QAZAXDA ŞƏHİD AİLƏSİNƏ NECƏ “TORBA TİKİBLƏR”

27/05/2013 14:27

QAZAXDA ŞƏHİD AİLƏSİNƏ NECƏ “TORBA TİKİBLƏR”

QAZAXDA ŞƏHİD AİLƏSİNƏ NECƏ “TORBA TİKİBLƏR”
İCRA BAŞÇISININ MÜAVİNİ ŞƏHİD AİLƏSİNƏ QARŞI KAMPANİYA BAŞLADIB

DİA.AZ: - Bölgələrdə icra məmurlarının özbaşınalıqları, sakinləri sıxışdırmaları barədə faktlar barədə mətbuatda dəfələrlə məlumatlar dərc olunub. Mərkəzdən uzaq ərazilərdə yerləşən rayonlardakı bəzi məmurlar əhalini sıxışdırır, insanları dövlətə qarşı çıxmağa vadar edir. Bu cür hadisələr Qazax rayonunda da cərəyan edir. 

Bu barədə DİA.AZ-a rayonun Yuxarı Əskipara kənd sakinləri müraciət edib. Sakinlərin müraciətində göstərilir ki, Qazax rayonunun 7 kəndi 20 ildən artıqdır ki, işğal altındadır. Bu kəndlərdən biri də Yuxarı Əskiparadır. Yuxarı Əskipara 1991-ci ilin oktyabrından 1992-ci ilin iyun ayına qədər ermənilərin mühasirəsində qalıb. Kəndin hər tərəfdən blokadaya alınması və təcrid olunmasına baxmayaraq bu müddət ərzində cəmi 130 evlik bu kənd mərdliklə döyüşüb, bir neçə şəhid verib: 

“Kənd sakinləri torpaq uğrunda həlak olan şəhidlərin ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır, onların maksimum problemsiz yaşamasına çalışırlar. Çünki onlar bizim uğrumuzda, torpaqlarımız və ailələrimiz uğrunda canlarından keçib şəhid olublar. Onlar döyüşməsəydi, şəhid olmasaydı, bu gün Yuxarı Əskipara kəndi də düşmən tapdağında, özümüz isə düşmən əsirliyində olardıq. Yuxarı Əskiparanın igid oğlanları buna imkan vermədi, kəndi, kənd sakinlərini canlarından artıq tutdular və şəhid oldular. Onların bu qəhrəmanlığı sayəsində bu gün biz kənd camaatı rahat yaşayırıq. Bu cür fədakar şəhidlərimizin ailə üzvlərinə qarşı hörmətsizliyi bizim hər birimizin ailəsinə qarşı hörmətsizlik hesab edirik. Azərbaycanın hər bir şəhid ailəsi bizim üçün müqəddəsdir, əzizdir və onların problemləri bizim problemlərimizdir. Bu cür özbaşınalığa imkan verməyəcəyik”.

Sakinlər deyirlər ki, Qarabağ döyüşlərində də Yuxarı Əskiparadan bir neçə şəhid var. Onlardan biri də kəndin fəxri şəhidi Abbasəli Məhərrəmovdur: “Abbasəli Məhərrəmov şəhid olandan sonra ailəsinin az da olsa təsəlli tapması üçün onun adının əbədiləşdirilməsi barədə qərar verilib. Bu məqsədlə də rayonun 2 saylı məktəbinin bazasında fəaliyyət göstərən Yuxarı Əskipara kənd orta məktəbinə şəhidin adı verilib. Lakin, rayonun yüksək çinli məmurları həmin şəhidin ailə üzvünə qarşı təzyiqlərə başlayıb. Bu təzyiqlər ailəyə hazırki vaxta qədər də davam edir”.

Sakinlərin DİA.AZ-a dediyinə görə, bu təzyiqlərin başında rayon icra hakimiyyəti başçısının birinci müavini Fərman Nağdəliyev və onun vəzifədə olan qohumları durur. Sakinlər iddia edirlər ki, icra başçısının birinci müavini şəhid Məhərrəmovun qardaşlarını belə vəzifədən azad etməkdən çəkinməyib: “Təxminən 6 aya yaxındır ki, Yuxarı Əskipara kənd icra nümayəndəliyində katib vəzifəsi boşdur. Çünki bu vəzifəni daşıyan şəxs yaşa görə təqaüdə göndərilib. Proses qanuni həyata keçirildiyindən bu barədə heç bir narazılıq olmayıb. Amma, sonradan məlum oldu ki, bu bir plandır və kənd rəhbərliyində “təmizləmə əməliyyatı” aparılır”.

