“Eldar Həsənovun qardaşı həyatımızı məhv etdi”

09/02/2014 09:25

“Eldar Həsənovun qardaşı həyatımızı məhv etdi”

 

Tarix 08.02.14, 17:26

Font ölçüsü : - / +
 
bitmap-img6
 


Evi əlindən alınan Çimnaz Cəfərova: “Şahin dedi kimdir burda yekəxanalıq edən, necə yəni evdən çıxmırıq...”


“Şahin Həsənov dedi, olan budur, ya 5 min dolları götürün, evdən çıxın, ya da heç 5 mini də verən deyiləm, küçələrdə qalacaqsınız, qara qəpik də görməyəcəksiniz. Sağ olsun... Dedi və elədi...”

Şahin Həsənov... Bu şəxs Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinin keçmiş rəis müavinidir. Söhbət Azərbaycanın sabiq baş prokuroru Eldar Həsənovun qardaşından gedir. Ondan şikayətçi olan şəxs isə Çimnaz Cəfərova adlı vətəndaşdır. O, başına gələnləri virtualaz.org saytının müxbirinə nəql edib.

...Bu ailənin firavan günləri şəhərin mərkəzində - Malakan bağının yerləşdiyi Mərdanov qardaşları küçəsindəki işıqlı, rahat ev-eşiklərində keçib. İndi pərən-pərən düşüblər. Ailənin başçısı və sonbeşik qızı başlarına gələnlərə dözməyərək ailəni tərk ediblər.

Baş prokuror Eldar Həsənovun qardaşı Şahin Həsənovun bu ailənin başına gətirdiklərini oxuduqca...

Çimnaz xanım başlarına gələni ta əvvəldən nəql edir:

“1997-ci ildə həyətimizə bir dəstə adam gəldi. Dedilər ki, həyəti, oradakı mənzilləri almaq istəyirlər. hər ailəyə də 3-5 min dollar təklif edirdilər. Təbii ki, nə qonşular, nə də mən bu məbləğlə razılaşmırdıq. Növbəti gəlişlərində bunlara bir nəfər də qoşulub gəlmişdi. Qırımından görünürdü ki, başçıları budur. Həmin adam öz adamlarının əhatəsində həyətə girən kimi qışqırdı ki, kimdir burda yekəxanalıq edən, necə yəni evdən çıxmırıq, özbaşınalıqdırmı. Həmin şəxs dedi ki, nə verirlər, şükür edin, yığışın çıxın burdan. Ətrafındakı adamlar bir-bir evlərimizə girir, bizi başa salırdılar ki, bu adam Şahin Həsənovdur, ölkənin baş prokuroru Eldar Həsənovun qardaşıdır. Bununla kəllə-kəllə gəlməyin mənası yoxdur. Nə təklif edirsə, götürün, çıxın evdən. Yoxsa başınız çox ağrıyacaq”. 

Çimnaz xanım deyir, 1998-ci ildən Şahin Həsənov başlayır həyətdə yaşayanları bir-bir “dənləməyə”. Əvvəl yuxarı mərtəbədə yaşayan və yaşı 80-ə yaxın olan tənha Liza nənəyə təpinir, ev sahibəsi elə biletpulu ilə kifayətlənməyə məcbur olur. Yazıq arvada bir qəpik də vermədən təyyarəyə mindirib Ukraynada yaşayan bacısının yanına yola salırlar. Digər qonşusunun evini də təzyiqlərlə əlindən alırlar.

Ç.Cəfərova sözünə belə davam edir:

“Böyrümdəki qonşunun evinin sahəsi 100 kvadratmetr idi. Təzəcə təmir etdirmişdi. Başqa millətlə qarışıqları vardı deyə yazıqlar səslərini çıxarmağa qorxurdular. Hədələrdən sonra 5 otaqlı evi dəyərindən çox-çox ucuz qiymətə təhvil-təslim elədilər Şahin Həsənova. Onların həyətdən köç etməsi də yadımdadır. Hətta şəxsən Şahin Həsənovun həyətin bir kənarında dayanıb onların köçlərinin maşınlara yüklənməsini izləməsi də gözümün önündədir. Əşyaları maşınlara Şahin Həsənovun adamları yüklədilər. Yazıq ailə gedib Yasamalda “xruşşovka” binadan ikiotaqlı, darısqal, təmirsiz ev almışdı. Kişi dərdini heç kəsə deyə bilmədi, çünki bilirdi ki, başına bu oyunları açan baş prokurorun qardaşıdır. Yazıq ailə başçısı heç bir il yaşamadı, infakt keçirib öldü”.

