2013-07-24 - 13:04:00
Mənzildə qeydiyyatda olan kənar şəxsləri qeydiyyatdan necə çıxarmaq olar?
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Dünyamin Novruzov bildirir ki, vətəndaşların tez-tez qarşılaşdığı bu problem “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cu maddəsindən qaynaqlanır: “Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması halları qanunun 9-cu maddəsində öz əksini tapıb. Lakin həmin maddədə problemin müvafiq rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən həlli imkanı nəzərdə tutulmayıb. 9-cu maddənin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Lakin müəyyən hallarda əvvəlki sakinlər yeni yaşayış yeri üzrə qeydiyyata alınmadıqları üçün həmin maddənin tətbiqi mümkün deyil.
Əvvəlki sakinlərin yeni mülkiyyətçinin mənzilində qeydiyyatda qalmaqda davam etməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun bir sıra müddəaları ilə ziddiyyət təşkil edir. Qanuna görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin yaşayış yeri şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd olunan halda əvvəlki sakinlərin mənzili alan şəxsin mənzilində qeydiyyatda qalmaları üçün hüquqi əsas yoxdur, onların qeydiyyatı yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir.
Vətəndaş rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin imtina cavabını aldıqdan sonra İnzibati-Prosessual Məcəlləyə əsasən müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət edə və sözügedən şəxslərin mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edə bilər”.
Hüquqşünas deyir ki, mövcud vəziyyət bu problemlə üzləşən vətəndaşların Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit olunmuş şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulması ilə nəticələnir: “Belə ki, maddənin 1-ci hissəsinə görə, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Vətəndaşa məxsus mənzildə onunla əlaqəsi olmayan şəxslərin mülkiyyətçinin iradəsi əleyhinə daimi qeydiyyatda olması vətəndaş üçün bir sıra neqativ nəticələr (həmin şəxslərə görə əlavə kommunal haqqı ödəmək, mənzili satacağı halda onların yazılı razılıq ərizəsini almalı olması, həmin şəxslərə ünvanlanacaq poçt göndərişlərinin vətəndaşa məxsus mənzilə gələcək olması və sair) yaradır. Bu isə şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulmasına səbəb olur”.
—————