Elçin Behbudov: “Beydullayev kimi nazirlikdə heç kimi saymayanlar işdən qovulacaqlar”
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Zakir Həsənovun müdafiə naziri postuna gətirilməsindən danışıb. “Yeni Müsavat”a açıqlama verən hüquq müdafiəçisi deyib ki, Z.Həsənovu kapitan olduğu vaxtdan tanıyır: “O, mənim dostumdur. Onun böyük qardaşı Eldar Həsənov rəisim olub. Zakir Həsənovun müdafiə naziri təyinatı çox düzgün addımdır. Çünki Zakir Həsənov çox bacarıqlı bir kadrdır. Bilirsiz ki, bizim komitə mütəmadi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında monitorinqlər aparır. Zakir Həsənov orada komandan olduğu müddətdə Daxili Qoşunlarda vəziyyət çox yüksək səviyyəyə qalxıb. Əsgərlərin nizamnaməyə uyğun qidalanması, geyimlərinin vaxtında verilməsi də hər kəsə bəllidir. O, Daxili Qoşunlara elə texnikalar alıb ki, həmin texnikalarla düz Yerevana kimi getmək olar. Onun müdafiə naziri kimi bütün gözləntiləri doğruldacağını əminliklə deyirəm. Orada köklü dəyişikliklər edəcək. Müdafiə Nazirliyi sistemində əsgər ölümləri, əsgərlərin zabitlər tərəfindən incidilməsi, döyülməsi aradan qaldırılacaq. Orada yerində olmayan zabitlər, hətta generallar var. Onun iş prinsipinə yaxından tanışam deyə bunları söyləyə bilirəm”.
E.Behbudov deyir ki, Müdafiə Nazirliyi çox yüksək səviyyəli quruma çevriləcək: “Tutduğu vəzifəyə uyğun olmayan, kimlərinsə xahişi ilə yüksək vəzifələrə oturanlar, Beydullayev kimi Müdafiə Nazirliyində heç kimi saymayanlar işdən qovulacaqlar. Necə ki, orada kök salan çoxsaylı generallar işdən qovulublar. O, daxili işlər nazirinin müavini kimi özünü necə təsdiq etmişdisə, müdafiə naziri kimi də təsdiq edəcək. Zakir müəllim tələbkar və təmiz insandır”.
E.Behbudov bildirdi ki, yeni nazir pensiya yaşı ötmüş və yerində olmayan kadrları da Müdafiə Nazirliyindən təmizləyəcək: “Adını hallandırmaq istəmədiyim bir nazir köməkçisi var, o, nazirlikdə oturmaq əvəzinə gedib Bakı Qarnizonunda özünə aportament düzəldib. Belələrinin fəaliyyətinə düzgün qiymət veriləcək”.