Eynulla Fətullayevdən sensasiyalı açıqlamalar

19/02/2014 10:21

Eynulla Fətullayevdən sensasiyalı açıqlamalar

 

Tarix 19.02.14, 8:48

Font ölçüsü : - / +
 

bitmap-img6

 


“Siyahı daha böyükdür, yüzdən artıq adamın adı var...”


Tanınmış jurnalist Eynulla Fətullayevin özünün rəhbərlik etdiyi haqqin.az saytında yazdığı “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı...” adlı məqaləsi ölkə gündəmini dəyişib. Məqalədəki iddialar kifayət qədər böyükdür. Orada göstərilir ki, jurnalist Xədicə İsmayılova ABŞ kəşfiyyatçılarına “hakimiyyətlə əlaqəsi olan müxalifətçilərin, ictimai xadimlərin siyahısı”nı ötürüb. Həmin siyahıdakı adlar isə Azərbaycan müxalifətinin, mediasının, ictimaiyyətinin tanınan simalarıdır.

Görünür, bütün bunlara görə məqalə ölkənin siyasi gündəminə bomba kimi düşüb. İş o yerə qədər gəlib ki, artıq Amerikanın Bakıdakı səfirliyi də mövzuya münasibət bildirib. Yazıda “iqtidarın gizli adamları” kimi siyahılaşdırılan tanınmışların bir çoxu da iddialara cavab veriblər. Bu mövzuda ən az danışan isə məqalənin müəllifi Eynulla Fətullayevdir. Onun ünvanına saysız-hesabsız suallar, iddialar və qınaqlar var. Məhz ona görə də E. Fətullayevi redaksiyamıza dəvət edib, mövzunu daha da açmaq qərarına gəldik.

Müsahibə boyunca sual yağışına tutduğumuz E.Fətullayev olduqca ilginc açıqlamalar verdi, yeni məlumatlar paylaşdı.

Eynulla Fətullayevlə müsahibənin birinci hissəsini təqdim edirik.

- Bir yazı yazdınız və ölkə gündəmi dəyişdi. Bu dərəcədə reaksiya gözləyirdinizmi?

 “Xədicənin siyahısı” niyə bu dərəcədə maraq doğurdu siyasi mühitdə?  

- Bu sual barədə mən özüm də xeyli düşündüm. Çünki cəmiyyətdə yaranan rezonansı əlbəttə ki, bir tərəfdən təbii qarşıladım, digər tərəfdən təəccübləndim...

İndiyə qədər Azərbaycanda, xüsusilə prezident seçkilərindən öncə, etiraz elektoratının gözləntiləri çox böyük idi. Aydın məsələdir ki, etiraz elektoratı daim öz gözləntilərini, ümidlərini müxalif zümrə ilə bağlayır. Yəni xalq özünün edə biləcəyi haqqında hansısa suallar vermir; müxalifətin nə edəcəyi barədə suallar səsləndirir. Bu seçkilərdə də belə idi. Halbuki biz və siyasətçilər xalqı daim tənqid edirik ki, müxalifətçilərdən həddən artıq böyük gözləntilər var. Seçkidən sonrakı mərhələdə yenə də müxalifət arasında yaranan ziddiyyətlər, qarşıdurmalar fonunda bu cür görüşün (Xədicə İsmayılova ilə ABŞ təmsilçilərinin) baş verməsi və sonradan bu siyahının ortaya çıxması müəyyən mənada cəmiyyətdə bir əks-sədaya səbəb oldu. Çünki bu faktın məlum olmasına qədər də obıvatel səviyyəsində formalaşan oxşar rəy var idi: “müxalifət hökumətə işləyir, əşşi, boş şeydir, heç bir nəticə olmayacaq, bu müxalifəti də iqtidar qoruyur”, kimi fikirlər həm sosial şəbəkələrdə, həm ümumiyyətlə ictimai fikirdə çox səslənib və hazırda da səslənir. Hətta mən deyərdim ki, 1997-1998-ci illərdən bu söhbətlər gündəmdədir...

“Bu siyahıda xeyli adamların adları var ki, onların hakimiyyətlə bağlılığına inanıram”

- Siz özünüz inanırsınızmı ki, Azərbaycan müxalifətinin böyük əksəriyyəti hakimiyyətə işləyir? 

