Əfsər Talıbov: “Bu hökmün Gülər Əhmədovanın işinə böyük təsiri var”
“Məhkəmə zalında hamını şərləməklə məşğul olan Elşad Abdullayevin özü oturmalı, mühakimə edilməlidir”
Qəzetimizin ötən sayında “mandat qalmaqalı”nda adı hallandırılan türkiyəli iş adamı Səlcuq Ağlayanın müsahibəsini dərc etmişdik. S.Ağlayan barədə keçirilən məhkəmədə ona bəraət verilib. Türkiyəli iş adamı barəsində mərhum Sevinc Babayevanı qonşu ölkədə zorla saxlaması faktı üzrə iddia qaldırılmış və bu səbəbdən aylardır ölkədən çıxmasına yasaq qoyulmuşdu.
S.Ağlayan “Yeni Müsavat”a bu məhkəmə hökmünün surətini göndərib.
Həmin hökmün surətini “Təzadlar” qəzeti də tərcümə edib. Məhkəmə hökmündə bildirilir ki, bu, S.Ağlayan barədə keçirilən sayca dördüncü məhkəmədir. Hökmdə bildirilir: “Təqsirləndirilən şəxs SƏLCUK AĞLAYAN və vəkili Av. Xalis Keleşin gəldikləri bilindi.
Təqsirləndirilən şəxsdən iddia ilə bağlı etirazlarının olub - olmadığı soruşuldu; “Mən əvvəlki etirazlarımı təkrar edirəm, günahsızam, bəraətim haqqında Məhkəmənin müsbət rəyi yoxdursa, haqqımda veriləcək hökmün açıqlanmasının təxirə salınmasına qərar verilsin”, dedi.
Təqsirləndirilən şəxsin müdafiəçisi iddia ilə bağlı fikirlərini açıqlayarkən dedi: “Biz lap əvvəldən belə bir cinayətin meydana gəlmədiyini, hadisədə adı çəkilən şəxsin (Oxu: Sevinc Babayeva.Red.) Türkiyəyə girişinin və buradakı əməliyyatlarının qanuni olduğunu iddia etdik, bu baxımdan işdə cinayət tərkibi yoxdur, onsuz da şəxs İnterpol tərəfindən axtarılan bir şəxsdir, bu səbəblərdən ona bəraət verilməsi barədə hökm çıxarılmasını tələb edirik”.
Cinayət işinin materialları araşdırıldı. Araşdırılacaq başqa bir xüsus qalmadığı aydın oldu. Təqsirləndirilən şəxsə son söz verildi və o, “Təqdir məhkəmənindir”, dedi.
Açıq mühakiməyə son veriləcəyi bildirildi.
Təfərrüatları əsaslı qərarda göstəriləcəyi şərti ilə;
Qərara alındı:
- Hər nə qədər təqsirləndirilən şəxs SƏLCUK AĞLAYANIN Türkiyə Respublikası CM-nin 283./1 maddəsinə əsasən cəzalandırılması tələbi ilə haqqında güman edilən cinayət səbəbi ilə məhkəməmizə dövlət ittihamı açılmışsa da;
- Təqsirləndirilən şəxsin cinayət törətmə niyyəti ilə hərəkət etdiyi ağalabatan görülmədiyindən CPM-nin 221./2-e maddəsinə əsasən BƏRAƏTİNƏ;
- Hökmün tələbləri baxımından mühakimə xərclərinin dövlətin öhdəsinə buraxılmasına,
- Təqsirləndirilən şəxs özünü vəkil ilə təmsil etdirdiyindən vəkillik minimum məvacib olan 1320 TL vəkalət haqqı ödənişinin dövlətdən alınaraq təqsirləndirilən şəxsə verilməsinə qərar qəbul olundu;
- Dair təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən elan olunduqdan, zərərçəkən tərəfdən isə bildirildikdən sonra 7 gün ərzində, hökmü verən məhkəməyə ərizə verilməsi və ya Məhkəmə protokol Katibinə bəyanat təqdim edilməsi və bu bəyanatın protokola keçirilməsi şərti ilə 5320 saylı qanunun 8-ci maddəsinə əsasən hökmdən kasasiya şikayəti verilməsi hüququ saxlanmaqla, təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakı ilə, zərərçəkənin yoxluğunda verilən qərar müvafiq qaydada izah edildi, açıq şəkildə oxundu. 20/.11/.2013"
G.Əhmədovanın vəkili Əfsər Talıbov isə “Təzadlar”a müsahibəsində bu qərarı şərh edib. Vəkil bildirib ki, S.Ağlayana Türkiyə Respublikası CM-nin 283.1 maddəsi ilə ittiham elan olunmuşdu, o, cinayət məsuliyyətinə cəlb edilmişdi: “Artıq 20 noyabr 2013-cü ildə Türkiyə Respublikası Böyük Çəkməcə 8-ci Əsliyyə Cəza Məhkəməsi tərəfindən bəraət hökmü çıxarıb və həmin maddənin sanksiyası Azərbaycan Respublikası CM-nin 307.2 maddəsinin sanksiyası ilə eynidir. Bu bəraət hökmünün G.Əhmədovanın cinayət işinə olduqca böyük təsiri var. Bəraət hökmü Elşad Abdullayevin daha bir yalan və şantajını alt-üst etmiş oldu. Belə ki, Azərbaycanın istintaq orqanları Elşad Abdullayevin absurd, yalan üzərində qurulmuş saxta şikayəti əsasında keçmiş millət vəkili, hüquqlarını müdafiə etdiyim Gülər Mikayıl qızı Əhmədovaya AR CM-nin 307.2 maddəsi ilə ittiham elan etmişdi ki, guya G.Əhmədova S.Ağlayan vasitəsilə Sevinc Babayevanı Türkiyə Respublikasında gizlətmişdir. Və guya Sevinc Babayevanın Azərbaycana qayıtmasına aktiv mane olmuşdur. Amma Türkiyə Respublikası Böyük Çəkməcə 8-ci Əsliyyə Cəza Məhkəməsinin həmin qərarı ilə bir daha təsdiqlənir ki, Səlcuq Ağlayan bu məsələdə heç bir cinayət məsuliyyəti daşımır. O cümlədən hüquqi məntiqlə də, deməli, Gülər Əhmədova. Sevinc Babayeva Türkiyədə azad şəkildə yaşayıb, qohum-əqrabaları ilə sərbəst əlaqə saxlayıb”.
Ə.Talıbovun bildirdiyinə görə, G.Əhmədovanın nəinki həmin ittihamda, ümumiyyətlə, Elşad Abdullayevin iddia etdiyi və yalanladığı heç bir cinayətdə günahı yoxdur, o, birmənalı olaraq bəraət almalı və məhkəmə zalından azad edilməlidir: “Həmin məhkəmə zalında çoxsaylı cinayət əməllərinə görə barəsində cinayət işi qaldırılmış, İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş, adı qanunsuz orqan transplantasiyasında, on minlərlə tələbənin yüz milyonlarla manat pulunu aldadaraq mənimsəməkdə çəkilən, hamını şərləməklə məşğul olan Elşad Abdullayevin özü oturmalı, mühakimə edilməlidir”.
Sevinc TELMANQIZI