"ABŞ-ın Azərbaycanı özbaşına buraxmaq fikri yoxdur"

02/05/2013 22:10

 

"ABŞ-ın Azərbaycanı özbaşına buraxmaq fikri yoxdur"

 

Font Ölçüsü
 

vefa quluzade2"Onlar heç zaman bu cür sərtliklə deməyiblər ki, Azərbaycan bizim üçün çox önəmli ölkədir"

Vəfa Quluzadə: "Şimon Peresin konfidensial məlumatı açıqlaması onun bizimlə hesablaşmamasının nümunəsidir"

Xarici işlər naziri Elmar Məmmədyarovun Israil səfərinin məqsədləri barədə mətbuatda müxtəlif fikirlər səslənməkdədir. Bu istiqamətdə tanınmış politoloq Vəfa Quluzadənin söylədikləri də maraq doğurur. V.Quluzadə bildirib ki, E.Məmmədyarovun Israilə səfəri Azərbaycanda builki prezident seçkilərinə hesablanıb. Azərbaycan Israilin hərtərəfli dəstəyinə nail olmaq istədiyindən baş diplomat səviyyəsində belə bir addım atılıb. Bəs Israilin belə bir dəstəyi nə dərəcədə gözləniləndir və hakimiyyətə hansı xeyirləri gətirə bilər? Çünki Israilin özünün də Qərblə ciddi problemləri var.

- İsraildən Azərbaycana açıq dəstək gəlməyəcək. Azərbaycan rəsmisinin səfəri ona hesablanıb ki, Israilin Amerikadakı nüfuzundan istifadə olunsun. Amma Israilin bunu edib-etməyəcəyini, ümumiyyətlə, etməyi bacaracağını söyləmək çətindir. Üstəlik, Israil belə bir addımı atmaqda maraqlı olacaqmı? Bütün bu məqamlar sual doğurur. Çünki Israil olduqca özünü düşünən dövlətdir. Israil Azərbaycanın onlardan nəsə ummağını öz xeyrinə istifadə edir. Bunu Şimon Peresin verdiyi bəyanatlar özünü açıq formada göstərdi. Çünki Şimon Peres ona konfidensial şəraitdə deyilənləri açıqladı. Bu da Azərbaycana qarşı Iran və Rusiyada narazılığa səbəb oldu. Nəyə görə bu addım atıldı? Bu ondan xəbər verir ki, Peres Israilin maraqlarını hər şeydən üstün tutaraq onları irəli çəkib. Azərbaycanın maraqları isə onu o qədər də düşündürmür. Çünki bizim heç də marağımızda deyil ki, Məmmədyarovun səfəri bizim Rusiya və Iranla əlaqələrimizə mənfi təsir etsin. Israil ilə əlaqələr sırf praqmatik olmalıdır. Çünki Israil ABŞ kimi dünyanın lideri olan dövlət deyil. Israilin konkret regional maraqları var. Amerikanın maraqları isə qlobal maraqlardır. Ona görə Israilin ABŞ-a təsir göstərə biləcəyi məndə şübhə doğurur.

İranla ehtiyatlı davranılmalıdır

- Bölgə üçün kifayət qədər həsas bir dövrdə belə addımın atılması nə dərəcədə düzgün sayıla bilər? Prezident seçkisində dəstək almaq üçün belə bir riskə getməyə dəyərmi?
- Bu ərəfə çox gərgin bir zamandır. Həmişə prezident seçkiləri ərəfəsində ölkədə siyasi mübarizə güclənir. Birincisi, iqtidar ölkə daxilində mübarizəsini gücləndirir. Ikincisi də bütün maraqlı qüvvələr mübarizəyə qoşulur. Bu şəraitdə hər tərəf özünə dəstək almağa çalışır və can atır. Bu səpkidən baş verənləri anlamaq olar. Amma o ki, qaldı hazırkı situasiyada bu addımın atılmasının nə dərəcədə rasional olmasına, bu tamamilə başqa bir məsələdir.

- Baş verən proseslərin fonunda Irandan Azərbaycana qarşı sərt addımların gələ biləcəyini proqnozlaşdırmısınız. Tehran Azərbaycan münasibətdə hansı addımları ata bilər?
- Iran çox qisascıl bir rejimdir. Iran heç vaxt öz maraqlarına zidd olan məsələlərdə neytral olmur. Iranla ehtiyatlı olmaq lazımdır. Analiz etmək lazımdır ki, onlar hansı addımları ata bilərlər. Burada bir məqam var. Biz Irandan çox asılıyıq. Eyni zamanda Iran da bizdən asılıdır. Ona görə burada balansın pozulması yaxşı nəticə verə bilməz. Iran gərək bizdən arxayın olsun ki, biz Iranın düşmənlərinə ərazimizdə heç bir şərait yaratmayacağıq. Iran bundan narahat olsa və şübhələnsə, o zaman Iran bizə qarşı tamamilə başqa cür hərəkət edə bilər. Sözsüz ki, Iran həm siyasət, həm diplomatiya baxımından böyük ənənələri olan dövlətdir. Iran başa düşməlidir ki, Azərbaycanın Israilə səfəri heç də antiIran mahiyyəti daşımır. Azərbaycan iqtidarı özünə dəstək almaq istəyir. Azərbaycanın Iranın əleyhinə sövdələşməyə getməsinin nəticələri çox ağır ola bilər. Ona görə mən buna inanmıram.

