Deputatların maaşı artdı

18/12/2013 14:27

Deputatların maaşı artdı

 

Tarix 18.12.13, 9:50

Font ölçüsü : - / +
 

bitmap-img6

 


Milli Məclis siyasi partiyalar və QHT-lərlə bağlı qanunu sərtləşdirdi; parlamentdə əfv və ya amnistiya verilməsi təşəbbüsü səsləndi


Dekabrın 17-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov, Əli Məsimli və Xanhüseyn Kazımlı “Şahdəniz-2" müqaviləsinin imzalanması ilə bağlı ürək sözlərini dedikdən sonra Fazil Mustafa Nuru Paşanın adının əbədiləşdirilməsi ilə bağlı məsələ qaldırdı.
Qüdrət Həsənquliyev  M.Ə.Rəsulzadənin 130 illiyi ərəfəsində keçmiş “Sahil” bağına “Cümhuriyyət bağı” adının verilməsi barədə qaldırılan təşəbbüsü dəstəklədi: “Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il gəlir, ”Şahdəniz-2" müqaviləsi imzalanıb.

Milli birliyə və həmrəyliyə xidmət edərdi ki, həbs olunmalarında siyasi motiv olduğu iddia olunan şəxslər azad edilsin, məhkəmə istintaqı davam edənlərin barəsində seçilmiş həbs- qətimkan tədbiri dəyişdirilsin". 

Zahid Oruc Türkiyənin Qarabağ məsələsi ilə bağlı izahat verməsinə ehtiyac olduğunu da dedi. 

O.Əsədov isə “ay Zahid Oruc, burda nə izahata ehtiyac var, Türkiyənin mövqeyi məlumdur, ara yazılarına fikir verməyin” söylədi. 

Qənirə Paşayeva F.Mustafa və Q.Həsənquliyevin təkliflərini dəstəklədi: “Cümhuriyyət dövrünün  baş naziri Nəsib bəy Yusifbəylinin məzarının harada olduğu bilinmir. Çox yaxşı olar ki, onun abidəsinin Gəncə və ya Bakıda qoyulması, qəbrinin harada olması ilə bağlı araşdırma aparılsın”. 

Vahid Əhmədov Vilnüs sammitindən sonrakı situasiyadan bəhs etdi: “Ukrayna ətrafında gedən proseslər, Azərbaycanın strateji müttəfiqi olan bir dövlətdə baş verən hadisələr əlbəttə ki, millət vəkili olaraq bizi narahat edir. Bu gün Azərbaycanda Avropa dövlətləri ilə mühüm bir saziş imzalandı. Bu müqavilə yalnız siyasi-iqtisadi yox, həm də siyasi layihədir. ”Şahdəniz-2" yatağının 7 mühüm neft şirkətləri ilə bir yerdə mühüm bir kontrakta imza atması Azərbaycanın gələcək inkişafı və müstəqilliyi üçün əsas amillərdən biridir".

İqbal Ağazadə cəmiyyəti narahat edən məsələlərdən danışdı: “Bu gün ilk növbədə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlıq var. Təəssüflər olsun ki, ölkənin həm mərkəzində, həm regionlarında bütün ölkə boyu siyasi məhbus kateqoriyasına aid olan insanların məhkəmələri gedir. Bakıda, Şəkidə, Lənkəranda, Şirvanda beynəlxalq təşkilatların və hüquq müdafiəçilərinin siyasi məhbus elan etdiyi şəxslərin məhkəmə prosesi gedir. Tofiq Yaqublu, İlqar Məmmədov, Qurban Məmmədov Yadigar Sadıqovun məhkəmələri siyasi xarakterlidir və bizi narahat edir”. İ.Ağazadə QHT rəhbəri Anar Məmmədlinin məsələsini qaldırdı, ona qarşı ittihamların saxta olduğunu dedi: 

“Dekabrın 16-da Anar Məmmədli həbs edilib, onun haqqında qondarma cinayət işi qaldırılıb. Niyə saxta və qondarma deyirəm? Çünki QHT-nin təyinatı və fəaliyyət istiqaməti hər hansı ölkədən aldığı qrantı qanunsuz xərcləməsi ola bilər. Amma bu, kommersiya fəaliyyəti ola bilməz. Bu, olsa-olsa daxil olunan vəsaitin qeyri-qanuni xərclənməsi olardı. Daha onu kommersiya fəaliyyətində ittiham etməməli idilər”. Deputat ölkə rəhbərliyinə müraciət etdi: “Mən təklif edirəm 31 dekabr həmrəylik günü münasibətilə Milli Məclis, cənab prezident əfv fərmanı və ya amnistiya aktı ilə çıxış etsin və ölkə 2014-cü ilə barış şəraitində qədəm qoysun”.