- Bu siyahı üzrə götürülsə, mən bu cür düşünmürəm. Mən ümumiyyətlə bu cür sadə yanaşmaların tərəfdarı deyiləm. Siyasi münasibətlərin sadələşdirilməsinin əleyhinəyəm. Çünki həyat yalnız ağ və qara rəngdən ibarət deyil, çoxrənglidir. Burda palitradan söhbət gedir. Birmənalı şəkildə demək olmaz ki, bu müxalifət birbaşa hakimiyyətə işləyir və ya hansısa sifarişləri yerinə yetirir. Mən hesab edirəm ki, bu, bir az primitiv rakursdan yanaşılan məsələdir.

Məsələn, bu siyahıda xeyli adamların adları var ki, mən onların hakimiyyətlə bağlılığına inanmıram. Bir şey də var axı. Hakimiyyət dedikdə biz kimi və nəyi nəzərdə tuturuq? Dövlət institutlarınımı, hakim elitanımı, xüsusi xidmət orqanlarınımı? Əgər söhbət dövlət institutlarından gedirsə, məsələn, Rauf bəy, siz ən böyük qəzetin baş redaktoru kimi bu institutlarla təmasda olmalısınız və bu, təbiidir. Xədicə İsmayılova və neobolşevizm təfəkkürünə malik adamların nöqteyi-nəzərindən isə bu, anormal hesab edilir. Çünki onlar mübarizənin anarxist vasitələrinin tərəfdarıdır. Yəni onlar dövləti inkar edirlər. Əgər mənim mövqeyimi bilmək istəyirsinizsə, bəli, mən hesab edirəm ki, bu siyahıda adlarını gördüyüm xeyli adamlar hakimiyyətlə bağlı deyillər.

- Ümumiyyətlə,  belə bir siyahı varmı? Bəzi rəylər var ki, bu, Eynulla Fətullayevin özünün yaradıcılığıdır və əslində Xədicə İsmayılovanın belə bir siyahı təqdim etməsi faktı yoxdur. Siz sübut edə bilərsinizmi ki, Xədicə İsmayılova belə bir siyahını amerikalılara verib?

- Artıq sübutu Xədicə İsmayılova özü təqdim edib...

- Necə?

- İkinci yazısı və ikinci siyahı ilə. (Xədicə İsmayılovanın özünün facebookdakı səhifəsində “MTN-in məxfi sənədi” adı altında paylaşdığı məlum məktub nəzərdə tutulur. Məhz həmin məktuba görə X. İsmayılovanı prokurorluğa çağırıblar - red.) Ekspertiza təyin olunmalıdır və həmin sənədin həqiqətə uyğun olub-olmadığı müəyyənləşdirilməlidir. Yəni ona qədər hansısa konkret iddia irəli sürmək olmaz. Biz hələ bilmirik ki, Xədicə İsmayılova hansı sənədləri ortaya qoyacaq. Bəlkə onun bu tipli əlavə sənədləri də var, başqa qurumlarla da bağlı olan sənədləri mövcuddur. 

- Bir daha soruşaq, yaydığınız həmin siyahı sizin yaradıcılıq məhsulunuzdur?

- Əlbəttə yox. Qətiyyən.
 
- Bu yazının məlumat bazası, sübutları varmı?

“Biz hələ bilmirik ki, Xədicə İsmayılova hansı sənədləri ortaya qoyacaq; Azərbaycanda müxtəlif beynəlxalq təşkilat və qurumlar adı altında gizlənmiş kəşfiyyatlara qarşı real mübarizə başlayıb"

- Xədicə İsmayılova,  o adları çıxmaq şərtilə, mənim yazımdakı bütün məlumatları təsdiq etdi. Yazıda adıçəkilən restoranda həmin şəxslərlə görüşü olduğunu təsdiqləyib...

- Deputat Ceyhun Osmanlının da həmin restoranda, bir kənarda əyləşdiyini bildirib...

- Mən o adamı şəxsən tanımıram, heç vaxt salaməleykümüz də olmayıb. Onlar restoranda zalda oturublar və həmin restoranda xeyli adam toplaşır. Mən düşünmürəm ki, Ceyhun Osmanlı həmin siyahını əldə edə bilərdi. Ona görə ki, siyahı bu görüşdə verilməyib. Xədicə İsmayılovanın ikinci görüşü də olub. İkinci görüşdə artıq o, tək görüşüb və siyahını verib. Bu görüşdə İntiqam Əliyev, Ənnağı Hacıbəyli də iştirak etməli idilər. Sonradan onlar görüşə qatılmayıblar. Bütün bu məlumatlar əlimə düşən kimi mən dərhal dərc etməmişəm. Araşdırma aparmışam. 