Türkiyə baş verənlərə necə reaksiya verəcək?

- Türkiyə həmişə xarici siyasətini müəyyənləşdirərkən Azərbaycanın maraqlarına həssas yanaşıb. Israilin Türkiyədən üzr istəməsinə baxmayaraq, hazırda iki dövlət arasındakı münasibətlər gərgin olaraq qalır. Belə olan halda Azərbaycanın Israil ilə yaxınlaşması Türkiyənin hansı reaksiyasına səbəb ola bilər?
- Öncə Türkiyə ilə Israilin əlaqələrinin nəyə görə gərginlik yaşadığına aydınlıq gətirmək lazımdır. Türkiyə bir yandan Yaxın Şərqdə ciddi rol oynamaq istəyir. Buna görə də ərəb ölkələrinin simpatiyasını qazanmağa çalışır. Türkiyə bunu Fələstin problemini çözməyə çalışması və Qəzzaya yardımı ilə edir. ABŞ dövlət katibi Kerri Ərdoğana deyib ki, Qəzzaya səfərin təxirə salsın. Ərdoğan da bildirib ki, bu səfər təxirə salınmayacaq. Burada bir məqam məni təəccübləndirir. Nəyə görə Kerri bu bəyanatı bütün dünyanın eşidə biləcəyi tərzdə deyib? Türkiyə belə bir məsləhəti qəbul edə bilməzdi. Əgər bu olsaydı, bütün dünya Türkiyəni ABŞ-ın oyuncağı kimi qəbul edərdi. Ona görə Ərdoğan bu məsləhəti qəbul etməməklə düzgün seçim edib. Amma bu məsləhəti Kerri gizlində də edə bilərdi və Ərdoğanda ona ya “hə” ya da “yox” deyərdi. Ona görə bəlkə, Amerika maraqlıdır ki, Türkiyə region dövləti kimi Iranı sıxışdırsın və fələstinlilərin yeganə dayağı olsun. Burada çox mürəkkəb bir konstruksiya ola bilər. Ona görə düşünmürəm ki, Azərbaycanın son addımı Türkiyədə sərt reaksiya oyada bilər. Israil Türkiyənin açıq düşməni deyil. De-fakto Türkiyə Israilin müttəfiqidir. Bu səfər mənfi reaksiya doğursa, belə bu demonstrativ xarakter daşıya bilər.

- Şimon Peresin Məmmədyarovla olan danışığın detallarını mətbuata çıxarması təsadüfi xarakter daşıyır, yoxsa burada müəyyən maraqlar mövcuddur? Çünki Şimon Peres səviyyəsində bir siyasətçidən belə addımı düşünülmədən atması inandırıcı deyil.
- Konkret maraq ondan ibarətdir ki, Israil Azərbaycanın Iranla əlaqələrinin dayanmasını istəyir. Azərbaycanın Iranla dost dövlət olmaması Israilin marağında olan siyasətdir. Ona görə Şimon Peresin bu bəyanatı Azərbaycanla Iranın əlaqələrinə xələl gətirmək olub. Inanmıram ki, bu cür söhbətləri Məmmədyarov mətubata çıxara. Amma Peresin gizli danışıqlarının mətbuata ötürülməsi bilərəkdən atılan addımdır. Əslində bu addım da Şimon Peresin bizimlə hesablaşmamasının nümunəsidir. O gərək Azərbaycanın da maraqlarını düşünəydi. Iranla bağlı hər hansı müzakirələr olubsa, bu gərək iki şəxsin arasında qalmalı idi. Bu gərək mətbuata ötürülməyəydi.

Ermənistan Rusiya asılılığından azad edilməlidir

- ABŞ dövlət katibinin Azərbaycana son səfəri zamanı kifayət qədər mühüm və ciddi mesajlar səsləndirildi. Oxşar bəyanatlar Klintonun da səfəri zamanı bildirilmişdi. Daha sonra bu yaxınlarda Dövlət Departamentinin Azərbaycanla bağlı sərt hesabatı dərc olundu. Amma ABŞ-ın bu mövqeyinə qarşı rəsmi təbliğatda münasibət çox sərtdir. Vaşinqtonun ünvanına sərt ittihamlar yağdırılır. Belə bir siyasət nəyə hesablanıb?
- Əvvəllər də bildirmişdim ki, seçkiqabağı gərək müəyyən islahatlar aparılsın. Bununla da Qərbə onun mesajlarının müqabilində bir cavab verilmiş olsun. Bu addımlar atılmırsa, o zaman seçki öncəsi dövrdə Azərbaycanla Qərb arasında qarşıdurma yaranır. Bu da olduqca xoşagəlməz və arzuolunmazdır. Gərək Qərblə qarşıdurmaya gedənlər öz güclərini hesablasınlar. Çünki Qərblə qarşıdurma olduqca təhlükəlidir. Qərblə qarşıdurmada olan kimlərdir? Bu dövlətlərə misal olaraq Şimali Koreyanı, Kubanı göstərmək olar. Amma Azərbaycan Şimali Koreya deyil. Şimali Koreyanın statusu tam başqadır. Kuba isə dəyişmək üzrədir. Hər ölkənin öz reallıqları var. Biz bu reallıqları saxlayaraq qalib çıxa bilərikmi? Bütün bu mesajları həyata keçirməyə hakimiyyət qadirdirmi, yoxsa onları yerinə yetirmək iqtidarı itirmək demək olacaq. Hakimiyyəti itirməkdirsə, o zaman qarşıdurma sona qədər davam edəcək.

