Qalmaqallı tikinti sahibi “Yeni Müsavat“ı hədələdi

03/10/2013 21:23

Qalmaqallı tikinti sahibi “Yeni Müsavat“ı hədələdi

 

 

 

bitmap-img6

 

Natiq Heydərov onun üzündən işıqsız qalan sakinlərdən üzrxahlıq etmədi; sahibkarın tikdirdiyi obyekt minlərlə insanın yolunu kəsir, avtomobillərin hərəkətinə mane olur

 

 
Bakının Xətai rayonu ərazisində, Ukrayna dairəsi yaxınlığında ( Məhəmməd Hadi küçəsi) aparılan özül qazıntısı zamanı baş verən qəza haqda ötən saylarda yazmışdıq. Bir neçə yazıdan sonra ərazidə tikinti aparan sahibkar Heydərov Natiq Heydər oğlunun köməkçisi Məmməd Rzayev redaksiyamızla telefon əlaqə saxlayaraq ərazidə aparılan tikintinin qanunsuz olmadığını bildirmişdi. Redaksiyamıza müvafiq sənədlərin təqdim edəcəyini də söyləmişdi. Dünən redaksiyamıza gələn M.Rzayev sahibkarın ərizəsini və tikintiyə icazə verən sənədlərin surətlərini təqdim edib. Sahibkar ərizəsində yazır:
 
“Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/3255 saylı, 22.09.2011-ci il tarixli razılaşdırılmış eskiz layihəsinə, Xətai Rayonu İcra Hakimiyyəti başçısının 25.10.2011-ci il tarixli, 345 saylı sərəncamdan çıxarışına uyğun olaraq mənə məxsus olan, M.Hadi küçəsində (Ukrayna dairəsi yaxınlığında) yerləşən ərazidə əhaliyə iaşə xidməti obyektinin tikintisinə başlanmışdır. Tikinti rayon icra hakimiyyətinin memarının nəzarəti ilə və tikinti qaydalarına riayət olunmaqla həyata keçirilir. Sizin qəzetinizdə 17 aprel 2013-cü il tarixdən başlayaraq bu tikinti barəsində bir neçə məqalələr dərc olunmuşdur. Bu məqalələrin hamısında qərəzli olaraq ya səhiyyə nazirinin müavini Elsevər Ağayev, ya Paşayevlər ailəsi, ya Xətai rayonu icra hakimiyyəti başçısı Razim Məmmədov, ya da Elsevər Ağayevin qardaşının adı obyektin sahibi kimi qələmə alınmışdır. Bu səbəbdən tikintinin mənə məxsus olduğunu sübut edən sənədləri Sizə təqdim edirəm və yazdığınız məqalələrə dərhal düzəliş edilərək dərc olunmasını Sizdən tələb edirəm. Əks təqdirdə məhkəməyə müraciət edəcəyimi bildirirəm.
 
M.Rzayevin sözlərinə görə N.Heydərov Azərbaycan hakimiyyətində təmsil olunan kimlərləsə qohumluq əlaqəsinə malik deyil. Köməkçi qeyd etdi ki, N.Heydərov Rusiyada bizneslə məşğul olur, həmin biznesdən əldə etdiyi gəlirlə qeyd olunan ərazidə iaşə obyekti inşa etdirir. Sahibkarın köməkçi onu da bildirdi ki, tikiləcək obyektin zirzəmisində maşın saxlamaq üçün dayanacaq olacaq, ora gələn avtomobillər də o dayanacaqda park edəcəklər.
 
E.HÜSEYNOV
 
REDAKSİYADAN: Sahibkar N.Heydərovun nəzərinə bəzi məsələləri çatdırmağı lazım bilirik. Birincisi, mətbuatla, jurnalistlərlə hədə, təhdid tonunda danışmaq lazım deyil. Xüsusilə də minlərlə vətəndaşa ziyan vuran, insanları narahat edən sahibkar bunu heç etməməlidir. N.Heydərov onun üzündən bir neçə gün ardıcıl olaraq işıqsız qalan, narahatlıq yaşayan sakinlərdən qəzet vasitəsilə üzrxahlıq etmək əvəzinə, bu problemi gündəmdə saxlayan “Yeni Müsavat” qəzetini məhkəmə ilə hədələyir.
 
Ən əsası, onun tikdirdiyi obyekt M.Hadi küçəsində avtomobillərin hərəkətinə ciddi əngəl yaradacaq. Hər nə qədər o obyektin parkinqi olsa da ora daxil olan və çıxan maşınlar yolda hərəkətin intensivliyinə ciddi problem yaradacaq. Yaxşı olardı ki, Bakı Şəhər İcra Hakimiyyəti, o cümlədən başqa aidiyyatı qurumlar indidən bu məsələni diqqətdə saxlasınlar. Dörd yolun ayrıcında, avtomobillərin hərəkətinin ən mürəkkəb hissəsində obyekt tikdirmək əsla anlaşılan və qəbul edilən deyil. Azərbaycanda qanunlar normal işləsəydi bizi məhkəməylə hədələyən sahibkar N.Heydərovun özünü məhkəməyə verib obyektinin tikintisinin qarşısını almaq olardı.
 
Ötən saylarda da qeyd etdiyimiz kimi, özülün düz yaxınlığında 30 illik şam və küknar ağaclarından ibarət yaşıllıq zolaq var. Gələcəkdə bu yaşıllığın N.Heydərov tərəfindən məhv edilməyəcəyinə də qarantiya yoxdur.
 
“Yeni Müsavat” olaraq bu mövzunu diqqətdə saxlayacaq, gələcəkdə xoşagəlməz halların qarşısını indidən almaq üçün obyektin tikintisinin qarşısını almaq üçün ölkə rəhbərliyinin, hətta prezidentin diqqətini bu biabırçı olaya cəlb etməyə çalışacağıq
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413