(“Ərəfə” silsiləsindən II məqalə)
Beləliklə, biz bu ilin oktyabr ayında tarixi seçkilər ərəfəsində sosial-siyasi kataklizmlər ehtimalı barədə birinci suala cavab verdik. Fövqəldövlətlərin mövqeyi son dərəcə açıq və aydındır. ABŞ və Böyük Britaniya, habelə bu ölkələrlə bağlı olan dünya energetika nəhəngləri ölkəmizin neft-qaz və istehlak bazarlarından onsuz da istifadə edirlər və ona görə də yerini möhkəmləndirmiş siyasi rejimdən əl çəkib vəziyyətin dəyişdirilməsinin riskli ssenarisindən yapışmaq onlara əl vermir.
Üstəlik, postsovet regionu, ələlxüsus da Cənubi Qafqaz Amerikanın xarici siyasətinin heç də ən başlıca hədəfləri sırasına daxil deyil. Vaşinqton Yaxın Şərq bataqlığında, Əfqanıstan girdabında və özünün iqtisadi çətinliklər burulğanında elə ilişib qalıb ki, başına çarə axtarır.
Qərb siyasətçiləri bunu dönə-dönə təkrar edib ciddi-cəhdlə bizim qərbyönümlü ekspertləri inandırmağa çalışırlar ki, regionunuz dünyanın bir nömrəli dövlətinin əsas önəm verdiyi məsələlər və strateji vəzifələr sırasına daxil deyil. Üstəlik, böyük dövlətçilik iddiasından əl çəkə bilməyən Rusiyanı boğmaq üçün ortaya atılmış “narıncı inqilablar” planı da zamanın sınağından çıxmadı.
Avrasiya çətirinin altından kənara çıxmış, Asiya hökmdarlarının əsarətinə düşmüş ölkələri qərbliləşdirmək prosesi bir nöqtədə ilişib qalıb. Azərbaycan bütöv bir regionun taleyi ilə bağlı olan strateji planda istisna təşkil edə bilməz.
BAHALI KOSTYUMA DÜŞMÜŞ LƏKƏLƏR
Amerikalılar xüsusən Gürcüstanı, Ukraynanı və Qırğızıstanı modernləşdirmək cəhdləri boşa çıxdıqdan sonra sanki bizim regiondan əllərini üzüblər. Çaşqınlıq içindədirlər və burada doğrulmayan ümidlər, nəticə verməyən gözləntilər onlarda elə güclü məyusluq yaradıb ki, sanki bundan sonra nə edəcəklərini sadəcə bilmirlər.
Hər şeydən də göründüyü kimi, Vaşinqton bir şeyi başa düşüb - putinsayağı suveren demokratiyanı əməlli-başlı dağıtmadan və yeni Rusiya yaratmadan regionun simasını dəyişmək sadəcə mümkün olmayacaq. Amma gəlin baxaq görək Qərb, ilk növbədə də Birləşmiş Ştatlar Rusiyada Qorbaçovun yenidənqurmasına bənzər yeni bir siyasi-tektonik proses törədə bilərlərmi? Tandemokratiyanın iflasa uğraması, Putinin hakimiyyəti yenidən bütünlüklə öz əlində cəmləməsi Medvedyevin “siyasi innovasiyaları”na bəslənən ümidləri də puça çıxardı. Rusiyada təzə bir yenidənqurma başlatmaq cəhdi yalnız Skolkovo hadisələri ilə yekunlaşdı. Deməli, Azərbaycanı və bizim hakimiyyətin müqəddəratı ilə bağlı vəziyyəti bütün Avrasiya məkanında təşəkkül tapmış şəraitdən təcrid etmək olmaz. Narıncı iğtişaşların və “Ərəb baharı”nın təcrübəsi göstərdi ki, bir-birinə bənzəyən siyasi rejimlər və hakimiyyətlər “domino prinsipi” ilə yıxılırlar. Bunun əlamətləri isə nə regionda görünür, nə də mahiyyətcə ən mühafizəkar hakimiyyətin idarə etdiyi Azərbaycanda.
