Prezidentliyə namizədin seçki qərargahı hesabat yaydı

08/10/2013 08:20
b_401_301_16777215_00_images_xeber_sekiller_10sentyabr2013_cemilkonfransd.jpg
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının vahid namizədi 

Cəmil Həsənlinin Seçki Qərargahı 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkiləri üzrə  seçkiqabağı siyasi durum və təşviqat kampaniyasının nəticələri haqqında hesabat yayıb. "Yeni Müsavat" qəzetinin redaksiyasına daxil olmuş hesabatın mətni aşağıdakı kimidir.

"Demokratik Qüvvələrin Milli Şurasının (Milli Şura) namizədi Cəmil Həsənlinin Seçki Qərargahı 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasında prezident seçkilərinin səsvermə gününədək olan mərhələsinin, həmçinin seçkiqabağı təşviqat kampaniyasının qeyri-demokratik şəraitdə və ədalətli olmayan hüquqi baza əsasında ciddi qanun pozuntuları və inzibati resurslardan kütləvi sui-istifadə halları ilə keçirildiyini bildirir.

Seçki Qərargahı bəyan edir ki, geridə qalan seçki mərhələsi seçicilərin məlumat mənbələrinə çıxış imkanlarının məhdudlaşdırılması, rejimin siyasi opponentlərinə güc vasitəsilə təzyiqi, prezidentliyə namizəd Cəmil Həsənliyə qarşı böhtan və təhqir kampaniyasından istifadə edilməsi və cəmiyyətdə siyasi qarşıdurmanın artırılması şəraitində keçib. 

9 oktyabr 2013-cü il prezident seçkilərinin seçkiqabağı təbliğat-təşviqat dövrü Azərbaycanda son 20 ildə keçirilən əvvəlki seçkilərdə olduğu kimi azad, demokratik, həqiqi və ədalətli seçkilərlə bağlı BMT-nin, ATƏT-in və Avropa Şurasının beynəlxalq öhdəliklərində nəzərdə tutulan tələblərə uyğun gəlməyib. 

Qeyd edilən pozuntulara baxmayaraq, Demokratik Qüvvələrin Milli Şurası 9 oktyabr 2013-cü il prezident seçkisində iştirakla bağlı Cəmil Həsənlini müxalifətin əsas namizədi kimi müəyyən edərək, onun prezidentliyə namizədliyinin qeydiyyatı, seçki qərargahının yaradılması və seçkiqabağı təşviqatının təşkili üçün müəyyən etdiyi Fəaliyyət Planı əsasında müvafiq tədbirlər həyata keçirib. Mövcud siyasi şəraitin və qanunun imkan verdiyi şəkildə təcrübəli şəxslərin daxil olduğu Seçki Qərargahı və onun strukturları yaradılıb, Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri, vəkilləri qeydiyyatdan keçirilib, qeyri-bərabər vəziyyətdə olsa da, ölkə boyunca seçki təşviqatı aparılıb. Lakin bütün bu dövr ərzində seçicilərlə görüşlər, mitinqlər və tədbirlər zamanı bir qayda olaraq icra hakimiyyəti orqanlarının təşkil etdiyi təxribatlar, təzyiqlər və maneələrlə üzləşilib. İctimai TV-də və Radioda çıxış etmək üçün həddən artıq az vaxt ayrıldığı üçün Cəmil Həsənli bu quruma ötən seçkilərə nisbətən qəsdən dəfələrlə bahalaşdırılmış pullu efir vaxtı üçün müraciət edib, lakin Seçki Məcəlləsi kobud şəkildə pozularaq ona pullu efir  vaxtı ayırmaqdan açıq şəkildə imtina edilib.  