- Maraqlıdır ki, Melianın əvvəlki, elə indiki səfərindən sonra da hakimiyyətin insan haqları, demokratiya ilə bağlı addımları daha da sərtləşdirildi. Bu siyasəti necə dəyərləndirmək olar? Islahatlar əvəzinə hakimiyyət siyasətini bir qədər də sərtləşdirir? 
- Hər hakimiyyət öz mahiyyəti əsasında hərəkət edir. Nə mətbuata təzyiqlər, nə də başqa addımlar təzədir. Bunlar həmişə olub.

- Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişləndirmə komissarı Ştefan Fülenin Azərbaycana səfəri planlaşdırılır. Sizcə, bu səfər zamanı hansı bəyanatlar səsləndiriləcək, mesajlar veriləcək?
- Düşünmürəm ki, onun mesajları əvvəl gələnlərdən fərqli olacaq. Ştefan Füle də demokratiya, insan hüquqları və sair bəyanatlarla çıxış edəcək.

- AB-nın Azərbaycandakı təmsilçisi Ronald Kobya bildirib ki, təmsil etdiyi təşkilat Ermənistan və Azərbaycana Qarabağ probleminin çözümünə dair yeni təkliflər təqdim edib. Bu təkliflər nədən ibarət ola bilər?
- Avropa Birliyinin hər hansı bir təklifinin həyata keçməsi üçün Rusiyanın Ermənistana təsirinin azalması gərəkdir. Çünki Ermənistan müstəqil dövlət deyil. Azərbaycan və Ermənistana təkliflər vermək Yerevanı çətin vəziyyətdə qoymaq deməkdir. Ermənistanın bu təklifləri qəbul etməsi üçün gərək Rusiyadan müstəqil olsun. Ona görə indiki mərhələdə Qarabağ problemində hər hansı nailiyyət əldə etmək mümkün deyil. 1999-cu ildə Azərbaycan sülh bağlamağa hazır idi. Ermənilər də Azərbaycanın mövqeyindən məmnun idilər. Nəticədə erməni parlamenti güllələndi və sülh məsələsi Istanbul sammitinin gündəliyindən çıxarıldı. Avropa Birliyi bunu nəzərə almalıdır. Ermənistan bundan əvvəl də sülhə hazır idi. Levon Ter-Petrosyan mərhələli sülh variantını təklif etdi və biz razılaşdıq. Nəticədə o vəzifədən uzaqlaşdırıldı. Mən danışıqlarda iştirak edəndə erməni tərəfi etiraf edirdi ki, danışıqları bizlə yox, Rusiya ilə aparın.

- Cənubi Qafqazın demokratikləşməsi yenidən gündəmdədir. Belə fikirlər var ki, artıq Qərb görür ki, regionda möhkəmlənməsi üçün yalnız Gürcüstanın demokratikləşməsi kifayət etmir. Gərək regionun başqa ölkələri də demokratikləşsin. Demokratikləşmə Ermənistanı Rusiyanın aslılığından çıxara, Azərbaycanı isə Qərbin daimi tərəfdaşına çevriə bilər. Bu fikri necə qiymətləndirirsiniz?
- Bu tamamilə doğru fikirdir. Belə bir plan var. ABŞ heç zaman bu cür sərtliklə deməyib ki, Azərbaycan bizim üçün çox önəmli ölkədir. Əgər Amerika bunu deyirsə, deməli, ABŞ-ın Azərbaycanı özbaşına buraxmaq fikri yoxdur. ABŞ Azərbaycanı Qərb prinsiplərinə, qanunlarına cəlb etmək istəyir. Çünki yalnız eyni idarəçilik sistemləri müttəfiq ola bilər. Ayrı sistemlərin müvəqqəti ittifaqı mümkündür. Ona görə bu tip ittifaqların ömrü qısa olur. Mən 1995-ci ildə ABŞ-da çox konfidensial danışıqlar aparırdım. Söhbət ABŞ-ın bizim regiona gəlməsindən gedirdi. Onlar dedilər ki, biz gələcəyik, amma indi yox. Bu addımın vaxtı var. Vaxtını da açıqlamadılar.

- Görünür, bu vaxt indi yetişib?
- Ola bilsin.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413