“Sevinc sağ olsaydı, qohumlarının cavabını özü verərdi”
“Onların sahib çıxmadığına mən sahib çıxdım”
|
Sabiq deputat Gülər Əhmədovanın məhkəməsində məlum mandat qalmaqalının mərhum üzvü Sevinc Babayevanın ailə üzvləri ilginc açıqlamalar verdi. Xüsusən də bacısı və xalasının ifadəsində onun Türkiyə günləri ilə bağlı yeni detallar üzə çıxdı. Belə ki, S.Babayevanı İstanbulda himayə edən türkiyəli iş adamı Səlcuq Ağlayanın onu ac qoyması, silahla qorxutması, təzyiq altında saxlaması da səslənən iddialar sırasında idi.
Biz də S.Ağlayanla söhbətimizdə bu iddialara aydınlıq gətirməyə çalışdıq. Müsahibimiz öncə məhkəmə reportajlarını oxuyub, barəsində deyilənlərdən təəssüfləndiyini bildirdi.
- Təbii ki, bu, onların şəxsiyyəti və xarakteri ilə bağlı olan məsələdir. Onların mənim haqda nə dediyi önəmli deyil. Ona necə yardımçı olduğumu yuxarıdakı Allah bilir. Sonra özləri də gəlib gördülər. Özləri də dünənə qədər ya telefonla, ya da özümlə görüşəndə deyirdilər ki, “əlinizi-ayağınızı öpüm”. Əgər telefon danışıqlarını nəzarətə götürmüşdülərsə, o danışıqlarda bu sözlər də öz əksini tapmalıydı. Dinləmə qeydlərini çıxarsınlar ortaya. Orda mənə necə yalvarırdılar? “Siz çox yaxşı insansız”, “O adam xəstədir, siz Allah onu nəzərdən qoymayın, kömək edin” deyirdilər. Amma bu sözü deyən adamlar daha sonra necə çirkin sözlər danışırlar, mən heyrət edirəm.
- Sizin daim onun yanında silahlı olduğunuz, zaman-zaman onu silahınızla qorxutduğunuz da bildirilir. Bu günə qədər belə açıqlamalar olmamışdı və biz jurnalistlər də bunu məhkəmədə eşitdik.
- Doğrusu, mən də bu günə qədər eşitməmişdim. Silahla təhdid çox ağır suçlamadır. Mən bunu necə edə bilərəm? O qadın təkbaşına, çox rahatlıqla gəzən, taksi çağıra bilən insan idi. Etdiyi yaxşılığı demək çox ayıb bir şeydir. Amma indi suçlama olduğu üçün deyirəm: binanın kamera qeydlərində də bu düşüb ki, mən heç vaxt Sevinc xanımın yaşadığı evə əliboş getməmişəm. Həmişə nəsə almışam. Öləndən sonra mətbəxindən boşaldılan ərzaqların, əşyaların siyahısı bəllidir, onlardan nümunələr də götürülüb. Yeyəcək-içəcək, qiyafətlər də onun kimi. O adamlar bura gələndə biz oturub bərabər yemək yedik. Mənə dəfələrlə “Allah razı olsun” dedilər. Amma indi niyə belə edirlər, anlamıram. Saçma-sapan şeylər danışırlar. Onlara bunu yaraşdırmadım. Rəhmətlik Sevincə mən bacı kimi yanaşmışam. Adam bacısını necə ac qoya bilər, ona insanlıqdan kənar davranışlar edə bilər? Mən ona bu pislikləri edəcəkdimsə, niyə o qədər yaxşılıqlar etdim?
- Sevinc Babayevanın bacısının dediyinə görə, siz onlara “mənim üçün insan öldürmək milçək öldürmək kimidir” demisiz. Oğlunuz isə sizin həbsdə yatdığınızı onlara deyərək qorxutmağa çalışıb. Bacısı bunu psixoloji təzyiq kimi təqdim etdi.
- Heç belə bir şey ola bilərmi? Bunu məndən necə gözləyə bilərlər? Hansı zəmanədə yaşayırıq? Biz onlar üçün belə bir insan olduq? Dünənə qədər “əlini-ayağını öpüm” dedikləri adama qarşı bu gün belə qaralama kampaniyası aparmaları nə dərəcədə doğrudur? Hətta mən onun bacısına, eləcə də zəng edən qadına - çox güman ki, xalası idi- deyirdim ki, siz necə insansız, yaxın adamınız burda xəstə yatır, amma gəlib onunla maraqlanmırsız. Qadın xəstədir, yardımçı ola bilmirdim. Qadın xeylağı idi, bir də görürsən yıxılırdı, qolundan tuturduq. Bütün bunları necə də tez unutdular? Neçə dəfə onlarla bu məsələyə görə dava eləmişəm telefonda. Mübahisəmiz düşüb hətta. Əgər telefonumu dinləməyə alıblarsa, bu da qeydiyyata düşüb çox güman ki.
- Eyni vaxtda həm bacısının, həm də xalasının sizinlə bağlı belə ifadə verməsi təsadüfdür? Sizcə, səbəbi nədir? Ailənin sizdən gözləntiləri nə idi?