- Araşdırmanızın sxemini açıqlaya bilərsinizmi?

- Əlbəttə...

- Məlumat hardan gəldi? Məsələn, bəzən birdəfəlik açılan e-poçtla bizə də məlumatlar, məktublar gəlir. Yaxud da açıq poçtla, konvertdə məlumatlar, hətta videodisklər göndərilir. Sizə həmin siyahını və məlumatı hansı yolla ötürdülər? Kimlər ötürdü?  

- Bəli, doğru deyirsiniz. Hətta belə bir tələyə də biz ikimiz birlikdə düşmüşdük. Bizə Türkiyədən məlumat ötürülmüşdü. Biz araşdırdıq gördük ki, saxtadır. Yəni bizə dezinformasiyalar da ötürülür. 

- Sizə bu siyahı hansı yolla ötürüldü?

- Bu mövzu çox ciddi idi. Ona görə də əlbəttə ki, bu mənim poçtuma gəlsəydi və ya anonim mənbədən daxil olsaydı, diqqət yetirməzdim. Bilirsiniz ki, hər bir jurnalistin özəl mənbələri var. Araşdırmaçı jurnalistin özəl mənbələri yoxdursa, deməli, o, bu sənətdən getməlidir. Mənə məlumat daxil oldu ki, “ART Garden” restoranında belə bir görüş olub. Sonradan mən həmin görüşün amerikalıları çıxmaq şərtilə (çünki onlar artıq Azərbaycanı tərk etmişdilər) bütün iştirakçıları ilə görüşdüm. Mən İntiqam Əliyevin ofisində oldum. İntiqam Əliyev mənə dedi ki, dəvətli olub, xəstələndiyi üçün görüşə gəlməyib. Ənnağı Hacıbəyli də dəvətli olub. Anasının cümə axşamı olduğu üçün görüşdə iştirak edə bilməyib. 

Görüşdə iştirak edən Emin Hüseynovla görüşmüşəm, dəvət etmişəm müsahibəyə, o görüşü təsdiq edib. Rəşid Hacılı da görüşdə iştirak edib... Həmin restoranda olmuşam. O fotoları da mənim fotomüxbirim çəkib. Restoranın personalını dindirmişəm. Yəni mən bu məsələnin izi ilə getmişəm. Sonra Con Zadroznı ilə Daniel Vajdiçin tərcümeyi-halı ilə maraqlanmışam. Bununla bağlı Moskvadakı həmkarlarımla əlaqə yaratmışam. Bilirsiniz ki, Vajdiç vaxtilə Moskvada,  Karnegi İnstitutunda çalışıb. Mən bu məlumatı Moskvadakı həmkarlarımdan əldə elədim. Onlar mənə bir çox materiallar göndərdilər. Rusiyada demokratik çevrədə tanınmış adamlardan olan Leonid Nikitinski mənə dedi ki, Danel Vajdiçi Rusiyada ABŞ xəfiyyəsi kimi tanıyırlar...

- Amerika xəfiyyəsi gəlib Bakıda Xədicə xanımla və digərləri ilə görüşüb?

“Xədicə İsmayılovanın ikinci görüşü də olub. İkinci görüşdə artıq o, tək görüşüb və siyahını verib”

- Əlbəttə. Mən bunu bildim ki, Vajdiç  Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşıdır, Zadroznı isə əks-kəşfiyyatın əməkdaşıdır. Özü də onların tərcümeyi-hallarına baxanda görünür ki, təcrübəli, peşəkar kəşfiyyatçılardır. Üç aydan, beş aydan artıq bir yerdə işləməyiblər. Zadroznı hətta Ağ Evdə xidmət rəisinin müavini işləyib. Yəni bunlar sıradan olan şəxs deyillər...

- Xədicə xanım təsdiq edibmi ki, o, həmin adamlarla görüşüb?

- Bəli. Xədicə xanım məhz həmin adamlarla görüşdüyünü təsdiq edib.
 