Fəzail Ağamalı Türkiyə XİN-in başçısının Azərbaycan mətbuatında yayılan ziddiyyətli fikirlərindən danışdı: “Düşünmürəm ki, Türkiyə hökuməti Azərbaycan xalqına verdiyi vədin arxasından çəkilib”.

Flora Qasımova dedi ki, çap olunan kitablarda işğal olunmuş keçmiş DQMV-nin rayonları arasında Xankəndinin adının olmaması onu narahat edir: “Bütün işğal olunmuş rayon və şəhərlər haqqında məlumat verilir, ancaq Xankəndi haqqında məlumat verilmir. Bu yaxınlarda ermənilər Stepanakertin 90 illiyini qeyd edib, ancaq biz bunu unuduruq. 8 min kv km ərazisi, Kərkicahan qəsəbəsi olan Xankəndi bizim şəhərimizdir axı. Bəlkə də buna səbəb 10 min əhalisi, Kərkicahan qəsəbəsi olmuş Xankəndi icra strukturunun olmamasıdır”. 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Milli Məclis üzvlərinin statusu haqqında" Qanuna dəyişikliklər barədə məlumat verdi. Burada deputatların əmək haqqının artımından söhbət gedir. Komitə sədri dedi ki, Milli Məclisin sədri 1950 manat əvəzinə 2250 manata qaldırılır. O dedi ki, bununla bağlı mətbuatdakı bir sıra məlumatlar dəqiq deyil. Çünki bu məbləğin 14 faiz gəlir vergisi, 3 faizi sosial müdafiə, 2 faizi həmkarlara çıxır: “Bu məbləğin 19 faizi vergi kimi çıxır və MM sədrinə 1822 manat əmək haqqı verilir”. 

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dedi ki, 2008-ci ildən bəri MM üzvlərinin maaşına heç vaxt artım olmayıb: “Bu il isə 15,3 faiz artım olub. Söhbət ildə cəmi 500 manatdan gedir ki, bu da ölkə üzrə artımın cəmi 04,-0,5 faizini təşkil edir. Yəqin ki, gələcəkdə əlavə artım nəzərdə tutulacaq”. 

Siyavuş Novruzov dedi ki, deputatların maaşının artırılmasından ajiotaj yaradılır, kimlərləsə müqayisələr aparılır: “Rusiya və Ukrayna ilə müqayisədə MM üzvlərinin əmək haqqı çoxdur. Bəzən müəllimlə deputatın əmək haqqını müzakirə edirlər. MM-in cəmi 125 üzvü var, müəllimlərin sayı isə 500 mindir. ABŞ-da senator 15-16 min dollar alır, müəllim 2 min dollar. Azərbaycan dövlətinin təhsilə ayırdığı vəsait ordudan sonra ikinci yerdədir. MM-in ümumi büdcəsi isə onun 300-də biridir”. “Dünyada əmək haqqını kimdənsə soruşmaq ayıb sayılır” deyə, jurnalistlərə xitab edən S.Novruzov sözarası Müsavat başqanının Maydandakı çıxışına da ironik reaksiya verdi: “Xalqdan mandat ala bilməyənlər gedib Ukraynada meydanda xalqa dəstək vermək istəyir”. 

Sabir Rüstəmxanlı dedi ki, deputat statusu təkcə maaş, mükafat, yaxud deputatın özünün şəxsi dolanışığından ibarət deyil: “Bu, həm də mənəvi məsələdir. Biz bu institutun nüfuzunun qalxması üçün əlimizdən gələni etməliyik. Son illər müşahidə etdiyim bir sıra məqamlara münasibət bildirmək istəyirəm. Deputatların hörməti onların gördüyü işlərlə bağlı deyil, həm də vətəndaşların ona müraciəti, bunun nə ilə nəticələnməsindədir. Deputatın icra imkanı yoxdur, o, ancaq bu haqda icra orqanlarına müraciət edə bilir. Fikrimcə, icra orqanları bu məsələləri diqqətə almalıdır ki, deputatın rolu artsın. Mən bilmirəm ki, bu mexanizm necə olmalıdır. Biz burada onlarla təkliflər veririk. Bəs bu təkliflər hara gedir. Hələ bir dövlət qurumu görməmişəm ki, bizə məktub yazaraq bildirsin ki, Milli Məclisdə qaldırdığınız məsələni həll etdik”. S.Rüstəmxanlı digər bir məsələyə də diqqət çəkdi: 

