Bakıda ətir adıyla satılan sular

31/01/2014 14:45

Bakıda ətir adıyla satılan sular

Bakıda ətir adıyla satılan sular
Bakıda ətir adıyla satılan sular 

Azərbaycanın parfümeriya bazarında “bespredel” hökm sürür

Bakı sakini İlkin Ənvərovun üzünə çıxan sızanaqlar artıq bir neçə ildir ki, onun rahatlığını əlindən alıb. Əvvəllər belə bir problemi olmasa da, sonradan istifadə etdiyi odekalon onun üzündə qaşınmaya səbəb olub. Əvvəllər buna fikir verməsə də, sonradan qaşınma şiddətlənib və artıq dözülməz ağrılara səbəb olub. 

İlkin Ənvərov dermatoloqa müraciət edəndə isə, məlum olub ki, istifadə etdiyi ətirin tərkibindəki kimyəvi maddə onun dərisinə ziyan vurub. Elə bundan sonra onun üzündə sızanaqlar yaranıb. İndi müalicə alan İlkinin dərisi hələ də əvvəlki vəziyyətinə qayıtmayıb.
Əslində saxta ətir və keyfiyyətsiz parfümeriyadan ziyan görən təkcə İlkin Ənvərov deyil. Onun kimi bir çoxu saxta malların qurbanı olub.
Ümumiyyətlə ətir - müxtəlif ətirli maddələrin spirtdə həll edilmiş qarışığıdır. Əvvəlcədən resept üzrə qarışıq hazırlanır. Daha sonra bu qarışıq keyfiyyətli, az miqdarda su əlavə olunmuş spirtlə qarışdırılır. Ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunur. Bundan başqa, ətirlərə qoxusunu uzun müddət saxlaması üçün də müəyyən maddələr, alındığı maddənin təbii çalarına uyğun rənglər qatılır.
Ətriyyat kosmetik mallara, həm də parfümer mayelər, ətir, tualet suyu, odekalonlar aiddir. Parfümer mayelərin tərkibinin 20 faizi təbii ətirli maddələrdən, 80 faizi sistetik maddələrdən və müəyyən rəng vermək üçün rəngləyicilərdən ibarətdir. Mütəxəssislər bildirirlər ki, həmin mayelər dəridə və paltarda heç bir iz buraxmamalıdır.
Lakin ölkəyə Çin, Dubay və Türkiyədən gətirilən keyfiyyətsiz mallar çox ucuz olsa da, həddindən artıq təhlükəlidir. Bu barədə satıcıların özləri belə etiraf edirlər. “Əhmədli” metrostansiyası yaxınlığında ətir satışı ilə məşğul olan Cavid adlı şəxs ölkəyə gətirdiyi məhsulların keyfiyyətinə fikir vermədiyini bildirir. “Çalışırıq ki, ucuz ətirlər gətirək. Keyfiyyəti deyəndə ki, hamısı eyni şeydir. Sadəcə ümumi sertifikat alırıq ki, əlimizdə sənəd olsun. Bu dəqiqə alıcılar ən çox ətirlərin iyinə və qiymətinin ucuzluğuna fikir verirlər. Çox nadir halda məhsulun orijinal olub-olmadığını yoxlayırlar”, - deyə satıcı vurğulayıb.
Ətirlərin qiymətinə gəlincə, ən ucuz ətirlər 3 manatdan başlayır və 30 manata qədər yüksəlir. Belə məhsulları metro keçidlərindən almaq olar. Lakin qramla satılan ətirlərin qiyməti isə daha ucuzdur. Satış məntəqəsindən asılı olaraq ətirlərin qramı 50 qəpikdən başlayıb, 1 manata qədər təşkil edir. Alıcıların əksəriyyəti isə ətirlərin qoxuları və qiymətləri ilə daha çox maraqlanırlar.
“Yoldaşımın ad günüdür. Ona “duxu” alıram. Firma dükanlarında ətirlərin ən ucuzu 70 manatdır. Amma “Əhmədli” metrostansiyasındakı keçiddən yaxşı ətir tapmışam. 5 manat verib aldım”, - deyə alıcı Samir Abdullayev bildirib.