Beynəlxalq öhdəliklər 

Azərbaycan hakimiyyəti azad və ədalətli seçkilərin keçirilməsi üzrə beynəlxalq öhdəliklərinin heç birini yerinə yetirməyərək, indiyədək Avropa Şurası Parlament Assambleyası (AŞ PA), Avropa Şurası Venesiya Komissiyası (AŞ VK) və ATƏT-n Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) tövsiyələrinə əməl etməyib. Xüsusi olaraq qeyd edək ki, 2003-cü ildən indiyədək AŞ PA, AŞVK və ATƏT/DTİHB Azərbaycanda keçirilən seçkilərdən sonra qanunvericilik aktlarının və seçki təcrübəsinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürsə də, hakimiyyət bu qurumlarla dialoq və əməkdaşlıqdan yayınıb,  seçki qanunvericiliyində mütərəqqi islahatlar əvəzinə, 2008 və 2010-cu illərdə Seçki Məcəlləsinə mürtəce dəyişikliklər edib. 

Seçkinin hüquqi bazası və seçki sistemi 

18 mart 2009-cu ildə “Konstitusiyaya əlavə və dəyişikliklər haqqında” Referendum Aktının ictimai-siyasi müzakirələri, referendum aktının hazırlanması və referendumun təşkili ciddi hüquqi pozuntularla müşayiət olunaraq keçirilib. Referendum seçicilərin iradəsini əks etdirməyib, nəticədə ölkədə bir şəxsin ikidəfədən artıq prezident seçilməsini məhdudlaşdıran müddəa Konstitusiyadan çıxarılıb. Bu cür antidemokratik düzəliş nəticəsində ölkədə respublikaçılıq ənənələrinin sarsılması və birpartiyalı siyasi hakimiyyətin de-fakto yaradılması üçün hüquqi məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda 15 oktyabr 2008-ci ildə real olaraq alternativsiz prezident seçkiləri nəticəsində dövlət başçısı postunda qalan İlham Əliyevin ikinci dönəm prezidentlik üçün verdiyi anda rəğmən, onun yenidən üçüncü dəfə prezidentliyə namizəd olması qanunsuz sayılmalı, seçkilərdə iştirakı qeyri-legitim hesab edilməlidir. 

Mərkəzi Seçki Komissiyasının, həmçinin 125 dairə və 5300 məntəqə seçki komissiyasının tərkibinin formalaşdırılması AŞ PA Venesiya Komissiyasının tövsiyələrinə məhəl qoymadan əsas müxalif siyasi partiyaların iştirakı olmadan, hakim Yeni Azərbaycan Partiyasının mütləq üstünlüyü əsasında yaradılması, ölkədə müstəqil seçki administrasiyasının yaradılması tələblərinə və ictimai etimada cavab vermir. Xüsusilə qeyd edək ki, 2005-ci il parlament seçkilərindən sonra Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda seçki hüquqlarının pozulması üzrə 20-dən artıq qərar versə də, bu prosesdə iştirak edən seçki komissiyalarının üzvlərinin, o cümlədən MSK üzvlərinin məsuliyyəti hüquqi qiymətini almamış, ictimai və işgüzar nüfuzunun zədələnməsinə baxmayaraq, onlar hələ də seçki komissiyalarında təmsil olunurlar. 

 

Hazırda Seçki Məcəlləsinə əsasən, hər üç səviyyə seçki komissiyalarında üzvlərin 3/1 hissəsi Yeni Azərbaycan Partiyasını, qalan 3/1 hissə parlamentdə yer alan digər siyasi partiyaları, digər 3/1 hissə isə müstəqil deputatları təmsil edir. Əslində bu cür format 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü və AŞ PA-nın qətnamələrində yer alan öhdəliyin – seçki komissiyalarının bütün siyasi qüvvələrin bərabər təmsilçiliyi şəraitində formalaşması prinsipinə ziddir. İkincisi, hazırkı parlamentdə mövcud yerlərin tutulması ölkədəki gerçək siyasi münasibətləri əks etdirmir. 

 

Seçkiqabağı kampaniya və təşviqat 

 

Seçkiqabağı kampaniyanın 120 gündən 60 günədək azaldılması təşviqat kampaniyasının isə 21 günə endirilməsi  səsvermə hüququ olan seçicilərlə təmaslar, təbliğat və təşviqat işinin vaxt çərçivəsini ciddi şəkildə daraldır və seçki prosesinə marağı azaldır. 