“Mən deputatam, amma bura gələn adamı qəbul etmək, içəri buraxmaq üçün komitə sədrindən icazə almalıyam. Mən yanıma gələn adamı özüm qəbul etməliyəm. Bütün xarici ölkələrdə deputatın qəbul otağı var. Mənim hüququm olmalıdır ki, yanıma gələm şəxsi özü qəbul etdim. Nazirlər Kabinetinin buraxdığı telefon kitabçası var. Söhbət rəsmi orqanların telefon kitabçasından gedir. Bu, gizli bir sənəd deyil ki, Milli Məclisin də kitabçaları verilir. Bu kiməsə gülməli gələ bilər və mənim də bu kitabçalara ehtiyacım yoxdur. Amma hesab edirəm ki, bu xırda şeylər üst-üstə gələndə təəssürat yaranır. Hesab edirəm ki, fikirlərim süngü ilə qarşılanmayacaq”.

Spiker isə bildirdi ki, əhali üçün ən əlçatan elə Milli Məclis və deputatlardır: “Diqqətlə fikir verəndə bunu görmək olur. Son 7 ildə artım cəmi 15,3% olub və bunu şişirtmək lazım deyil. Həm də deputat hörməti özü qazanır. Amma bəzən biz özümüz-özümüzə diqqət vermədən lazımsız ifadələr işlədir və özümüz-özümüzü hörmətdən salırıq. Biz özümüz bir-birimizin hörmətini qaldırmalıyıq. Mən çox danışmaq istəmirəm, yəqin ki, məni çoxları başa düşdü. Ay kitabça yoxdur... Hamıya telefon verilir. Pis çıxmasın, 4 deputat bir hökumət telefonu ilə işləyirdi. İndi vəziyyət tam fərqlidir. Biz özümüzü yazıq səviyyəsinə çatdırırıq. Olmaz belə. Qanun layihəsinə münasibət bildirin”.

Bundan sonra 92 lehinə, 1 əleyhinə deputatların maaş artımı ilə bağlı layihə qəbul edildi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla bağlı məlumat verdi. Dəyişikliyə əsasən, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərinə edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirə bilməz. 

11.4-1-ci maddəyə edilən əlavəyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürləri müvafiq icra hakimiyyəti orqanlarına təhvil verilməlidir. Möhür müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməyənədək təsis sənədlərinə edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə müvafiq sənəd təqdim edilməlidir. Qanunun 14.1.2-ci maddəsində yeniliyə görə, ünvanı göstərilməyən siyasi təşkilat və QHT məsuliyyətə cəlb olunacaq. Layihədə siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb edən, əks halda, həmin partiyaların qeydiyyata alınmayacağını, yaxud fəaliyyətini qadağan edən yeni müddəanı da özündə əks etdirən dəyişikliklər də əksini tapır.

Fazil Mustafa dedi ki, onsuz da hüquqi şəxslərlə bağlı məhdudiyyətlər çoxdur, ona görə də bu dəyişiklikləri mütərəqqi hesab etmir. O, siyasi partiyalar üçün qərargahın göstərilməsi zərurəti ilə bağlı müddəaya da etiraz etdi. Ən azı bir müddət verilməlidir ki, partiya qərargahsız qaldığı təqdirdə yeni qərargah tapa bilsin. 

Elmira Axundova isə təklifləri müsbət dəyərləndirdi. E.Axundova son aylar ciddi proseslər yaşanan  Ukraynada baş verənlərlə əlaqədar Ukrayna QHT-lərinə müxtəlif fondlardan 15 mln. dollar pul köçürüldüyünü dedi və Azərbaycan QHT-lərinə nəzarətin artırılmasını təqdir etdi. 1-ci vitse-spiker Ziyafət Əsgərov dedi ki, qanun layihələrinin əsas fəlsəfəsi şəffaflıqdır, odur ki, deputatları səsverməyə çağırdı.

Deputat Çingiz Qənizadə müəllifi olduğu "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanun layihəsini 2-ci oxunuşa təqdim etdi. Qanuna görə, 15 yaşı tamam olmamış vətəndaşı fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində onun şəxsiyyətini təsdiq edən sənəddir və bu kartı qanunla müəyyən edilmiş qaydada vətəndaşın valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra - qanuni nümayəndəsinin) müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı verir. Fərdi identifikasiya kartında vətəndaşın soyadı, adı, atasının adı, cinsi, doğulduğu tarix, qan qrupu, fərdi identifikasiya nömrəsi, kartın nömrəsi və etibarlılıq müddəti, habelə onun valideynlərinin soyadı, adı, atasının adı göstərilir. Ç.Qənizadənin çıxışından sonra qanun müzakirəsiz qəbul edildi. Qeyd edək ki, qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413