Mən artıq Azərbaycanda yaşayası olmadım...

02/05/2013 21:33

 

Mən artıq Azərbaycanda yaşayası olmadım...

 

Font Ölçüsü
 

Bu gün günorta vaxtı bir nəfər mobil telefonuma zəng edib özünü Qarabağlı Saleh bəyin oğlu kimi təqdim edib mənimlə danışdığına əmin olduqdan sonra Saleh bəyin rəhmətə getdiyini və özü məni tanımasa da anası Sara xanımın xahişini mənə çatdırıb yas mərasiminə dəvət etdi. İşlərimi təxirə salıb Yasamalda yerləşən yas yerinə getdim. Balaca çadırda təxminən qırx nəfər var idi. Belə bir şəxsiyyətə olan münasibət məni sarsıtdı və Saleh bəylə ilk tanışlığımı xatırladım. 1994-cü ilin əvvəlləri idi, Prezident aparatının dövlət hüquq şöbəsinin məsləhətçisi kimi şikayətə gəlmiş vətəndaşları qəbul etmək üçün qəbul otağındaydım. Vətəndaşların qəbulunu bitirib otaqdan çıxdıqda bir yaşlı, nurani kişinin "Ay Allah, öz taleyinə biganə olan belə millət olarmı?" deyə-deyə qəbul otağını tərk etdiyini gördüm. Arxasınca gedib onun nə məsələ ilə bağlı gəldiyini soruşdum. Dərhal belindən asılmış qara sumkasını aşağı salıb içindən çoxlu çap şəklində olan kağızları mənə göstərib şikayətləndi. "Oğul, bu yaşımda xəstə həyat yoldaşımın köməyi ilə min vərəqə yaxın çap vərəqi olan "Ermənilik" kitabı yazmışam, bir aydır bu qapıda qalmışam bir nəfər də dinləmək belə istəmir. Bu kitabda erməniliyin mahiyyətini açmışam". Saleh bəydən çap vərəqlərində olan yazını oxumaq üçün mənə verə bilərmi deyə soruşduqda, dərhal dedi: "Verirəm sənə istəyirsən oxu, istəyirsən at! Mən artıq Azərbaycanda yaşayası olmadım. Vəzifəlilərin millətinə olan biganəliyindən bağrım partlayır. Gedəcəm gəldiyim Kemerovo universitetinə" (Saleh bəy gənc yaşlarından tanınmış alim olmuş, Kemerovo universitetinin professoru, kafedra müdiri olmuş, Almaniyanın Heydelberq Universitetində mühazirələr oxumuş, ABŞ-ın tanınmış jurnallarında yazıları çap olunmuş çox tanınmış alim idi). Təxminən 700 vərəqədən ibarət yazını hər gün işdən sonra az müddətə oxuyub əsərin çox faydalı olduğuna əmin olduqdan sonra, bəlkə birinci və axırıncı dəfə qulluq mövqeyimdən istifadə edib o dövr Baş prokurorun 1 müavini işləyən Eldar Həsənova zəng edib Saleh bəyi qəbul edib kitabın çapına kömək etməsini xahiş etdim. Az sonra məni işdən qovdular. Saleh bəy məni tapıb rus dilində çap olunmuş kitabı mənə təqdim etdi. Kitabın girişində çapa kömək etdiyimə görə mənə təşəkkür də etmişdi. Bu mənə o dövr ən böyük hədiyyə idi, çünki köməklik etdiklərimdən çoxları məndən görüşdən belə qaçırdı. O dövr bu Azərbaycanda ermənilik haqqında olan ilk və çox dəyərli bir kitab idi və uzun müddət bizlər tərəfindən Bakıya gələn qonaqlara təqdim olunan yeganə vəsait olmuşdu. Sonralar biz Saleh bəylə dostlaşdıq, Sara xanımla telefonla dəfələrlə danışırdım və hər dəfə bu iki yaşlı ziyalı insanların Vətən məhəbbətinə heyran qalırdım. Saleh bəyin o yaşında kitablarla yüklənib ayrı-ayrı şəxslərə paylaması isə əsl fədakarlıq idi. Sonralar Saleh bəy Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı çoxlu dəyərli kitablar ərsəyə gətirdi. Bu gün yas yerini görəndən sonra Saleh bəyin birinci görüşümüzdəki gileyi gözümün önündən getmir. Təsəvvür etdim ki, hansısa oğru məmurun yas yeri olsa neçə-neçə adamlar baş sağlığı verməyə sıraya durardı, bəlkə xüsusi dəfn törəni də təşkil edərdilər. Bu məclisdə isə bir nəfər tanınmış ziyalı, elm işçi, siyasətçi, məmur, ən azından ağsaqqalı olduğu qarabağlı görmədim, hərçənd ki, Saleh bəy o taylı bu taylı bütöv Azərbaycanın şərəfli oğlu idi. Onu tanımayanlara onun necə vətəndaş olduğunu xatırlatmaq üçün az əvvəl "Azadlıq" qəzeti ilə bağlı qısa video müsahibəsini (https://www.azadliqradiosu.az/media/video/24783991.html) təqdim edirəm. Saleh bəyin ömür gün yoldaşı, ən sadiq silahdaşı haqqında isə inanmaq istəyirəm ki, hörmətli jurnalist dostlarım ona layiq yazı hazırlayarlar.

Allah rəhmət eləsin Sizə Saleh bəy! Allah Sizə səbr versin Sara xanım.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413