“Azadlıq”ın 20 min manatını verməkdən imtina etdilər

02/01/2014 18:49

“Azadlıq”ın 20 min manatını verməkdən imtina etdilər

  •  

 

Font Ölçüsü
 

KİV-ə Dövlət Dəstək Fondu “Azadlıq” qəzetinə olan 20 min manat borcu verməkdən imtina edir. Baxmayaraq ki, fondun məsul şəxsləri “Azadlıq”ın bank hesabı açılacağı təqdirdə sözügedən məbləği ödəyəcəklərini söz vermişdilər. Bu məbləğ fondun maliyyə dəstəyi ilə qəzetin həyata keçirdiyi layihəyə görə verilməliydi. Layihənin oktyabr və noyabr ayları üçün nəzərdə tutulan iş görülsə də, pulu ödənilməyib. Bunu belə əsaslandırıblar ki, qəzetin hesabı həbsdə olub.

Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, “Azadlıq”a vəsaitin ödənilməyəcəyi bildirilib:

“Məlum olduğu kimi “Azadlıq”ın cərimələnməsi haqqında məhkəmə qətnamələrinin yerinə yetirilməsi üçün qəzetin bank hesabına həbs qoyulmuşdu. Daha sonra Tağı Əhmədovun qəzetlə razılaşmanı pozaması nəticəsində qətnamə ilə müəyyən edilmiş cərimənin ödənilməsi tələb olunurdu. Qətnamənin yerinə yetirilməsinə görə “Azadlıq” daha 3 min manat cərimələndi. Üst-üstə “Azadlıq”dan 65 min manat tələb olunurdu. Bundan başqa, "Qasid" firmasının qəzetə 66 min manat borcu var və bunu ödəməməkdə israrlıdır.

Bütün bunları nəzərə alaraq “Azadlıq” yaranmış ağır böhrandan çıxmaq üçün Avropa Birliyinin Demokratiyaya Dəstək Fonduna müraciət etdi. Məlumat üçün bildirirəm ki, bu fondun yaradılmasında məqsəd demokratik institutların, o cümlədən demokratiya mövqeyində duran mətbuat orqanlarının dəstəklənməsidir. Fondun “Azadlıq” qəzeti ilə başlanmış əməkdaşlığı bəhrəsini verdi. “Azadlıq”la fond arasında bağlanmış qrant müqaviləsinə əsasən hesabın açılması üçün zəruri olan məbləğ qəzetin hesabına köçürüldü və bunun nəticəsində hesabın açılması mümkün oldu.

Təəssüflə qeyd etməliyəm ki, qəzetin vəziyyəti ağır olaraq qalır. Əvvəllər məlumat verdiyimiz kimi metroda qəzet satışına qadağa qoyulması bizi hər ay kifayət qədər ciddi maliyyə vəsaitindən məhrum edir. “Azadlıq”a qarşı ciddi zərbə KİV-ə Dövlət Dəstək Fondu hesabın bağlı olduğunu əsas gətirərək fondun proqramı çərçivəsində qəzetin maliyyələşdirilməsi dayandırması olub. Oktyabr və noyabr aylarında KİV Dövlət Dəstək Fondu ilə nəzərdə tutulmuş layihənin tamamilə icra olunmasına baxmayaraq qəzet 20 min manatlıq vəsaitdən məhrum edilib. Bizə bu vəsaitin ödənilməyəcəyi bildirilir. Bu günə olan başlıca problem redaksiyanın Yeni İlə noyabrın ikinci yarısı, dekabr ayı üzrə əməkdaşlara maaşlar üzrə böyük borc məbləğində qədəm qoymasıdır. Dərin  təəssüf hissi ilə qeyd edirəm ki, bu ildə olduğu kimi, gələn ildə də “Azadlıq” qəzetini mövcudluğunu davam etdirmək uğrunda ağır dövr gözləyir”.

 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413