O başqa məsələdir ki, Qərb, ilk növbədə də ABŞ hakimiyyət başında olan rejimlərin maksimum zəifləməsində maraqlıdır. Əvvəlki məqalədə biz bu məsələyə qismən toxunmuşduq. Qərb çox yaxşı başa düşürdü ki, Putinin hakimiyyətə qayıdışı ərəfəsindəki “Bolotnoye hadisələri” Rusiyanın tarixi inkişafının təbii gedişini dayandıra bilməz, çünki Rusiyada əvvəlki vəziyyətin bərpası labüd idi. Buna baxmayaraq hər vasitəyə əl atılmışdı ki, Putin seçkilərdən maksimum zəifləmiş, adı ləkələnmiş və hörmətdən düşmüş vəziyyətdə çıxsın.
Oxşar mənzərə Taksim meydanında da təkrarlanır. Aydındır ki, Taksim hadisələri ölkə əhalisinin azı yarısına və bütün İslam dünyasına arxalanan , hakimiyyəti bütünlüklə öz əlində cəmləşdirməyə can atan baş nazir Ərdoğanın yürüşünü dayandıra bilməyəcək. Amma bu hadisələr yeni Osmanlı sultanının başını çox ağrıtdı, nüfuzuna isə çox ciddi xələl vurdu. Özü də bu rüsvayçılıq Ərdoğanın siyasi karyerası üçün taleyüklü əhəmiyyət daşıyan, Atatürk dövründən qalma sekulyarizmin və Qərb parlamentarizminin son qalıqlarını da yox etmək niyyəti ilə təşkil edilən ümumxalq referendumu ərəfəsində baş verdi.
Türkiyənin hər iki lideri siyasi hakimiyyətdə qəti söz sahibi olduğuna görə Qərbin qınaqlarına saymazyana baxır və şəxsi hakimiyyətlərini möhkəmləndirmək naminə getdikcə daha sərt davranır. Amma onların heç biri Qərbin tez-tez istinad etdiyi beynəlxalq ictimai rəyi qulaqardına vura bilməz. Yəni sən bahalı və yaraşıqlı kostyumda camaat arasına çıxmısansa və bu zaman ətrafdakıların hamısı sənə tərəf baxıb gözünü sənin bahalı kostyumunun üstünə düşmüş ləkələrə zilləyirsə, başqaları eşidə-eşidə sənə üstündə ləkələr olduğunu deyirlərsə, ən azından pərt olursan, başqalarını inandırmaq və özünə toxtaqlıq vermək üçün bəhanələr gətirirsən.
Ölkələrin liderləri də belədir. Ələ düşən hər fürsətdə onlara üstlərində ləkələr olduğunu xatırladırlar və xatırladacaqlar.
Azərbaycan üçün də Qərb demək olar ki, belə bir model hazırlayıb. Yenə də prezident seçkiləri ərəfəsində. Birdən-birə sosial şəbəkələrdə tamamilə gözlənilmədən əsgər ölümləri ilə bağlı ehtiraslar qızışdı və hakimiyyətlə sərt qarşıdurmalara gətirib çıxartdı. Lakin Rusiyada mütləqiyyətin qisasçılığına qarşı keçirilən Bolotnoye üsyanından və atatürkçülüyün qəbirqazanına etiraz edənlərin Taksim meydanındakı mitinqindən fərqli olaraq Azərbaycanda xalq etirazının ifadəçiləri sərt toqquşmaları siyasi hüquqlar uğrunda uzunmüddətli mübarizəyə çevirə bilmədilər. Niyə? Azərbaycandakı paradoks nə ilə bağlıdır? Rusiyada və Türkiyədə gerçəkləşdirilməsi mümkün olan planları sosial qiyam nöqteyi-nəzərindən ilk baxışda münasib görünən zəif, balaca və narazı ölkədə həyata keçirmək niyə mümkün olmadı?
Bax, indi biz Azərbaycanda inqilabi kataklizmləri, xalq üsyanları ehtimalını şərtləndirən ikinci amilin təhlilinə keçə bilərik.