- Prezidentliyə namizədlərin təşviqat kampaniyası rekord qısa müddətdə və hökumətin KİV üzərində total nəzarəti şəraitində keçib, bu isə müxalifət namizədinə təşviqat kampaniyasını tam şəkildə həyata keçirmək imkanlarını məhdudlaşdırıb. Bunun aşağıdakı səbəbləri var:

- İlk dəfə namizədlərin seçki kampaniyasının dövlət büdcəsindən maliyyələşdirilməsi ləğv edilib,

bu da ölkədə maliyyə resursları üzərində hakimiyyətin total nəzarəti şəraitində müxalifət

namizədinə maliyyə resurslarından istifadə imkanı verməyib. Namizədlərə yalnız bank hesabı vasitəsilə pul köçürülməsi barədə icbari tələb isə müxalif namizədin kampaniyasına  yardım etmək istəyənlərin çoxunu qorxudub. Yardım etmək istəyənlər hakimiyyətin

təqibindən çəkiniblər.

- Cəmil Həsənlinin televiziya ilə çıxışları üçün yalnız İctimai Televiziyadakı debatlarda 6 dəqiqə vaxt ayrılıb. Onun ümumi çıxış müddəti 54 dəqiqə, faktiki olaraq əsasən iqtidar mövqeyindən çıxış edən opponentlərin vaxtı isə 486 dəqiqə olub. Başqa hallarda İTV və digər telekanallar Cəmil Həsənliyə çıxış üçün vaxt ayırmayıblar, İctimai Televiziya hətta ona reklam və ya ödənişli əsasla vaxt ayırmaqdan da imtina edib. Ötən mərhələdə telekanal və radiolarda seçki mövzusuna ya ümumiyyətlə toxunulmayıb, ya da Milli Şuranın namizədinin əleyhinə tənqid və təhqir məzmunlu çıxışlar təşkil olunub.

- İTV-də “debat” adlanan verilişləri isə debat saymaq mümkün deyil, çünki bu zaman namizədlərin ən azı 7 nəfəri Milli Şuranın namizədinə hücum və təhqir kampaniyası həyata keçirib. Debatlar həmin namizədlərin seçkilərdə formal iştirakını və faktiki məqsədini göstərib – Mili Şura namizədinə mane olmaq.

- Debatlarda Cəmil Həsənli və Milli Şura İTV aparıcısının səhlənkarlığı və iqtidar təəssübkeşliyi nəticəsində açıq təhqirlərə məruz qalıb.  

- Bu dövrdə çap və onlayn KİV-lərin böyük əksəriyyəti prezident İlham Əliyevə dəstək üzrə informasiya kampaniyası aparıb,  Milli Şura namizədinə qarşı isə məqsədyönlü tənqid həyata keçiriblər. KİV-in bu mövqeyi onların hakimiyyətdən iqtisadi və siyasi asılılığı ilə əlaqədardır. Eyni zamanda çap KİV-lərinin tirajı məhduddur. Böhtan və başqa ittihamlar üzrə məhkəmə iddiaları jurnalistlərə sərbəst işləmək və fikrini ifadə etmək imkanı vermir. 4 iyun 2013-cü ildə diffamasiyaya görə cinayət məsuliyyəti İnternetə də şamil edilib. 

 

- Seçki təşviqatı dövründə İlham Əliyev öz prezident statusundan istifadə edib müxtəlif dövlət obyektləri açaraq, maaş və pensiyaların artırılması barədə sərəncamlar verərək, hər gün televiziyalarda reklam edilib. Prezident statusundan sui-istifadəni o da göstərir ki, əgər 2012-ci ilin iyul-sentyabrında regionların sosial-iqtisadi inkişafı məqsədi ilə 52,4 milyon manatlıq 13 sərəncam verilibsə, 2013-cü ilin eyni aylarında 160,8 milyon manatlıq 68 sərəncam verilib. Bu vəsaitlər əsasən inzibati resursların aktivləşdirilməsinin təşviqi üçün verilib.       