- Onların məndən hər hansı gözləntisi ola bilməz. Əksinə, mənim onlardan gözləntim vardı ki, ən azından bir Allah razı olsun, haqqını halal et demələrini gözləyirdim. Təəssüflər olsun ki, bunu deməmələri bir yana, belə bir çirkin çamur ata bilirlər adama. Hesab edirəm ki, onların pultu da kiminsə əlindədir, həmin adam pultla onları idarə edir. Onlar da o pultun vasitəsilə hərəkət edirlər. Amma çox yanlış iş görürlər. Həqiqət cəmi bir dənədir.
- Bəs Sevinc Babayeva orada olduğu zaman ailəsindən pul istədiyiniz doğrudurmu?
Dəfələrlə “o şərəfsizlərə de, pul göndərsinlər” deyə mesaj göndərdiyiniz bildirilir.
- Mənim dediyim ancaq bu olub ki, bu qadın burda xəstədir. O da mənə “müalicə üçün burda pul gözləyirəm” demişdi. Ona görə də mən zəng edən qohumlarına deyirdim ki, bu qadını müalicə etdirmək üçün pul göndərin. Dəfələrlə də demişəm ki, gəlin bu qadına kömək edin, onun yanında qalın. Özü də bu qadın ona zəng edənlərlə zaman-zaman rusca, bəzən də türkcə danışırdı. Zəng edənlərin danışığından bəzən anormal dərəcədə stressə girib deyirdi ki, “Səlcuq, onlar bir də zəng edəndə denən ki, Sevinc danışmaq istəmir, ya da yatır”. Təsəvvür edin ki, bu dərəcədə stressə girirdi. Telefon danışıqlarında daim dava edirdi. Kiminlə dava etdiyini bilmirəm, amma ümumi ton belə idi. Xalası da ola bilərdi, bacısı da. Bura gələndə də bacısı ilə birgə alış-veriş etdilər. Doğrudur, bunu mən də demişəm, burdakı videogörüntülərdə də bu, öz əksini tapıb. Amma mən bir şey deyim: bu gün barəmdə dedikləri yalan, qeyri-etik sözləri hesab edin ki, onlara keçdim. Bəs o biri dünyada bunun hesabını necə verəcəklər?
- Siz Sevinc Babayevanın telefon danışıqlarını rusca etməsinə icazə vermirmişsiniz. Bacısı dedi bunu. “Türkcə danış, mən bilim nə danışırsan” deyirmişsiz.
- Elə bir şey ola bilərmi? Siz də İstanbula jurnalist kimi gəldiz, məndən müsahibə götürdüz. Heç belə münasibət oldumu məndən?
- Səlcuq bəy, müqayisə uğurlu olmadı. Mən jurnalistəm və Sevinc Babayeva ilə statusumuz, durumumuz çox fərqli idi.
- Yox, məsələyə qəzetçi yox, insani baxımdan baxın. Mənim tipimdə heç elə bir zorbalıq var idi? Onun kiminlə necə, hansı dildə danışmasını mən müəyyənləşdirmirəm. İstədiyi dildə danışırdı və bu, telefon qeydlərində öz əksini tapıb. Yaxşı, bəs oğlu Ayxan niyə başqa cür danışıb? Deyirdi ki, Allah Səlcuq Ağlayandan razı olsun. Mənə polisdə də təşəkkür etdi. Dedi, sağ olun, anama yardım etdiniz. O da xalası ilə eyni vaxtda gəlmişdi mənim yanıma, eyni şeyləri görmüşdü. Onlara bir pisliyim dəyməyib ki, belə danışsınlar. Onların sahib çıxmadığına mən sahib çıxdım. Onların gəlib yanında dayanmadığının mən yanında dayandım. Əgər bu, mənim səhvimdirsə, bəli, mən səhv etmişəm. Əgər rəhmətlik sağ olsaydı, onların cavabını çox yaxşı verərdi.
- Bəs Azərbaycana gəlib məhkəmədə ifadə verəcəksinizmi?
- Azərbaycana gələcəm. Hər zaman dediyim kimi, ora mənim ata yurdumdur. Amma məhkəməni soruşursuzsa, mənim orda yaşanan hadisələrlə heç bir əlaqəm yoxdur. Mən bunu ifadələrimdə də demişəm ki, burda olduğu müddətdə Sevinc Babayeva hər hansı cinayətə imza atmayıb, hansısa pis əməli olmayıb. Sadəcə, İnterpol vasitəsilə axtarıldığını öyrənəndə qorxudan dünyasını dəyişib. Bunu həkim rəyləri, ekspertiza da təsdiqləyir. Bunlar hələ də nəyin peşindələr, mən anlamıram. Hər tərəfdən insanı qaralayırlar, çamur atırlar. Diqqət edin, mən çamur atan insanlara qayıdıb çamur atmıram. Çünki özümdən əminəm. Günahkar olsam, çamur ataram. İkincisi, insana yardım etmək günahdırsa, mən bu günahı etmişəm.
Sevinc TELMANQIZI