Samir Abdullayev “Aldığınız məhsulun sertifikatı varmı?” sualına isə ““duxu”nun da sertifikatı olar?”, - deyə cavab verib.
Həkimlər isə sertifikatı olmayan və keyfiyyətsiz ətirlərin insan orqanizmi üçün təhlükəli olduğunu bildirirlər. Həkim, tibb elmləri doktoru Qələndar Məmmədov bildirib ki, belə kosmetik məhsulların tərkibində hətta zərərli qazlara rast gəlinir. Belə kosmetik məhsullar allergiyadan tutmuş sağalmaz xoralara qədər çox şeyə səbəb ola bilər. Dubay və Türkiyə mallarında isə tərkibin düzgün olmaması ilə yanaşı formalinin çoxluğu da müşahidə edilir. Formalin bu məhsulların tez xarab olmaması üçün vurulur. Onun çoxluğu da xərçəng xəstəliyinə səbəb olur. Formalin bədənlə təmasda ona nüfuz edə bilər, bədəndə yığılaraq yad cismə çevrilə bilir. “Ətriyyat mayelərin ən əsas keyfiyyət göstəriciləri, onların iyinin uzun müddət qorunub saxlanmasıdır, çünki ətir iyi dərhal deyil, ondan istifadə edən insanın dərisi arasında təxminən 30-40 dəqiqə reaksiya getdikdən sonra hiss olunmalıdır”, - deyə Qələndar Məmmədov bildirib.
Həkim sertifikatı olmayan ətir və parfümeriyadan istifadənin təhlükəli olduğunu deyir. Lakin bu zaman da diqqətli olmaq lazımdır. “Yadda saxlamaq lazımdır ki, bahalı və sevimli markadan olan ətirlər belə xoşagəlməz qoxuya malik ola bilər və allergiyaya meyilli insanlarda əks reaksiya verər. Yerində yoxlamaq baxımından ətri flakonsuz da almaq olar”, - deyə həkim bildirib.
Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, ətir və digər parfümeriya məhsulları alarkən istehlakçılar çox diqqətli olmalıdırlar. Belə məhsulları alarkən bilmək lazımdır ki, ətir tutumu 65 ml-dən çox olmayan şüşə, farfor və ya keramik materiallı flakonlara qablaşdırılır. Flakonun ağzı şüşə, polietilen örtüklü şüşə, plastmas və yaxud da metaldan olan vintkəsikli başlıqlarla sıx bağlanır. Qutuların üstündə mütləq məhsulun kodu olmalıdır. Məhsulun üstündə bu göstəricilər olmayanda isə, onu almaq məsləhət deyil.
Qeyd edək ki, ətir alan alıcıya həmin malların iyi ilə tanış olmaq üçün şərait yaradılmalıdır. Bunun üçün ətirli maye hopdurulmuş kağız parçaları və məsaməli materiallardan istifadə olunur. Alıcı öz istəyilə bundan imtina edə bilər.
Məsələ ilə bağlı Standartlaşdırma, Metralogiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı daim saxta ətirlərin bazardan çıxarılması istiqamətində mübarizə aparıldığını bildirib. Komitə rəsmisi deyir ki, dövlətlə bağlı vətəndaşlar da bununla mübarizə aparmalıdır. “Vətəndaşlar bilməlidirlər ki, “Shanel” markalı ətiri 3-4 manata satırlarsa, deməli bu məhsul saxtadır. Ümumiyyətlə istehlakçılar çalışıb ətir və parfümeriya məhsullarını alarkən mütləq sertifikat tələb etməlidirlər. Çünki bu məhsullar birbaşa insan orqanizmilə təmasda olur”, deyə Fazil Talıblı bildirib.
Onun sözlərinə görə, ötən ilin son aylarında keçirdikləri reylər nəticəsində “28 may” metro stansiyası yaxınlığındakı mağazalardan çoxlu saxta ətirlər müəyyən edilərək məhv edilib.
Ziya Babayev
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413