 

- Ümumiyyətlə, 7 telekanalın (AzTV, ATV, ANS, İTV, “Lider TV”, Space, Xazar) informasiya proqramalarında prezident İlham Əliyev 11 saat 45 dəqiqə, müxalifətdən olan namizəd Cəmil Həsənli isə cəmi 16 dəqiqə təqdim edilib. Bunu da qeyd edək ki, İ.Əliyev pozitiv, C.Həsənli isə neqativ rakursda təqdim olunub.

 

- Seçkilərin ötən mərhələsində istər dövlət, istərsə də ictimai və özəl telekanallar ''Televiziya və radio yayımı haqqında'' qanunun müddəalarını kobud şəkildə pozmuşdur. Bu qanunun 32-ci maddəsinin 32.0.2.1 bəndinə əsasən, bütün telekanallarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmalıdır. 

 

 - ''Televiziya və radio yayımı haqqında'' qanunun 32.0.4 bəndinə əsasən, faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir; 32.0.3 bəndə əsasən, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır; 40.2.4 bəndə əsasən, insanların şəxsi həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşılmalı; 40.2.5 bəndə əsasən, yayım zamanı peşə etikasına riayət edilməlidir (2003-cü ildə qəbul edilən Azərbaycan Jurnalistlərinin Peşə Etikası Məcəlləsi); nəhayət, 40.2.9 bəndə uyğun olaraq, informasiyanın qərəzsizliyi və tərəfsizliyi təmin edilməlidir. 

Dövlətin iştirakı ilə formalaşan KİV-də etik prinsipləri tənzimləməli olan Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası kimi yarımictimai strukturlar bu kobud pozuntulara reaksiya verməyiblər.  

Yığıncaq azadlığının məhdudlaşdırılması 

Konstitusiya və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zidd olaraq, hakimiyyət seçki təşviqatı dövründə vətəndaşların açıq havada və qapalı yerlərdə yığıncaqlar keçirməsinə məhdudiyyətlər yaradıb. Tədbirləri keçirmək üçün əsasən toplanma üçün yararsız olan və ucqar yerlər ayrıldı. Amma hakim Yeni Azərbaycan Partiyası öz mitinq və görüşlərini ölkə şəhərlərinin mərkəzində inzibati binaların qarşısında keçirdi. 

Milli Şuranın namizədi Cəmil Həsənlinin regionlardakı mitinqlərinə görüşləri pozmaq üçün təxribatçılar gətirilir və onlar açıq şəkildə mitinq iştirakçılarına qarşı güc tətbiq edirdi. Həmçinin hakimiyyət qabaqcadan əhalini qorxudur, müxalifətin mitinqində iştirak etmək istəyənləri repressiyalarla hədələyirdi. O cümlədən, namizəd İqbal Ağazadənin görüşlərini keçirmək üçün maneələr yaradılırdı. 

Namizədlər İlham Əliyev, Hafiz Hacıyev, Qüdrət Həsənquliyevin mitinqlərində isə çoxsaylı məcburi iştirak halları qeydə alınıb, dövlət idarələri, təhsil müəssisələri işçilərinin və tələbələrin zorla bu mitinqlərə gətirildiyi müəyyən edilib. 

Vətəndaş cəmiyyətinə təzyiq 

Seçkilər ərəfəsində və seçki kampaniyası dövründə hakimiyyət qorxutma, həbs və zorakılıq yolu ilə vətəndaş cəmiyyəti fəallarına təzyiqləri artırıb. 

Milli Şura namizədinin 22 sentyabr mitinqindən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlinin oğlu Türkel Kərimli və daha iki aksiya iştirakçısı həbs edildi. 

Bundan əlavə, Demokratik Qüvvələrin Milli Şurasının namizədinin qərargah üzvü Oqtay Gülalıyevin 16 yaşlı oğluna hücum edilib və bədən xəsarətləri yetirilib.

Müsavat Partiyasının Qəbələ rayon təşkilatının özək sədri İmran İsmayılov namizəd prezidentliyə namizəd Cəmil Həsənlinin təşviqat materiallarını payladığı üçün 7 sutka müddətinə azadlıqdan məhrum edilib.