Bir gün də növbə gəlib çatır Çimnaz xanımın ailəsinə. 1990-cı ildə min bir zəhmətlə, halal qazancla əldə etdiyi ev-eşiyə görə Şahin Həsənov ona 3-5 min dollar təklif edir:

“Həmin illərdə Əhmədlidə, Qaraçuxurda ikiotaqlı evlər 13-15 min dollara idi. Mən də Şahin Həsənova dedim ki, pul istəmirəm, heç olmasa mənə oralardan 2-3 otaqlı ev al ver, çıxım. Dedi, ancaq 5 min dollar, vəssalam, götürsən də, götürməsən də budur. Ancaq evdən onsuz da çıxacaqsan”.

Ç.Cəfərova deyir, evini itirməmək üçün Şahin Həsənovla düz 5 il çəkişir. Bu müddət ərzində Şahin Həsənov onun Qarabağ veteranı olan həyat yoldaşını və epilepsiya xəstəsi olan gənc oğlunu qapıbir qonşunun əli ilə bir neçə dəfə şərlətdirir:

“Qonşuluqda yaşayan Məmməd İsakov hazırda Vergilər Nazirliyində yoxlamalara gedir, rütbəsi də mayordur. Qızı Natəvan indi səhv etmirəmsə Səbayel polisində işləyir. O vaxt Şahin Həsənov o ailəyə söz vermişdi ki, siz bunların torbasını tiksəniz, sizin eviniə yaxşı pul ödəyəcəm. Natəvan və anası Leyla dəfələrlə 39-cu polis bölməsinə mənim ərimdən və oğlumdan şikayətlər yazdılar. Guya ərimlə oğlum onlara həyətdə sataşır. Neçə dəfə ərimi, oğlumu tutub polis bölməsinə apardılar. Hər dəfə oğlumun epilepsiyası tuturdu, polis bölməsindən evə təcili yardım maşınında gətirirdilər. 5 il beləcə Şahin Həsənovun zülmündə qaldıq”.

2002-ci ildə sahə müvəkkili növbəti dəfə qapını döyür. Deyir ki, qonşudan 39-cu polis bölməsinə növbəti dəfə şikayət gedib. Ç.Cəfərovanın oğlunu, ərini və özünü polis bölməsinə aparıb izahatlarını alırlar:

“İki ay idi bizi polisə aparıb-gətirirdilər. Bölməyə o qədər gedib-gəlmişdik ki, polislər də bizi tanıyırdılar. Polisə düşməyimizin səbəbini də bilirdilər. Bir dəfə bizim işə baxan müstəntiq Əhməd Zeynalov dedi, ay Çimnaz bacı, istədikləri bir komadır, nə pul verirlər, götürün, çıxın, bu işlər də bitsin. Vallah, bizim də başımız ağrıyır, sizi də narahat edirlər. Bilirsiniz ki, kimin adamıdır, o da tərsliyinə salıb, sizdən əl çəkmir, ortada biz qalmışıq. Müstəntiq bizə pis münasibət göstərmirdi. Dindirməyə çağıranda çay süzürdü, yaxşı münasibət göstərirdi. Deyirdi, hamı bilir ki, sizi şərləyirlər, hamı da bilir ki, yeli əsdirənlər kimlərdir. Bizə səbrli olmağı məsləhət görürdü”.

Elə həmin ərəfələrdə müstəntiq Əhməd Zeynalovun bir hərəkəti ilə ailənin kitabı bağlanır:

“Bir dəfə zəng vurdu ki, Çimnaz bacı, tez ol, bölməyə gəl. Mən də durdum qaçdım. İçəri girən kimi, dedi, sənin ifadələrin olan vərəqlərin üstünə çay dağılıb, yararsız vəziyyətə düşüb. Təzədən yaza bilərsən? Təcili işi bağlamalıyam, sənin ifadənə görə qalıb. Dedim, əlbəttə. Bir az vurnuxdu, guya telefonla kiminləsə danışdı, dedi, vallah, təcili çıxmalıyam, həbsxanada adam dindirməliyəm. Gəl sən bu boş vərəqləri tez imzala, mən axşam qayıdıb sənin o yazdıqlarını bu vərəqlərə özüm köçürərəm. Düzü, 2 aydan artıq idi bu adamın bizim ailəyə görə çalışdığını düşünürdüm deyə ağlımdan heç nə keçirmədim. Verdiyi boş vərəqləri imzaladım, özü də canıma nə qədər dua elədi, üzrxahlıq elədi”.

Bir neçə gündən sonra ailəyə məlum olur ki, Çimnaz xanıma, həyat yoldaşı Elxan Cəfərova və xəstə oğlu Hikmət Kərimova qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi açılıb. O da məlum olur ki, müstəntiq Çimnaz Cəfərovaya imzalatdığı boş vərəqlərdə onun dilindən başqa səpkidə ifadə yazır. Hansı ki, həmin ifadələrdə qadın qonşuları ailəlikcə döyüb təhqir etdiklərini ”etiraf edir”. Ailə başçısı Elxan Cəfərov həbs edilir.