Sakinlərin dediyinə görə, bu plan icra başçısının birinci müavininin şəhid ailəsinə “torba tikmək” əməliyyatı ilə əlaqəli imiş. Çox keçmir ki, bu “əməliyyatın” nəticəsi bəlli olur: Katib vəzifəsi boş qalsa da, bu vaxta qədər həmin vəzifəyə heç kim təyin edilməyib. Sonradan məlum oldu ki, kənddə əməlli-başlı” təmizləmə” əməliyyatı aparılırmış və ona görə də bu vəzifəyə təyinat yoxdur. Bir neçə ay sonra kənd icra nümayəndəsi də işindən azad edildi. Kənd icra nümayəndəsi Azər Məhərrəmov şəhid Abbasəli Məhərrəmovun qardaşıdır. Işdən çıxarılmasına səbəb isə bu il martın 20-də onun rayon Baytarlıq İdarəsinin rəisi İlqar Orucovla aralarındakı mübahisə olub. İcra nümayəndəsinə qarşı amansız mövqe tutan rayonun baş baytarı ilə Azər Məhərrəmov arasında mübahisə dava ilə nəticələnib. Sonda isə Azər Məhərrəmov baş baytar və onun adamları tərəfindən amansızlıqla döyülüb. Hadisədən sonra baytarlıq idarəsinin rəisi onu vəzifədən azad etdirmək üçün icra başçısının birinci müavini, yaxın qohumu Fərman Nağdəliyevin yanına yollanıb. Və nəticədə şəhidin qardaşı vəzifəsindən azad edilib: “Çox maraqlıdır- həmin davada döyülən Azər Məhərrəmov olub və bu barədə o Qazax rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Lakin müraciət cavabsız qalıb, günahkar şəxs məsuliyyətə cəlb edilməyib. Bütün bunlar azmış kimi Azər Məhərrəmov işdən azad edilib. Bununla yanaşı Azər Məhərrəmovun digər qardaşı, Qarabağ müharibəsi veteranı Etibar Məhərrəmov da tutduğu vəzifədən azad olunub. Beləliklə də bir şəhid ailəsinin iki üzvü atrıq işsiz- gücsüz qalıb”.

Sakinlər bildirirlər ki, qardaşların işdən azad edilməsinə səbəb elə icra başçısının birinci müavini Fərman Nağdəlıyevdir: "F. Nağdəlıyev həm də rayon məcburi köçkünlərin problemləri üzrə səlahiyyətli şəxsdir. Amma heç vaxt məcburi köçkünlərin problemləri ilə məşğul olmayıb və buna görə də Azər Məhərrəmovun qaldırdığı məsələlər həllini tapmayıb.
Həmçinin Fərman Nağdalıyev İlqar Orucovla eyni kənddəndir və qohumdurlar. Elə İlqar Orucov və onun yaxınlarını da rayonda vəzifəyə çəkən Fərman Nağdəliyev olub. Heç bir iş təcrübələri olmayan orucovların əksəriyyəti rayonda müvafiq vəzifə ilə təmin olunublar”. Hazırda şəhid ailəsi olan Məhərrəmovlar ailəsi demək olar ki, acınacaqlı vəziyyətdədirlər. Rayonda bütün gəlir yerlərindən məhrum olan şəhid ailəsi çox pis duruma salınıb. Rayon rəhbərliyi isə bu barədə heç bir tədbir görmür, əksinə günahkar şəxsləri müdafiə edir: “Məhərrəmovlar bu barədə dəfələrlə icra başçısının qəbuluna düşmək, problemin əsl səbəbini icra başçısına çatdırmaq istyəsələr də, Fərman Nağdəliyev və onun əlaltıları şəhid ailəsini icra başçısının qəbuluna buraxmır. Rayonda hegemonluq edən Fərman Nağdəliyev və onun qohumları ailəyə qarşı əməlli-başlı özbaşınaqlıq edir, şəhid ailəsini məhv etməyə çalışır. Artıq kənd sakinləri bu biabırçılığa dözə bilmir. İş o həddə çatıb ki, artıq sakinlər icra başçısına müraciət edərək onun qəbuluna düşmək istəyirlər. Kənd sakinləri hamılıqla müraciət hazırlamışıq və rəsmi olaraq icra başçısına göndərmişik. Müraciətimizə müsbət cavab gəlməsə, icra başçısı bizi qəbul etməsə bu barədə başqa tədbirlərə əl atmaq məcburiyyətində qalacağıq. Çünki artıq səbrimiz tükənib, bu boyda özbaşınalıqlara göz yuma bilmirik. İcra başçısının birinci müavininin özbaşınalıqlarına dözdük ki, bəlkə özü başa düşə, səhvini düzəldə. Amma, görürük ki, iş o həddə deyil. İcra başçısının birinci müavini o qədər özbaşınalıq edib ki, indi də kəndin şəhid övladlarına hörmətsizlik edir. Buna dözmək mümkünsüzdür. Məhərrəmovlar ailəsinə hörmətsizlik etmək, bütün kəndə hörmətsizlikdir. O ailəyə edilən təzyiqlər bizim ailəmizə edilən təzyiqdir. Çünki, o ailənin oğlu bizim, torpağımızın və ailələrimizin yolunda şəhid olub. Fərman Nağdəliyev bunu dərk etmirsə, biz də adekvat addımlar atmağa məcburuq”.

Yuxarı Əskipara kənd sakinləri bildirirlər ki, müraciətlərinə cavab gəlməyəcəyi təqdirdə onlar ilk öncə rayon icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirəcək. Problem həll edilməyəcəyi təqdirdə isə onlar Prezident Administrasiyasına müraciət edəcəklər.
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413