18 avqust mitinqi ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimli həbs olunub. 

Müsavat Partiyasının Gəncə rayon təşkilatının sədri Oqtay Zeynalov,  həmin partiyanın Sabirabad rayon təşkilatının sədr müavini, prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Azər İsmayıl bu rayonda keçiriləcək görüş-mitinq ərəfəsində həbs edilərək, bir gün polis idarəsində saxlanmışdır. 

Mart ayında NİDA hərəkatının fəalları Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu, daha sonra hərəkatın liderləri  Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı  həbs olunub. 

“Human Rights Club” Azərbaycan hüquq müdafiə təşkilatının məlumatına görə, bütövlükdə ilin əvvəlindən bu yana həbslər davam edib və prezident seçkiləri ərəfəsində ölkədə fəalları, jurnalistləri, hüquq müdafiəçilərini və dindarları əhatə edən siyasi məhbusların sayı 142 nəfərə çatıb. 

Seçkiləri işıqlandıran jurnalistlərə təzyiqlər 

Mingəçevir və Sabirabadda polis və hakimiyyət tərəfindən öyrədilmiş şəxslər Cəmil Həsənlinin seçicilərlə görüşünü işıqlandıran jurnalistlərə qarşı fiziki və mənəvi zorakılıq tətbiq ediblər. Məsələn, sentyabrın 5-də bir qrup jurnalist, o cümlədən “Turan” İnformasiya Agentliyindən Etimad Budaqov, “Yeni Müsavat” qəzetindən Röya Rəfiyeva, “Azadlıq” qəzetindən Ramin Deko və Sevinc Vaqifqızı, “Media forum” saytının əməkdaşı Amid Süleymanov, “Bakunews” saytının əməkdaşı İlham Rəsulzadə və başqaları Sabirabadda Cəmil Həsənlinin seçkiqabağı aksiyasını işıqlandırarkən hücuma və fiziki zorakılığa məruz qalıb. Həmin mitinqdə Müsavat Partiyasının üzvləri Mətin Nağıyev və İlqar Şirəli, AXCP üzvü Türkel Əlisoy və başqaları da fiziki zorakılığa məruz qalıb. Hücumlar hüquq mühafizə orqanları əməkdaşlarının yanında baş verib və onlar jurnalistlərin döyülməsinin qarşısını almaq üçün heç bir tədbir görməyiblər. Bəzi jurnalistlər ciddi bədən xəsarəti alıb, onların avadanlıqlarına ziyan dəyib.

Sentyabrın 2-də Baş Prokurorluq Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun reportyoru, seçkiləri intensiv işıqlandıran fəal bloqçu Mehman Hüseynovu qorxutmaq məqsədi ilə iki saat dindirib. 

Namizədlərin qeydiyyatı 

Hakimiyyət əsassız olaraq 4 namizədi qeydə almaqdan imtina etdi. Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Rüstəm İbrahimbəyov ikinci vətəndaşlıqla bağlı imtina cavabı aldı, hərçənd qanunvericilik yalnız başqa ölkə qarşısında öhdəlik olduğu təqdirdə seçkidə iştirakı məhdudlaşdırır. İbrahimbəyov belə öhdəliklərin olmaması ilə bağlı rəsmi sənədlər təqdim etdi, lakin onlar nəzərə alınmadı. 

“Real” Hərəkatının sədri İlqar Məmmədov seçkidən öncə qanunsuz olaraq həbs edildi və daha sonra onun namizədliyi də əsassız şəkildə qeydə alınmadı. Seçkidə iştirakı əngəllənən İlqar Məmmədov və “Real” Hərəkatı Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləmək barədə qərar verdi.  

