Telman İsmayılova yaxın olan mafioz baş ravvin həbs edilib

İsrailin keçmiş aşkenazi baş ravvini Yona Metsger korrupsiyada ittiham olunur
İsrailin keçmiş aşkenazi (əslən Avropadan olan yəhudilər-red.) ravvini Yona Metsger Azərbaycandan və digər keçmiş SSRİ respublikalarından olan oliqarxlarla korrupsioner əlaqələrinə görə həbs olunub.
Virtualaz.org saytı xəbəri İsrail qaynaqlarından əldə edib. Məlumatda bildirilir ki, Yona Metsger noyabrın 18-də səhər saatlarında saxlanılıb. O, rüşvətxorluqda, çirkli kapitalın yuyulmasında və bir sıra digər cinayətlərdə şübhəli bilinir.
Məhkəmə keçmiş ravvin barədə 9 günlük ilkin həbs qərarı çıxarıb. Son yarım ildə Metsger artıq ikinci dəfədir həbs olunur.
Y.Metsgerin işini araşdıran müstənqlərin bildirdiyinə görə, o, baş ravvin olarkən vergidən yayınıb, eyni zamanda “maraqlı şəxslərin” yüksək rütbəli məmurlarla görüşünü təşkil etmək üçün milyonlarla şekel rüşvət alıb.
Bununla belə cinayət işinin təfərrüatları məxfi saxlanılır. Ötən həftə sonu Y.Metsgerin əleyhinə yeni dəlillər əldə olunub və yeni şahid ifadələri alınıb. Bundan sonra prokuror keçmiş ravvinin həbsinə sanksiya verib.
İsrail qaynaqları xəbər verir ki, Metsgerin keçmiş SSRİ-dən olan oliqarxlarla korrupsiner əlaqələri barədə şübhələr hələ 2008-ci ildə meydana çıxıb. İsrail hökumətinin hüquq müşaviri Meni Mazuz baş ravvinin “praktiki olaraq təyyarədə yaşadığı”, müxtəlif milyonçuların hesabına bir ölkədən o birinə səyahət etdiyi, “lazımi adamları” ildırım sürəti ilə iudaizmə cəlb etdiyi barədə məlumatlar əsasında onun barəsində araşdırma başladıb.
İsrailin “Maariv” qəzeti isə böyük araşdırma dərc edərək ravvinin keçmiş SSRİ-dən olan oliqarxların hesabına necə kef çəkdiyini, onun uçuş xəritəsini yayıb.
Keçmiş SSRİ-dən olan milyarderlərin və ya HABAD hərəkatının pulları hesabına səfərlərə çıxan Metsger yerli yəhudi icmalarının daxili işlərinə qarışıb və onların rəhbərliyinə öz adamlarını yerləşdirib. Metsgerin Qazaxıstandan olan məşhur yəhudi milyarder Aleksandr Maşkeviç və rusiyalı yəhudi milyarder Lev Levayevlə sıx işbirliyində olduğu da bildirilir. Həmçinin 2005-ci ilin noyabrında yəhudi əsilli ukraynalı biznesmen Vadim Rabinoviç Y.Metsgerin Ermənistana səfərini və onun o vaxtkı prezident Robert Köçəryanla görüşünü təşkil edib.
Yona Metsgerin digər yəhudi oliqarxlar kimi Azərbaycandan olan məşhur milyarder, A.Maşkeviçin dostu olan Telman İsmayılovla (“AST Telman”) da yaxın münasibətlərinin olduğu məlumdur.
Bununla belə nədənsə Metsger dünya dini liderlərinin 2009-cu ildə Bakıda təşkil olunan sammitinə qatılmamışdı. 2008-ci ildə İsrailə səfəri zamanı T.İsmayılov Akko şəhərində Y.Metsger də daxil olmaqla bir sıra nüfuzlu şəxslərlə görüşüb. Həmin səfərdə oliqarx İsraildəki dağ yəhudiləri icmasına yardım ayırmışdı.
2009-cu ilin noyabrında isə Akko şəhərində, vaxtilə “AST Telman”ın tikdirdiyi dəbdəbəli “Barux Mordexay” sinaqoqunda (bu sinaqoq T.İsmayılovun atasının adını daşıyır) dağ yəhudilərinin baş ravvinin seçilməsi mərasimi olub. Mərasimdə T.İsmayılovla yanaşı Azərbaycan və Rusiyadan çoxlu sayda qonaqlar, o cümlədən İsrail knessetinin deputatları, habelə baş aşkenazi ravvini Y.Metsger iştirak ediblər.
Bu ilin iyun ayında ilk dəfə həbs olunduqdan sonra Y.Metsger ravvin səlahiyyətlərini könüllü olaraq təhvil verib.
O da məlumdur ki, Y.Metsger İsraildəki erməni icması ilə yaxındır. 2005-ci ilin noyabrında o, İrəvana səfəri zamanı “soyqırımı” abidəsini ziyarət etmiş və İsraili 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımamasına baxmayaraq qısa çıxşında “soyqırımı” termini işlətmişdi. Y.Metsger demişdi ki, dünya ermənilərinin dərdini yəhudilər qədər heç kim başa düşə bilməz.