz idi. Bir binada qalırdıq. Anam indi də o binada yaşayır. Heydər Əliyev 1991-ci ildə Moskvadan Naxçıvana gələndən sonra bizim binada qalırdı. Bacısı qızıgilin evində yaşayırdı. Sədərəkdə Ermənistanla savaş başlayandan sonra özünümüdafiə dəstələri yarandı. Mən də o dəstədə döyüşürdüm. Həsən Əliyev rəhmətə gedəndə mənə müraciət etdilər. Bilirdilər ki, mən özünümüdafiə dəstələrində vuruşuram, idmançıyam. Biz beş nəfər idik. Bir gün dedilər ki, Həsən Əliyev rəhmətə gedib, Heydər Əliyev də Bakıya yas yerinə gedir, onun mühafizəsini siz təşkil edəcəksiniz.
 
- Sizi mühafizə dəstəsinə kim götürdü?
 
- Naxçıvanın daxili işlər naziri Tahir Allahyarov. Bizi o çağırdı bu işə. Gəldik Bakıya. Heydər Əliyev Bakıda Elçibəylə, Rəhim Qazıyevlə görüşdü. Amma Heydər Əliyev o vaxt Bakıdan Naxçıvana qayıtmadı. Partbiletini təhvil vermək üçün Bakıdan Moskvaya getdi.
 
O, Moskvaya gedəndən sonra bizi Bakıda aeroportda həbs elədilər. Beşimizin də silahımızı əlimizdən aldılar. Sonra Naxçıvandan olan Ali Sovetin deputatları işə qarışdı. Dedilər ki, biz Bakıya Heydər Əliyevlə gələn adamlarıq. Bundan sonra bizi buraxdılar. Naxçıvana gedəndə bizi orada Daxili İşlər Nazirliyində işə qəbul etdilər. Mən ali təhsilli idim. Bakıda hüquq fakültəsində oxumuşam, sonra o fakültəni Naxçıvanda açdılar, ora köçürüldüm. 1991-ci ildə universiteti bitirdim. İkinci təhsilimi Polis Akademiyasında alırdım. İki imtahanımı verdim, üçü qalmışdı, həbs olundum. İndi də yenidən imtahan versəm, diplomumu ala bilərəm. Nə isə, o zaman mənə leytenant rütbəsi, o birilərinə isə serjant verdilər ki, qanuni şəkildə silah gəzdirə bilək. Sonralar, 1992-ci ilin dekabrında məni Naxçıvanda cinayət-axtarış idarəsində işə təyin etdilər. Naxçıvan şəhərindəki 8-ci mikrorayon ərazisinə məsul idim. 1993-cü il, iyunun 5-də, ya da 7-də gəldik Bakıya. İyun hadisələri isə olmuşdu ayın 4-də.
 
 
- Neçənci ildən Heydər Əliyevlə bir yerdə işləmisən?
 
- 1991-ci ildən. Heydər Əliyev Naxçıvana gələndən üç ay sonra onun mühafizə xidmətində olmuşam.
 
“Bizdən qabaq Heydər Əliyevi Fərəc Quliyev, Siyavuş Mustafayev, cəbhəçilər mühafizə edirdi”

 
- Heydər Əliyevin mühafizəsində neçə nəfər olmusunuz?
 
- Əmir, "Özbək" ləqəbli İlqar, Qafar, mən... Bir nəfər də var idi. Amma adı yadıma düşmür. Bir də Adil Sadiqov vardı. Adil rəisimiz idi. Beş nəfər idik Naxçıvandan gələnlər. Gündüz saat 12-də Heydər Əliyevi Ali Məclisə işə aparırdıq. İşdən çıxanda da gətirirdik evə. Blokda da dayanıb evi mühafizə edirdik. Elə blokdaca da yatırdıq. Bizdən qabaq Heydər Əliyevi Moskvadan gələndə Fərəc Quliyev, Siyavuş Mustafayev, cəbhəçilər mühafizə edirdi. Sonra cəbhəçilər ayrıldı, biz mühafizə etdik. Onlara qarşı atışmada da olmuşuq.
 
- Heydər Əliyevlə cəbhəçilər arasında münasibətlər pozulandan sonra onu siz mühafizə etdiniz?
 
- Bəli. O vaxt Fərəc Quliyev Heydər Əliyevi öz kəndlərinə qonaq aparmışdı. Bunu hamı bilir. Heydər Əliyev Ali Məclisə sədr seçiləndən sonra onların münasibətləri nəsə pozuldu. Heydər Əliyev gələndə Siyavuş Mustafayev Naxçıvanın idman naziri idi. Sonradan daxilİ işlər naziri vəzifəsinə keçəndə narazılıqları oldu.
 
- Müşfiq bəy, siz o zaman Heydər Əliyevlə çox yaxın olmusunuz. Onu necə xarakterizə edərdiniz? Onunla işləmək maraqlı idi, yoxsa çətin? Siz mühafizəçilərlə ünsiyyəti vardımı?
 
- Naxçıvanda olanda da, Bakıda olanda da biz mühafizəçilər hər gün onun önündə düzülürdük. Bizdən bir problemimizin, istəyimizin olub-olmadığını soruşurdu. Bizimlə həmişə mehriban olub, qayğımıza qalıb. Bizimlə həmişə söhbət edərdi. Amma bizdən kimsə çıxıb deməzdi ki, Heydər müəllim, mənim problemim var. Əslində isə hamımızın problemi var idi. Amma heç kim bunu dilinə gətirib onu öz qayğıları ilə yormazdı. Hər kəs sakitcə başını aşağı salıb öz işini görürdü.
 
