Pərviz Həşimlinin işindən Avropa Məhkəməsinə şikayət ediləcək

28/09/2013 10:28
Pərviz Həşimlinin işindən Avropa Məhkəməsinə şikayət ediləcək
Pərviz Həşimlinin işindən Avropa Məhkəməsinə şikayət ediləcək

Jurnalistin ailəsi Elçin Behbudovdan niyə narazıdır?

Xəbər verdiyimiz kimi, Bakı Apelyasiya Məhkəməsi Səbayel Rayon Məhkəməsinin Pərviz Həşimli barəsində seçdiyi həbs-qətimkan tədbirini qüvvədə saxlayıb. Vəkil Anar Qasımlının sözlərinə görə, bu dəfə P.Həşimlini məhkəməyə gətirərkən başına torba keçirilməyib: “Əksinə onu gətirənlər başlarına torba keçirmişdilər. Dedilər ki, çəkiliş olarsa görünmələrini istəmirlər”.

“Yeni Müsavat”a açıqlamasında A.Qasımlı bildirdi ki, jurnalistin digər vəkili, hazırda xaricdə səfərdə olan Elçin Sadıqovla məsləhətləşəndən sonra məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət edəcəklər və Avropa Məhkəməsindən jurnalistin ev dustaqlığına buraxılmasını istəyəcəklər. Vəkil həmçinin bildirib ki, P. Həşimlini zaminə götürmək üçün deputatlardan müraciət edənlər var.
Vəkil sentyabrın 27-də P.Həşimli ilə görüşmək istədiyini, amma işlərinin çoxluğuna görə bu görüşün baş tutmadığını dedi. Onun sözlərinə görə, mediada jurnalistə qarşı təzyiq və işgəncələrin olması, ondan zorla Əli Kərimli əleyhinə ifadə almağa cəhd göstərilməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Müsahibimizə bu xəbərlərin P.Həşimlinin digər vəkili Elçin Sadıqov tərəfindən yayıldığını xatırlatdıqda A.Qasımlı dedi ki, bu durum onun üçün də müəmmalıdır: “Pərviz Həşimli ancaq həbs olunan zaman zorakılığa məruz qalıb. Əməliyyatçılar ona rişxənd ediblər, atmaca atıblar və sair. Amma MTN-ə təhvil veriləndən sonra onunla bağlı hər hansı işgəncə faktı qeydə alınmayıb. Elçin Sadıqov xaricdədir, işgəncə faktından necə xəbər tutması mənim üçün qaranlıqdır”. 
Jurnalistin həyat yoldaşı İlahə Həşimli də onun durumundan narahatdır. Müsahibimiz İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovdan P.Həşimliyə baş çəkməsi üçün xahiş etsə də, bunun baş tutmadığını dedi: “Biz 10 gündür ondan xahiş edirik ki, Pərvizə baş çəksin. Səhhətinin yaxşı olmadığını deyib, bir neçə gün sonra Pərvizə baş çəkəcəyini bildirir. Amma bu 10 gün qurtarmayıb hələ. Halbuki bu arada Türkel Kərimliyə baş çəkib. Mən anlamıram ki, Pərvizə olan bu ögey münasibət nədən qaynaqlanır”. 
P.Həşimli sentyabr 17-də həbs olunduqdan sonra moderator.az saytının kompüterləri də MTN əməkdaşları tərəfindən müsadirə olunub. Bundan on günə qədər vaxt keçsə də, saytın texniki avadanlıqları geri qaytarılmayıb. Bu da saytın fəaliyyətində böyük çətinlik yaradıb. Kompüterlər aparıldıqdan sonra saytın fəaliyyəti dayanmaq təhlükəsi ilə üzləşib. Saytın fəaliyyətinin normal məcraya qayıtması üçün kompüterlərin redaksiyaya qaytarılması çox vacibdir. Sayt rəhbərliyi bununla bağlı Mətbuat Şurasına müraciət edib ki, texniki avadanlıqların geri qaytarılmasında onlara gərəkən yardımı göstərsin.
Müraciət etdiyimiz Mətbuat Şurası sədrinin müavini Müşviq Ələsgərli bildirib ki, ən yaxın vaxtda moderator.az-ın kompüterlərinin geri qaytarılması üçün MTN-ə müraciət olunacaq: “Mətbuat Şurasının sədri Əflatun Amaşov hazırda xaricdədir. Bu səlahiyyət də yalnız ona aiddir. Sədr oktyabrın 1-də ölkəyə qayıdacaq”. M.Ələsgərli qeyd edib ki, qurum sədri məsələ ilə bağlı MTN-ə rəsmi müraciət edəcək.
Pərviz Həşimliyə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb. Səbayel Rayon Məhkəməsi ona qarşı iki aylıq həbs-qətimkan tədbiri seçib.
 
Sevinc TELMANQIZI

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413