Ç.Cəfərovanı dinləyək:

“Səbayel Rayon Məhkəməsində məhkəməmiz olanda gətirib elə məhkəmədəcə qarşıma sənədlər qoydular ki, Şahin Həsənov deyir, bunları imzalasın, ərini məhkəmədəncə buraxdırım”.

Qadın virtualaz.org saytı müxbirinin “siz də imzaladınzmı” sualına ağlamaqla cavab verir:

“Başqa yolum qalmamışdı. Elxanın taleyi həll olunurdu. Onun günahsız, mənim səhvim ucbatından həbsxanada yatmasına vicdanım yol verməzdi. Özüm yalvardım ki, nə sənəd deyirsiniz, imzalayım, ərimi azad edin”.

Beləcə, Çimnaz Cəfərovanın əri həbsdən, ev-eşiksə əldən çıxır:

“Doğrudan da hər şey Şahin Həsənovun dediyi kimi oldu. Sənədləri imzalayandan sonra yalvardım ki, heç olmasa o 5 min dolları ver. Dedi, get, 5 il əvvəl sənə dediklərimi yadına sal. Və qara qəpik də vermədi. Ancaq mənə imzalatdırdığı sənədlərdə yazılmışdı ki, guya evə görə mənə pul ödəyib”.

Çimnaz xanım deyir bir günün içərisində ev əşyalarını küçəyə tökdülər. Həmin vaxtdan ailə pərən-pərən düşdü. Əri müstəntiqə inanıb boş vərəqlərə imza atmasını, bu üzdən aylarla həbsdə qalmasını, üstəlik də ev-eşiyin əldən getməsini qadına bağışlamadı. Ailəni tərk etdi. Az keçmiş qızı da darısqal kirayə evə sığmayıb çıxıb getdi.

Çimnaz xanım deyir ki, Şahin Həsənov o həyət-bacada adamların göz yaşı bahasına əldə etdiyi evlərə öz qohumlarını və yaxın adamlarını yerləşdirib:

“Qonşumun evini öz oğlu Orxan Həsənova verib. Mənim evimdə bir polis qohumu yaşayır. Yuxarıda Liza nənənin evini isə özü üçün ofis edib. Başqa evləri də öz dost-tanışlarına peşkəş edib”.

Özləri isə küçələrdədir:

“Oğlum Hikmət işləyə bilmirdi, mən də onun-bunun evində qab yuyurdum, ev yığışdırırdım. Hikmət bir qızla evləndi, gəlin də bir uşaq doğandan sonra aclığa, səfalətə davam gətirməyib bu uşağı da üstümüzə atıb getdi (kənarda oturub nənəsinə qulaq kəsilən 9 yaşlı Fatiməni göstərir-red.). Uzun müddət mən Bayılda, Hikmət Yasamalda küçələrdə dilənçilik etdik ki, qaldığımız evin pulunu verə bilək. Bir gün də eşitdik ki, hardasa bir cəmiyyət var, bizim kimi küçədə qalanlara sahib çıxır. Soraq-soraq gedib Zığda “Vatikan” xeyriyyə cəmiyyətini tapdıq. İtaliyalıların cəmiyyəti idi. Hər gün bizə yemək, yatmağa yer verirdilər. 1 ilə yaxın orada qaldıq. Sonra gördük bizi dilə tuturlar ki, azyaşlı nəvəmi onlara verək. Aparıb İtaliyada oxutsunlar. Razılaşmadıq, bizə dedilər ki, daha burdan o tərəfə sizi saxlaya bilmərik, başınıza çarə tapın. Əlbəttə ki, biz onlardan narazı deyilik, yenə sağ olsunlar. Məscidlər bizi qapıdan qovanda onlar bizə yiyə durmuşdular”.

Son ayları Çimnaz Cəfərova, xəstə oğlu Hikmət və nəvəsi 9 yaşlı Fatimə “Sovetski”dəki evlərin birində kirayədə qalırlarmış. 12 gündür ki, kirayəhaqqını ödəyə bilmədiklərinə görə ev sahibəsi onlara küçəni göstərir.

Çimnaz Cəfərovanın son sözü yenə Şahin Həsənovadır:

“Sənə görə rahat həyatımızı itirdik, nəyimiz vardısa itirdik... Həbsxana da gördük, dilənçilik də... Məscid qapısından da qovulduq, dilini, dinini bilmədiyimiz xeyirxah insanlara da sığındıq. İndi yenə küçələrə qayıdırıq. Vicdan deyilən bir hissiniz varsa, şəhərin ən gözəgəlimli yerində əlimizdən aldığın ev-eşiyimizin əvəzinə bizə bircə otaqlı da olsa ev ver. Ömürlük xəstə oğlumun, azyaşlı nəvəmin ahına tuş gəlməmək üçün...” 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413