Birinci amillə əlaqədar xüsusiyyətləri müəyyənləşdirmişik və artıq diqqətli oxucuya aydındır ki, böyük dövlətlərin heç biri, o cümlədən indiki müxalifətin (ölkəmizdə isə əllərdə oyuncağa çevrilmiş Eldar Namazov və Abbas Abbasovla Rüstəm İbrahimbəyovun timsalında yalançı müxalifətçiləri çıxmaq şərti ilə ayrı, ikinci bir müxalifət peyda olmayıb) 11 aylıq hakimiyyətinin acı dərslərindən nəticə çıxaran və hər halda dinc münasibətlər saxlaya bildiyi Əliyevlər rejimini şər qüvvələr içərisində hamısından yaxşısı hesab edən mollakrat İran da Azərbaycanda mövcud rejimin dəyişilməsini istəmir. Amma gəlin hakimiyyətin devrilməsi uğrunda yeni xalq hərəkatının meydana gəlməsi ehtimalı üzərinə qayıdaq.
Xalqın susması çox uzandı
Gizli qəsd nəzəriyyələrinin təsirindən çıxa bilməyən bir çox ekspertlər birinci “soyuq müharibə” dövründən bəri belə hesab edirdilər ki, xalqı bezdirmiş və ya ədalətsiz hakimiyyətin devrilməsi ilə nəticələnən hər bir kataklizm, inqilabi proses , xalq üsyanı hökmən Xalq Cəbhəsinin və hakimiyyəti devirməkdə marağı olan xarici qüvvələrin əlbir səylərinin qanunauyğun yekunudur. Lakin tarixdə, lap elə üçüncü ölkələri dünyanın iki ən böyük dövlətinin Qərb tarixşünaslarının ibarəsi ilə desək, Xeyirlə (ABŞ) Şərin (SSRİ) çarpışma meydanına çevirmiş birinci “soyuq müharibə” dövrünün tarixinin özündə yaddaşlarda daşlaşmış tarixi aksiomaya və ya stereotipə zidd olan nümunələr nə qədər desən var.
Məsələn, götürək elə birinci məqalədə adını çəkdiyimiz Kubanı. Saqqallı gənc romantiklərin kiçik bir avantürist dəstəsinin başçılığı ilə Batista rejiminin diktaturası əleyhinə mübarizəyə qalxmış, dillərdə dastana çevrilmiş xalq müqavimət cəbhəsini.
O zaman Qərbi, ilk növbədə də Birləşmiş Ştatları bu inqilabın Kominternə qətiyyən dəxli olmadığına və nəhəng imperiya filinin burnunun dibində sosializmin qələbə çalmasının bütövlükdə sosializmin vətəninin özünü də çaşdırdığına axır ki, inandıra bilmək üçün bir vaxtlar özü marksizmi Amerika qitəsinin hüdudlarında yaymaq üçün dəridən-qabıqdan çıxan Sovet İttifaqı xeyli tər axıtmalı olmuşdu. Amma yenə də onun dəlillərinə tam inanmamışdılar. Lakin tarixin də öz hökmü var. Kuba inqilabının Kremlə qətiyyən dəxli yox idi və o, kommunist burjuylar üçün həqiqətən də gözlənilməz hədiyyə olmuşdu. O zaman bolşeviklərin çoxdan tapdayıb keçmiş olduqları hərbi-kazarma sistemi quruculuğu yoluna yenicə qədəm basmış kubalı gənclərin gücənmələrinə bu qədər istehza ilə gülümsəyən və uğur qazanacaqlarına şübhə ilə yanaşan kommunizm burjuyları siyasi sentimentalizmin daşını çoxdan atmış və ideya davamçılarının mənafeyini qurban vermişdilər. Demək istəyirik ki, tarixdə belə nümunələr həddən artıq çoxdur!
