«Yeni Müsavat»ın baş redaktoru həftənin ikinci günündən etibarən medianın yayım probleminin həllini tapacağını vurğulayıb
«Hesab edirəm ki, 2001-ci ildə prezident Heydər Əliyevlə görüşüb, mətbuatı neçə zor durumdan çıxartdıqsa, analoji bir hadisə baş verib». JAM.AZ xəbər verir ki, bu sözləri «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bazar günü prezident İlham Əliyevlə bir qrup jurnalistlərin görüşü ilə bağlı sosial şəbəkələrdəki hesabında yazdığı statusunda yazıb.
O bildirib ki, həmin vaxtlarda da onu gedib görüşməsi ilə bağlı şiddətlə tənqid edənlər olub. «Facebook olsaydı, tənqidlər daha çox olacaqdı. Olsun, bu da mənim və ümumi işin xeyrinədir. Lakin əminəm ki, doğru etmişəm, dəvəti qəbul edib, prezidentlə birbaşa təmas imkanından istifadə etmişəm, orada medianın problemlərini qaldırmışam. Prezidentin də münasibət, çıxış və mesajlarını mühüm hesab edirəm. Mənə elə gəlir ki, yalnız qəzet sənayesini deyil, daxili siyasəti əhatə edəcək dəyişikliklər gündəmə gələ bilər».
Arifoğlu daha sonra qeyd edib ki, artıq görüşün nəticələri də var. «Qəzet yayımı ilə bağlı - indi məlumat aldım ki, artıq göstəriş verilib və həftənin ikinci günündən etibarən bunun faydalarını iqtidarlı-müxalifətli, bütün media quruluşları, həm də oxucularımız, görəcəklər. Tədbirin adı, formatı ikinci dərəcəlidir mənim üçün. Mühüm olan qəzetləri qurtarmaqdır, buna təşəbbüs etməkdir. Bu şans da verildi, babat da işlədik. Anlayanlara minnətdaram, anlamayan, qərəz göstərən, ya da səmimi olaraq bu addımı qaralayanlara isə şükran borcum var. İndiki zamanda ünvanımıza ya sevgi, ya söyüşlə -qəzəblə xitab edən hər kəs önəmlidir».