Tanınmış professordan şok açıqlama

08/10/2013 08:22
b_402_303_16777215_00_images_xeber_sekiller_10sentyabr2013_kamil_velis.jpg
“Seçki kampaniyası demokratik prinsiplərə uyğun keçmədi. Həm kampaniyaya ayrılan vaxt çox qısa idi, həm də iqtidar müxtəlif bəhanələrlə kampaniyanı məhdudlaşdırmışdı. Demək olar ki, biz Cəmil Həsənlidən başqa liderləri dinləmədik”.

Demokratik Qüvvələrin Milli Şurasının humanitar komissiyasının sədri, filologiya elmləri doktoru, professor Kamil Vəli builki prezident seçkisi kampaniyasına yekun qiymətini verərkən “media forum” saytına belə deyib.

Kamil Vəlinin fikrincə, məhdudiyyətlər və basqılar özünü təşviqat prosesində, teledebatlarda açıq-aydın göstərib: “Debatlarda Azərbaycanın ana müxalifəti rolunda çıxış edən Milli Şuraya, onun prezidentliyə namizədi professor Cəmil Həsənliyə çox ciddi təzyiqlər oldu. Bu təzyiqlər ədəb, tərbiyə meyarlarından çox uzaq idi, təhqiramiz xarakter daşıyırdı. Cəmil Həsənlinin irəli sürdüyü arqumentlərə cavab vermək əvəzinə onun təhqir yağışına tutulması Azərbaycanın ədalətli, demokratik seçki yarışından nə dərəcədə acınacaqlı durumda olduğunu göstərir.

Əlbəttə, mən prezidentliyə namizədlərin hamısını eyni tərəziyə qoymaq istəmirəm. Ədalət Partiyasının namizədi İlyas İsmayılov debatlarda bir dəfə çıxış edib. Fikirlərinə hörmətlə yanaşıram. Baxmayaraq ki, bizim namizəd deyil. Ümid Partiyasının namizədi İqbal Ağazadənin də həm şəxsiyyətinə, həm mövqeyinə çox ciddi şəkildə hörmətim var. Amma o da bizim namizəd deyil. Yəni həm də onu demək istəyirəm ki, “bizim namizəd olmayanlar bizə düşməndir” tezisindən çox uzağıq. Ədalətlə davranmaq lazımdır. Mən İqbal Ağazadənin kifayət qədər arqumentli çıxışını, İlyas İsmayılovun bir dəfə danışsa da, arqumentli danışığını yüksək qiymətləndirirəm. Mənə elə gəlir ki, bu adamların mövqeyi və Cəmil Həsənlinin çıxışları demokratik seçkinin necə ola biləcəyini göstərən amillərdir.

Amma bütün bunlarla bərabər gedişat təkcə seçki prosesinin yox, Azərbaycanın vəziyyətinin nə qədər ağır olduğunu göstərdi. Məncə, prezident İlham Əliyev televiziyaya çıxmalı, şəxsən debatda ana müxalifətin namizədi Cəmil Həsənli ilə danışmalı idi. Amerikada, Fransada, İngiltərədə, dünyanın bütün sivil ölkələrində belədir. Heç olmasa ümumi şəkildə olanlara, arqumentlərə, iddialara münasibətini bildirməli idi. Çünki burada elə iddialar var ki, onlara birbaşa dövlət başçısı özü cavab verməlidir. Məsələn, korrupsiyaya, digər ciddi hüquq pozuntularına aid iddialara. Təəssüflər olsun ki, bu cavabı biz görmədik. Bunun əvəzinə təhqir dolu çıxışları eşitdik. Azərbaycanda kifayət qədər intellektual adam - siyasətçi, hüquqşünas var. İlham Əliyevin qalib gəlmək üçün var qüvvəsini səfərbər etdiyi halda yenə də o cür təhqiramiz çıxışları özünə rəva bilən adamları önə verməsi acı təəssüf doğurur”.

Kamil Vəli hesab edir ki, bütün bunlar həm də səsvermənin nəticələrinin saxtalaşdırılacağını, seçkinin rəsmi yekununun ədalətsiz olacağını göstərir: “Son iyirmi ilin nəticəsinə əsaslanıb deyirəm ki, seçki saxtalaşdırılacaq. İnsanlar ruhdan salınıb, insanlar ümidsizləşdirilib. Mən Azərbaycan xalqını fəaliyyətsizlikdə qınamaq istəmirəm. Xalq nə bacarırsa, onu da edəcək. Azərbaycan xalqını sadəcə acizləşdiriblər, qorxudublar, xalqı bir qismət çörəyi ilə, işi, təhlükəsizliyi ilə qorxudublar. Az qala hamının telefonu dinlənir. Bu basqı şəraitində Azərbaycanın seçkisi də yox, gələcəyi çox dumanlı görünür. Bundan sonra Rusiya prezidenti Vladimir Putinin yeni Avrasiya siyasəti Azərbaycana hansı problemləri gətirəcək və ölkənin təhsili, elmi nə günə qalacaq - bunları böyük ürək ağrısı ilə düşünürəm və deyirəm.

Mən Cəmil müəllimə ayrıca təşəkkür etmək istəyirəm. Onun doqquz debatdakı çıxışlarını, rayonlardakı çıxışlarını izlədim. Bu adamın səbrinə, intellektinə, prezidentlik edə biləcək qabiliyyətinə, genişliyinə bir daha heyran oldum. Cəmil Həsənlini çoxdan tanıyıram. O, yetkin siyasətçi, böyük alim, ictimai xadimdir. O, Azərbaycanın bəxtinə düşən nadir insanlardan biridir. Mən inanıram ki, Azərbaycan xalqı Cəmil müəllimi sevir, ona da səs verəcək. Amma təəssüflər olsun ki, səs verən deyil, səsi sayan önəmlidir. Bu seçkidən obyektiv nəticə gözləmirəm. Azərbaycanın gələcəyini kifayət qədər qaranlıq hesab edirəm”.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413