Tarixin dönməz gərdişi bizə sübut edir ki, dünyanın qoluzorlularının müdaxiləsi olmadan da xalq üsyanlarının baş qaldırması labüddür. Amma mən çalışacağam mübarizə aparmaqdan və tarixi dialektikadan yorulub usanmış Azərbaycan demokratlarının özlərinə min dəfələrlə verdikləri sualı bir daha səsləndirim: Azərbaycan xalqı niyə üsyana qalxmır?
Azərbaycan müxalifətçisinin məntiqinə görə, avtoritar hakimiyyətin onilliklər boyu davam edən idarəçiliyi, komprador-burjuaziya hökmranlığının tapdağı altında inləyən xalq üsyana qalxıb bu ən ədalətsiz hakimiyyəti devirməlidir. Bütün xalqı ayağa qaldırmalı olan siyasi səbəblər də həddən artıqdır: hər 2 ildən bir ölkədə parlament və ya prezident seçkiləri keçirilir, onların nəticələri zülmkar və qəsbkar hakimiyyət tərəfindən ucdantutma saxtalaşdırılır. Bəs onda xalq niyə susur, niyə ayağa qalxıb haqqını tələb etmir? Yəni doğrudanmı tarixin hökmü, qanunları təkcə bizim ölkədə öz gücünü itirib?
Cəmi bir neçə il bundan əvvələ qədər müxalifətçilər belə dqşünmürdülər və enerjidaşıyıcılarını xalqın mənafeyindən üstün tutub Əliyevlərin hakimiyyətini hər vasitə ilə dəstəkləyən Qərb ölkələrinin həyasız siyasətindən gileylənirdilər. Halbuki dövr dəyişib. Qərb hələ 8 il bundan qabaq bizdəki hakimiyyətdən üz döndərib və onu ən antidemokratik və xalqazidd urvatsız dövlətlər cərgəsinə qoşub. Amma ildən-ilə zəifləyən və cəmiyyət içərisində nüfuzdan düşən, nəticə etibarilə marginallaşmış və siyasi simasını itirmiş başıpozuq siyasi dəstəyə çevrilən sistemli müxalifətin qərəzli iddialarının əksinə olaraq hakimiyyət get-gedə daha da güclənir, məzlum xalqlar şiyahısına yazılmış xalq isə siyasi vurnuxmalardan getdikcə daha çox aralanırdı. Axırda elə bil ki, xalq münasibətlərin yeni sistemini qurmaq haqqında hakimiyyətlə xüsusi bir müqavilə imzalayıb: indi hakimiyyət xalqın dolanışığına, cəmiyyət də hakimiyyətin idarəçiliyinə mane olmur. Bax, öz yaşayış müstəvisini hakimiyyətə və onun qoyduğu qaydalara etiraz və müqavimət zəmini üzərində qurmuş kəslər bu yeni siyasi şəraitdə yeni sosiumda özlərinə yer tapa bilmirlər. Azərbaycan cəmiyyətinin dəyişməsi (bəlkə də cırlaşması) həddən artıq gözlənilməz olub və nəzəri cəlb etməyib. Belə itaəti heç hakimiyyətin özü də gözləmirdi. Axı niyə?
ÖLÜ DOĞULMUŞ İNQİLAB
“Niyə?” sualı hamını - hakimiyyəti də, müxalifəti də, kənar müşahidəçiləri də daim düşündürür... Bu sual yalnız xalqı düşündürmür, o, necə deyəriər, öz qınına çəkilib. Kinorejissor Ayaz Salayev bu vəziyyəti “daxili mühacirət” adlandırıb. Əhalinin intellektual hissəsi isə bunu cəmiyyətin yeni sosial infrastrukturunun təşəkkül tapmaqda olması ilə izah edir. Elə bir infrastrukturun ki, təkamül prosesində onların daha dinc və rahat yaşamlarına, ömürlərinin uzunmüddətli layihələrini həyata keçirmələrinə və indiki sistemli ədalətsizliyə baxmayaraq sabahkı günlərindən xatircəm olmalarına təminat verir.