- Böhranlı vəziyyətlər, Heydər Əliyevə Naxçıvanda hücumlar çox olub. Bu hallarda qorxmurdunuzmu?
 
- Bəli, belə hücumlar çox olub. Naxçıvanda cəbhəçilər bizə hücum ediblər. Daxili İşlər Nazirliyini alanda da hücumlar olub. Naxçıvanda tək idik, heç kəsimiz yox idi. Cəbhəçilər istəsəydi, bizi öldürərdilər. Amma risk eləmədilər, xalqdan qorxdular.
 
- Naxçıvanda olanda sizin fəaliyyətinizi kim koordinasiya edirdi?
 
- Vasif Talıbov. Naxçıvanda olanda bizim bütün işlərimizə o baxırdı. Bakıya gələndən sonra isə bizim xidmətə, mühafizə işlərinə Bəylər müəllim (prezidentin şəxsi mühafizəsinin rəisi, general Bəylər Əyyubovu nəzərdə tutur-red.) rəhbərlik edirdi. Biz bir yerdə gəlmişdik Bakıya.
 
- Naxçıvandan, yəni əyalətdən Bakıya gəldiniz. Bakı isə tanımadığınız məkan, əhalisi çox olan şəhərdir. Belə yerdə işləməyə alışmaq sizin üçün çətin olmadı ki?
 
- Şəhər həyatı deyəndə ki, bizim Bakıda evimiz-eşiyimiz, heç qalmağa yerimiz də yox idi. Heydər Əliyev onda qardaşı Cəlal Əliyevgildə qalırdı - Yaşıl Teatrla üzbəüz binada. Biz burada da eyni işi görürdük. Heydər Əliyevi hər gün işə aparır, axşam da evə gətirirdik. Axşam evə gələndə də elə blokda yatırdıq. Heydər Əliyev Ali Sovetin sədri seçilənə qədər blokda yaşadıq. Elə betonun üstündə növbə ilə yatıb dincəlirdik. Ağır günlər idi. Amma hamımız bunu canla-başla edirdik. O kişiyə sədaqətimizdən. Heydər Əliyev 1993-cü ilin oktyabrında prezident seçiləndən sonra göstəriş verdi ki, indiki “Hilton” otelinin yerindəki təzə “İnturist” mehmanxanasında bizə yer ayrılsın. Ali Sovetdə işlər idarəsinin müdiri Akif Muradverdiyev bizə pul ayırdı. Biz - Naxçıvandan gələn beş nəfər üç ay o oteldə yaşadıq.
 
- Belə çıxır ki, Heydər Əliyev yalnız Naxçıvandan gələn mühafizəçilərə, yəni siz 5 nəfərə güvənirdi. Amma axı Bakıda da prezidentin mühafizə idarəsi var idi...
 
- Biz gələndə o idarə Elçibəylə işləyirdi, onu qoruyurdu. Biz birinci dəfə görüşlərə gedəndə idarənin rəisi Vaqif Axundov və mühafizə idarəsinin qalan əməkdaşlarının hamısı Elçibəyin yanında olurdular. Onu qoruyurdular. Rəfael Allahverdiyev onda bizə bir “Niva” vermişdi. Heydər Əliyevə də bir maşın ayırmışdılar. Heydər Əliyevi yalnız biz mühafizə edirdik. Bir də 10 nəfər OMON-çu var idi. Onları da Heydər Əliyevin mühafizəsi üçün Rövşən Cavadov göndərmişdi. OMON-çu uşaqlar da bizə kömək edirdilər. Onların da yeri yox idi, elə maşında yatırdılar.
 
- Bəs həmin ağır günlərdə gündəlik xərclərinizi necə qarşılayırdınız? Yemək pulu, filan...
 
- Bu xərci də bir-iki dost-tanış çəkirdi.
 
- Qatı heydərçilərdən bu məsələdə kömək edən yox idi?
 
- Yox. Elə öz dostlarımız sağ olsun. Bizi 3 aydan sonra çağırdılar ki, burada, Bakıda qalmaq istəyənlər qalıb işləsin, istəməyənlər də Naxçıvana qayıtsın. Bu, Heydər Əliyevin göstərişi idi. Bəylər müəllim dedi ki, burada qalanlar işlə təmin olunacaq, istəməyənlər də Naxçıvana Daxili İşlər Nazirliyinə işinə qayıtsın. Mən, Əmir və İlqar Bakıda qaldıq.
 
- Siz niyə Bakıda qaldınız?
 
- Qalmaq istədim və qaldım.
 
- Peşman oldunuzmu buna sonralar?
 
- Xeyr. Nə qazandımsa, burada qazandım. Müşfiq Mədətov adını burada Heydər Əliyevin sayəsində qazandım.
 
- Bəs rəsmi vəzifəyə nə vaxt təyin olundunuz?
 
- Mühafizə idarəsində mənə növbə rəisi vəzifəsini verdilər. Çətin iş idi. Rus dilini bilməməyimiz də bizə çətinlik yaradırdı.
 
- Bildiyimiz qədər Heydər Əliyev xarici ölkələrə gedəndə yanında mütləq sizi aparırdı...
 
- Bəli. Hara gedibsə, bir yerdə getmişik. Məni də aparıb.
 
- Sizə çox etibar edirdi yəni?
 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413