- Bəs necə oldu ki, bu cür təcrübəli adamların əlində olan siyahı, sənəd Eynulla Fətullayevin əlinə düşdü? Bu,  absurd deyilmi ki, bu səviyyədə təcrübəli kəşfiyyatçılar belə bir “ölümcül” səhvə yol verdilər?

- Mən hesab etmirəm ki, buradakı məlumatların ələ düşməsi həmin kəşfiyyatçılar üçün ölümcül səhvdir. Bu və ya digər müxalifətçinin hakimiyyətlə bağlılığı barədə məlumatlar sosial şəbəkələrdə gedir. Məsələn, elə mənim də haqqımda yazırlar ki, Eynulla özü MTN-in agentidir...

- Eynulla bəy, istənilən kəşfiyyatçı üçün ən böyük biabırçılıq əlindəki faktı, sənədi, siyahını oğurlatmaq, ya da itirməkdir...

- Bu, itirmək məsələsi deyil. Mən sizə bir misal çəkim. Yadınıza gəlir, Bakıya Avropa Komissiyasının vitse-prezidentinin səfəri? Məlum olmuşdu ki, onun və köməkçisinin kompüterinə müdaxilə olunub. Həmin şəxs də çox ciddi kəşfiyyatçılardan idi...

- Nədən bu qədər kəşfiyyatçılar Bakıya maraq göstərir? 

- Həmişə bu cür olub. Qərb mətbuatının, ekspertlərinin rəylərinə baxın. Azərbaycanı “bütün kəşfiyyatların evi” kimi də səciyyələndirirlər. Yəni kəsişən nöqtədir, geostrateji məkandır. Azərbaycana, bölgəyə maraq olduqca böyükdür. Azərbaycanda müxtəlif beynəlxalq təşkilat və qurumlar adı altında gizlənmiş kəşfiyyatlara qarşı real mübarizə başlayıb.

- İndi demək olarmı ki, onlardan bir neçəsini siz artıq ifşa eləmisiniz?

- Yox. Mən deyə bilmərəm ki, mən bunu ifşa eləmişəm...

- Yaxud sizin vasitənizlə dövlət strukturları ifşa edilib?

- Yox. Bunlar 2010-cu ildə ifşa olunub. Çünki onlardan biri kəşfiyyatçı qismində Bakıya 2010-cu ildə, parlament seçkilərindən 5 ay əvvəl gəlib. Söhbət Vajdiçdən gedir. 2010-cu ildə o, Bakıya ABŞ Sahibkarlar İnstitutunun analitiki kimi gəlmişdi. Gəlib burada gənclərlə görüşmüşdü. Həmin görüşdən sonra əks-sədalı proseslər oldu, bir neçə gənci həbs elədilər. İndi isə baxın-ABŞ səfiri müxalifəti dəvət edir, qapalı görüşlər keçirir, səfiri Milli Şuranın tənəzzülü çox narahat edir və məhz bundan sonra strateji əhəmiyyətli həmin iki kəşfiyyatçı Azərbaycana gəlir. Yəni demək istəyirəm ki, yenə də gələcəklər və çox gələcəklər. Çox güman ki, onlardan savayı burada digərləri də var. 

- Yenə qayıdaq o siyahının sizin əlinizə keçməsi məsələsinə. Oxucu üçün açmaq olarmı ki, sizin yazdığınız siyahı barədə məlumatı şifahi almısınız, yoxsa, 1.2.3.4.5 ... qoyulan gerçək bir siyahı mövcuddur? 

- Burada yalnız bu siyahı deyil. Başqa sənədlər də var...

- Siz görmüsünüzmü onları?

- Xeyr, görməmişəm. Amma şifahi bilirəm ki, bu sənəddən savayı Xədicə İsmayılova digər hansısa məlumatlar da ötürüb amerikalılara. Amma siyahını mən yazılı şəkildə mənbələrimdən əldə eləmişəm.

- Eynulla bəy, bu siyahıda redaktə etdiyiniz məqam, gizlətdiyiniz adam varmı?

- Siyahı böyük siyahıdır, yüzdən artıq adamın adları var. Mən sadəcə onların ən əsaslarını yazımda açıqlamışam. 

- Əsasən hansı xarakterdən adamlardır, ancaq müxalifətçilərdir, yoxsa ictimaiyyətçilər çoxluq təşkil edir?

- İctimaiyyətçilər də var, müxalifətçilər də. (musavat)

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413