Amma niyə? Doğrudanmı ölkədə cəmiyyətin ədalətsizlik sisteminə qarşı mübarizəyə qaldıra biləcək, yeni sosial infrastrukturun təməlini sarsıda biləcək amillər yoxdur? Axı heç bir mükəmməl cəza sistemi, azadlıqları boğan heç bir aparat xalqın qəzəbi qarşısında tab gətirə bilməz.
Siyasi hərəkata çevrilə biləcək sosial partlayış çox nadir hadisədir. Bu, təkcə hakimiyyətin dəyişməsi, sistemin süqutu, sosial-iqtisadi formasiyanın yenilənməsi ilə deyil, ilk növbədə həm də adamların adət etdiyi gündəlik həyatın nizamını pozan yeni proseslə yekunlaşan inqilabdır. Bu gün Azərbaycan cəmiyyətində heç olmasa yüz minlərlə adamı, 1988-ci ildəki kimi, bir psixoloji əhval-ruhiyyəyə kökləyə biləcək amillərin, milyonlarla adamın fikrini, qorxusunu, ümidini və ideyalarını bir göz qırpımında birləşdirən amillərin məcmusu yoxdur. 1988-ci ildə bütün bu hisslər milyonlarla adamın yaşadığı ölkənin parçalanması qorxusu ilə, keçmişdə dost kimi qələmə verilmiş, həyatın dibindən çıxıb ayağa qalxmış tarixi düşmənin birdən-birə nədənsə sahib çıxmaq istədiyi doğma torpağın itirilməsi qorxusu ilə, müstəqil və suveren Azərbaycan adlı yeni bir dövlətdə yeni xoşbəxt ömür sürmək ümidi ilə əlaqədar olaraq bir məcrada çulğaşırdı. Görkəmli publisist Aleksandr Genis deyir ki, əsl inqilablar diqqəti cəlb etmədən baş verir və hakimiyyət bundan yalnız o vaxt xəbər tutur ki, artıq vəziyyəti düzəltməyə imkan qalmır.
A.Genis belə deməkdə min dəfə haqlıdır. Məsələn, 1988-ci ildə milyonlarla azərbaycanlı ölkənin baş meydanına yığışmışdı. Onların qorxu və ümidləri Lenin adına bu balaca meydanda çulğaşırdı. İnqilab kimi ümid də demək olar ki, heç vaxt ağıla söykənmir. O, şüura tabe deyil, qeyri-şüuridir, instinktdən doğur. Azərbaycanın görkəmli publisisti Zərdüşt Əlizadə də öz bənzətməsində min dəfə haqlıdır ki, o zaman Lenin adına həmin meydanda Azərbaycanın bətninə müstəqillik adlanan yeni həyatın dölü qoyulmuşdu. Döl böyüyürdü, onun öləcəyini göstərən heç bir əlamət yox idi. Amma Xalq Cəbhəsinin liderləri yeni həyat qurmaq ehtirası ilə elə canfəşanlıq göstərdilər ki, müstəqilliyin doğulması sürətləndi. Beləliklə, müstəqillik ölü doğuldu.
Xalq, balaca bir meydana toplaşmış milyonlar vahid psixoloji vəziyyətdə olduğu üçün inqilab əvəzinə “ölü doğulmuş uşaq” aldılar...