Seçkilərə 10 namizəd buraxıldı və onların əksəriyyəti namizəd İlham Əliyevin vəkilləri kimi çıxış etdi. Bu da seçkiləri formal, qeyri-bərabər, qeyri-demokratik, hakimiyyətin ciddi müdaxiləsi ilə keçirildiyini sübut etdi. İlham Əliyev və bir sıra digər namizədlər Seçki Məcəlləsini pozaraq bu günəcən gəlirləri barədə bəyannamə təqdim etməyib, onların mülkiyyət məlumatları cəmiyyətə açıqlanmayıb. Cəmil Həsənlinin tələb və iradlarına baxmayaraq, bu, MSK tərəfindən nəzərə alınmır. 

Seçicilərin sayı 

Hakimiyyətin seçkiləri saxtalaşdırmaq səylərini ölkədəki seçicilərin sayı ilə bağlı MSK ilə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdəki fərq də təsdiq edir. MSK-nın məlumatına görə, hazırda ölkədə 4,9 milyon seçici, AR Dövlət Statistika Komitəsinin məlumatına görə isə – 6,4 milyon seçici var. Rəsmi məlumatlara əsasən, seçicilərin siyahısına Azərbaycanı tərk edənlərin də adları salınıb, bu da saxtalaşdırma üçün geniş imkanlar yaradır. 

Cəmil Həsənlinin təşviqat kampaniyası

Cəmil Həsənlinin təşviqat kampaniyasında aşağıdakı tədbirlər keçirilib:

1. Cəmil Həsənlinin İctimai Televiziyada 9  debatda iştirakı;

2. Cəmil Həsənlinin nümayəndələrinin İctimai Radioda 9 debatda iştirakı;

3. Bakı şəhərində  3 görüş-mitinq;

4. Ölkə regionlarında seçicilərlə 8 görüş: Mingəçevir, Gəncə, Şəki, Sabirabad, Masallı, Quba, Neftçala, Sumqayıt;

5. Bakıda gənclərlə görüş;

6. “Bakı” kinoteatrında Bakı şəhəri Xətai rayonu seçiciləri ilə görüş;

7. Cəmil Həsənlinin 2 növ təşviqat plakatlarının, 2 növ bukletlərinin çapı və ölkədə yayılması;

8. Təşviqat materiallarının paylanması ilə həyata keçirilən “Qapıdan-qapıya!” aksiyası;

9. Cəmil Həsənlinin seçkiqabağı reklam çarxlarının hazırlanıb internetdə nümayiş etdirilməsi;

10. Sosial şəbəkələrdə təbliğatın təşkili;

11. Cəmil Həsənlinin yerli və xarici KİV-ə mətbuat konfransı və müsahibələri;

12. Ayrı-ayrı seçicilər, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər. 

Hakimiyyət Cəmil Həsənlinin təşviqatına mane olmağa çalışıb və çirkin mübarizə yollarından istifadə edib. Bu dövrdə aşağıdakı qanunsuz və qeyri-əxlaqi hərəkətlər edilib:

1. İctimai Televiziyada və Radioda debatlar zamanı Cəmil Həsənli mütəmadi olaraq hakimiyyətin və hakimiyyətə bağlı namizədlərin, yaxud da onların təmsilçilərinin təhqir və böhtanına məruz qalıb. Bununla əlaqədar o, tədbir görülməsi üçün MSK-ya müraciət etməsinə baxmayaraq, MSK tərəfindən heç bir tədbir görülməyib, əksinə MSK Cəmil Həsənlinin özünə  xəbərdarlıq edib. 

2. Həsənlinin seçicilərlə görüşü zamanı hakimiyyət guya onun bəyanatları və platforması ilə razılaşmayanların, əslində isə icra hakimiyyəti strukturları tərəfindən bu tədbirlərə gətirilmiş xüsusi adamların iştirakı ilə təxribatlar hazırlayıb. Polisin səhlənkarlığı, hətta iştirakı ilə bu görüşlərdə qarşıdurmalar yaradılıb. Regional hakimiyyət orqanları da Cəmil Həsənli ilə görüş təyin ediləndən öncə yerli seçiciləri qorxudaraq onunla görüşə mane olublar. Görüşlərin və mitinqlərin keçiriləcəyi yerlərə gedən yollar bağlanıb. Görüşlər zamanı görüş keçirilən zalların ətrafında təmir işlərinin aparılması təşkil edilib. 

