İcra başçılarının müdhiş arxayınçılığı

31/01/2014 14:55
İcra başçılarının müdhiş arxayınçılığı
İcra başçılarının müdhiş arxayınçılığı

Onlar haqqında narazılıqlar yenidən intensivləşir

Son bir neçə gündə bir çox rayon icra başçıları ilə bağlı narazılıq dolu, qalmaqallı məlumatlar yenidən çoxalıb. Seçki ərəfəsində və seçkidən sonrakı qısa müddətdə haqlarında hər hansı neqativ xəbərin yayılmamasına və xoşagəlməz hadisənin baş verməməsinə çalışan rayon rəhbərləri deyəsən, artıq bu həssaslıqlarını unudublar.

Məsələn, üç gün əvvəl xəbər gəldi ki, Masallı rayonunun Şıxlar kəndinin 300 nəfərə yaxın sakini hal hazırda Bakı-Astara şossesinin Masallıdan keçən hissəsini bağlayıb. Məlumatda deyilirdi ki, əhalinin etiraz aksiyası keçirməsinə səbəb icra başçısı Rafil Hüseynovun artıq bir neçə dəfədir onları qəbul etməməsidir. Şıxlar camaatının dediyinə görə, dəfələrlə üzləşdikləri problemlərlə bağlı Masallı rayon icra başçısının qəbulunda olmağa çalışıblar. Lakin hər dəfəsində müxtəlif bəhanələrlə Hüseynov onları başından edib. Bu gün isə səbrləri daşdığından Bakı-Astara yolunu bağlayıblar.
Və yaxud bir neçə gün əvvəl Ağdam rayonunun icra başçısı Nizami Sadıqovun rayona ayrılan 38 milyon manat vəsaitin xərclənməsində ciddi qeyri-şəffaflığa yol verdiyinə dair məlumatlar müxtəlif media
orqanlarında özünə yer tapdı. Bildirildi ki, 2013-cü ildə ölkə üzrə ən çox vəsait məhz Ağdam rayonuna ayrılıb, ayrılan vəsaitlər isə yolların təmirinə, tikintisinə, bayraq meydanına, süni təpə tikintisinə, Quzanlı qəsəbəsinin hasarlanması, parkların, səkilərin abadlaşdırılması, qəsəbədə işıq sistemlərinin qurulmasına, yaşıllaşdırmaya, icra hakimiyyəti binasının təmirinə, icra nümayəndəlikləri binalarının təmirinə və s. xərclənib, hansı ki, həmin xərcləmələrdə müəmmalı nüansların olduğu görünür.
Son günlər bir neçə digər rayonun icra başçısı ilə bağlı da belə tənqidi və şikayət xarakterli məlumatların artdığı müşahidə edilir.
Xatırladaq ki, hələ oktyabr ayında KİV yazırdı ki, Azərbaycanda yaxın 3 ay ərzində bir neçə rayonun icra başçısı dəyişdiriləcək. Bildirilirdi ki, dəyişdiriləcək icra başçılarının sayı kifayət qədər çox olacaq. İlk növbədə sosial narazılıqların yüksək olduğu, məmur korpusundan ciddi şikayətlərin, etirazların gəldiyi rayonların icra başçılarının dəyişdirilməsinə üstünlük veriləcək. Bununla belə, həm Quba və İsmayıllı rayonlarındakı kimi gözlənilməz xaotik hadisələrin yaşanmasına qarşı önləyici addımlar atılmış olacaq, həm də hökumətin tərkibində köklü dəyişikliklərə getmək istəməyən iqtidar icra başçılarının “vurulması” ilə əhalinin kadr dəyişikliklərilə bağlı gözləntilərini təmin etməyə çalışacaq. 
Həmin vaxt bir çox nüfuzlu KİV-də yayılan bəzi məlumatlar da belə bir dəyişikliyin baş verəcəyinin səhihliyinə şübhə yeri qoymurdu. Həmin məlumatlarda əsaslandırılmış və inandırıcı şəkildə bildirilir ki, bəzi icra başçılarının isə arxada qalan prezident seçkilərinin sonuclarına görə cəzalandırılması gözlənilir. Belə ki, yuxarı dairələr bir neçə rayonda seçkilərin təşkilindən və seçici fəallığının aşağı olmasından, eləcə də seçkiləri müşahidə edən xaricilərə “lazımsız əsaslar və faktlar verilməsindən” ciddi narazı qalıb. Rəhbərlik bu nəticələrə görə günahı birbaşa həmin rayonların icra başçılarında görür.
Xüsusən həmin rayonlarda seçici fəallığının aşağı olması yerlərdə əhalinin rayon rəhbərlərindən narazılığının ümumilikdə hakimiyyətə münasibəti kimi qəbul edilir.
Məlumatlara görə, bütün bunlarla bağlı rayon rəhbərlərinə ciddi xəbərdarlıq edilib və həmin rayonlarda gözləntilərin doğrulmaması birbaşa icra başçılarının yarıtmazlığı, işlərini düzgün qura bilməmələri və əhali ilə işləməyin yolunu tapmamasının nəticəsi kimi qiymətləndirilib. 
Xəbərdə o da deyilir ki, seçici fəallığının çox aşağı olduğu və hakimiyyətin daha yüksək nəticə gözlədiyi, lakin reallığın bu gözləntilərdən kəskin fərqləndiyi rayonların siyahısı müəyyənləşdirilib. Bu siyahıda adları olan rayonların icra başçılarından ciddi hesab sorulacağı və onların cəzalandırılacağı qaçılmazdır.
Amma aradan üç aya yaxın vaxt keçsə də, icra başçılarının “vurulması” reallaşmayıb. Ehtimal etmək olar ki, elə bir çox rayon rəhbərlərindən artan şikayətlər də məhz bununla bağlıdır.
Belə görünür ki, artıq başları üzərindəki təhzlükə buludlarının dağıldığını güman edən və rayon icra hakimiyyəti rəhbərləri arasında genişmiqyaslı “təmizəmə əməliyyatı”nın keçirilməyəcəyindən arxayınlaşan bir çox icra başçıları yenidən ənənəvi iş metodlarına qayıdır, vətəndaşları narazı salan, incidən, korrupsiya ilə müşayiət olunan fəaliyyət prinsiplərini bərpa edirlər.
Əgər belədirsə, onların arxayınlaşması üçün səbəb yoxdur. Çünki belə icra başçılarının ən gözlənilməz anda zərbə alacaqları istisna deyil. Şübhəsi olanlara isə vaxtilə heç kimin təxmin etmədiyi, proqnozlaşdırmadığı bir məqamda Quba və İsmayıllıda nələrin baş verdiyini xatırlatmaq kifayətdir.
Ehtiyatlı olun, cənab icra başçıları, axı “ehtiyat igidin yaraşığıdır”.
Ülviyyə Qasımlı
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413