Xalq bütün inqilab işini, yeni həyata olan ümidlərini bu bir qrup meydan qəhrəmanı ilə eyniləşdirirdi. Onlar isə xalqın sabahkı günə olan inamını öldürürdülər. Bəli, etiraz meydanında tribunanı ələ keçirmiş Azərbaycan müxalifəti dünənki kimi yenə də özünə inanır, özünü güclü sayır, özünü zamanın qəhrəmanı hesab edir. O, başa düşmür ki, yeni, başqa zəmanə çoxdan - təqribən 20 il əvvəl başlayıb. Onlar isə bunu hələ də anlamayıblar və keçmiş zəfər anlarının havası ilə yaşayırlar. O zamankı milyonlar isə xeyli qocalmış sifətlərə baxaraq doğrulmamış ümidlərini, ölü doğulmuş inqilabı xatırlayırlar. Axı Əliyev hakimiyyətinin bərpası da inqilabın həyatımıza gətirdiyi bəlalardan, yəni dövlətçiliyin tənəzzülündən, Qarabağ müharibəsindən, insanların dilənçi kökünə düşməsindən, cinayətkarlığın baş alıb getməsindən yaxa qurtarmaq istəyən azərbaycanlıların böyük əksəriyyətinin arzuları üzərində baş verdi. Ziddiyyətli görünsə də oturuşmuş sosial təsəvvürdə sabitlik və inkişaf Əliyev soyadı ilə assosiasiya olunur. Və bu soyad Azərbaycanda cəmiyyətin sağlamlaşmasına yol açan sosial həkim rolunu oynayıb. İnsanlar Əliyev avtoritarizmi üçün yarana bilən hər hansı təhlükəni özlərinin sonu kimi qəbul edirlər. İnqilab anlayışı isə təminatlı sabahın itiriləcəyi qorxusu kimi dəhşətli hisslər yaradır. Elə bir fövqəladə hadisə baş verməlidir ki, adamlar sabahkı günə inamdan imtina edib azadlıq naminə yenidən Azadlıq meydanına qayıtsınlar.
Mən hətta Qarabağ uğrunda mübarizə ideyasının özünün də kütlələri hamılıqla qiyama qaldıra biləcək bir ideya olduğuna şübhə edirəm. Çünki ictimai şüur bu məsələnin həllinin Azərbaycandan asılı olduğu fikrini rədd edir. Adamlar Qarabağın yoxluğuna sanki alışıblar.
Bəlkə də bir neçə nəsil dəyişməli, dəyərlər sistemi dəyişməlidir ki, bu da ilk növbədə Avrasiya siyasi strukturunun yeni süqutunu tələb edir. Bunun nəticəsində də yeni bir oyanış baş verməlidir ki, Azərbaycan sarsıntılar və təlatümlər dövrünə qədəm qoysun. Yalnız bu halda dünya milyonların gözündə qaralacaq, ani dəyişikliklərin zərurəti isə günün tələbinə çevriləcək.
Hörmətli oxucular, başa düşürsünüz ki, dünənin hörmətdən düşmüş qəhrəmanların peyğəmbərlik edib hər gün tezliklə inqilab qopacağını deməsinə baxmayaraq biz inqilabdan çox uzağıq. Siz başa düşürsünüzmü ki, indiki ictimai şüur inqilab ideyasını yad bir cisim kimi sadəcə rədd edir?
Azərbaycan gənclərinin martdakı hərəkətləri buna ən yaxşı sübutdur. O günlərdə NİDA hərəkatının öz adəti üzrə Fəvvarələr meydanında dinc gəzintiyə çıxmış bakılılara yad insanlar təsəvvürü bağışlayan fəalları mənəvi rezervasiyaları xatırladan Azad Fikir universitetlərində təlim görüblərmiş kimi davranarkən Bakının sosial orqanizmində yad cismə bənzəyirdilər. Mağazalardan, eyvanlardan, restoranlardan minlərlə adam adi, gündəlik işləri ilə məşğul olan bir o qədər də yoldan keçən insanlar əcaib suvuran maşınların islatdığı dəstə-dəstə gənclərə təəccüblə baxırdılar. İnqilab anlaşılmazlıq və təəccüb doğurmamalıdır. Yoxsa o, inqilab olmaz. İnqilab rəğbət doğurmalıdır.
Amma həmin gün gənclərə nə qədər adam rəğbət bəsləyirdi? Konformizmin və mimikriyanın hökmranlıq etdiyi, fərdiyyətçiliyin olmadığı çoxmilyonlu şəhərdən cəmi bir ovuc adam... Onlar isə heç əllərindəki bayraqlarını da açmadan özlərini bu etirazların iştirakçısı kimi göstərirdi. Bütün bunlar prezident seçkiləri ərəfəsində baş verir. Bütün bunlardan sonra siz xalq üsyanı ehtimalına inanırsınızmı?
Eynulla Fətullayev