 

3. Bir sıra telekanallar yalnız Cəmil Həsənliyə qarşı məqsədyönlü qara piar aparıb, amma seçki prosesini işıqlandırmayıb.

 

4. Ölkənin müxtəlif yerlərində namizədlərin plakatları üçün lövhələrdə Cəmil Həsənlinin plakatlarının cırılması halları qeydə alınıb. 

 

Nəticələr və tələblər 

 

Cəmil Həsənlinin Seçki Qərargahı 9 oktyabr 2013-cü il prezident seçkisinin ötən mərhələsində hüquqi proseduraların və demokratik seçki prinsipləri üzrə beynəlxalq standartların ciddi şəkildə pozulduğunu nəzərə alaraq bəyan edir:

 

1.  9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasında prezident seçkilərinin seçki gününədək olan mərhələsi qeyri-demokratik şəraitdə və ədalətli olmayan hüquqi baza əsasında ciddi qanun pozuntuları və inzibati resurslardan kütləvi sui-istifadə halları ilə keçirilib. Hakimiyyət seçicilərin məlumat mənbələrinə çıxış imkanlarının məhdudlaşdırıb, mətbuat azadlığını təmin etməyib, siyasi opponentlərinə güc vasitəsilə təzyiqlər göstərib. 

 

2. Seçki ərəfəsində Azərbaycanda bir çox siyasi xadimlər və ictimai fəallar siyasi motivlərlə həbs edilib, prezidentliyə namizədliyini irəli sürmüş “REAL” Vətəndaş Hərəkatının lideri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov, tanınmış vəkil Qurban Məmmədov, jurnalist və ictimai xadim Hilal Məmmədov, jurnalist Əvəz Zeynallı, İslam Partiyasının sədri Mövsüm Səmədov, NİDA Vətəndaş Cəmiyyətinin üzvləri, gənc fəallar Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, , Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, AGT üzvü İlkin Rüstəmzadə, gənc ilahiyyatçı Taleh Bağırzadə və başqa siyasi məhbuslari azad etmək əvəzinə, əksinə digər şəxslərin də siyasi motivlərlə həbs olunması hesabına siyasi məhbusların sayı daha da artıb.

3. Hakimiyyət prezidentliyə namizəd Cəmil Həsənliyə qarşı böhtan və təhqir kampaniyasından istifadə edib, onun seçki kampaniyasına ciddi əngəllər yaradıb. Həmçinin hakim partiyanın namizədi, namizəd kimi qeydə alınması demokratik prinsiplərə və qanunlara zidd olan mövcud prezident İlham Əliyevin xeyrinə dövlət resurslarından istifadə edilib. Nəticə olaraq 9 oktyabr 2013-cü il prezident seçkilərinin səsverməyə qədər olan mərhələsi azad, demokratik və ədalətli seçkilərlə bağlı BMT-nin, ATƏT-in və Avropa Şurasının beynəlxalq öhdəliklərində nəzərdə tutulan tələblərə uyğun keçirilməyib. 

4. Seçki Qərargahı hakimiyyətdən və seçki komissiyalarından seçki günü səsvermənin və onun nəticələrinin müəyyənləşməsinin qanuni, şəffaf və ədalətli olmasını; 

5. Seçki gününədək və bundan sonra seçki qanunlarını pozulması ilə bağlı obyektiv araşdırma aparmağı və günahkarların cəzalandırılmasını tələb edir. 

6. Seçki Qərargahı hakimiyyətin özünə yaxın qurumlar vasitəsi ilə exit-pollar keçirməyə hazırlaşmasını pisləyir və bunun seçki nəticələrinin saxtalaşdırılacağına yardım məqsədi daşıdığını bəyan edir.

7. Seçki Qərargahı yerli və beynəlxalq seçki müşahidəçilərini, həmçinin seçki ilə bağlı mövqelərini açıqlayan beynəlxalq təşkilatları və ayrı-ayrı dövlətləri tərəfsizliyə və obyektivliyə çağırır". 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413