Müslüm Maqomayevin ailə sirrləri

19/02/2014 10:01

Müslüm Maqomayevin ailə sirrləri

 

Tarix 19.02.14, 9:53

Font ölçüsü : - / +
 

bitmap-img6

 


İkinci Dünya Müharibəsinin bitməsinə üç gün qalmış Müslüm Maqomayevin atası Berlindəki döyüşlərdə yaralıları xilas edərkən şəhid olmuşdu


Oğluna göndərdiyi son məktubunda yazırdı: "Bu gün mənim oğlumun ad günüdür. Ona nə arzulaya bilərəm. Əlbəttə xoşbəxt və sevincli günlər diləyirəm. Qoy bilsin ki, atası onu sevir və son nəfəsinədək sevəcək".

Müslüm atasız keçən uşaqlığını xatırlayanda deyirdi: "Müharibə illərindən sonra anamın həyatı çətinləşdi  və o, yenidən  ailə qurdu. Mən onu heç nədə günahlandıra bilmərəm. Anam aktrisadır. Rusiyanın müxtəlif şəhərlərini gəzirdi, bir teatrla demək olar ki, üzün müddətli əməkdaşlıq etmirdi”.

Müslümü əmisi Cəmaləddin Maqomayev himayəyə götürür. Həmin vaxtlarda Cəmaləddin Maqomayev yüksək dövlət vəzifəsi tuturdu. Əmisinə layiq olmayan qohum kimi bəzən  məktəbdə Müslümün pioner qalstuku taxmasını istəmirdilər. Balaca Müslüm isə bu vəziyyətdən təəssüflənmədiyini dilə gətirirdi: "Qalstuk taxmamağım mənə pis təsir etmirdi əslində. Çünki, o məni narahat edirdi. Həm boğurdu, həm də ucları mürəkkəb qabının içinə girirdi. Baxmayaraq ki, əmim yüksək vəzifədə idi, məni ərköyün böyütmürdülər. Mənim oyuncaqlarım, dərslə və musiqi ilə məşğul olmaq üçün normal şəraitim vardı.  Elə bu qədər... Başqa təmtərağım yox idi. Xatırlayıram, bir dəfə xalamı dilə tuturdum ki, pul alım. O isə mənə dedi: "Nə vaxt böyüyərsən, işləyərsən, onda anlayarsan ki,  pulu necə qazanırlar”.

Riyaziyyat fənninə görə sinifdə qaldı

"Cəbr və ya həndəsəyə aid bir tapşırığa nəzər salmaq kifayət edirdi ki, beynim bu sahələrdə işləmədiyini anlayın. Yadımdadır, bir dəfə hətta məni riyaziyyat fənnindən ikinci ilə saxladılar”.

İki dəfə evli qadını sevdi

Müslüm özü etiraf edirdi ki, ilk sevgisi beş yaşında bağça yoldaşı Marina olub. Hətta sonralar yazdığı "Marina Marina" mahnısını məhz uşaqlıq illərindən yalnız gözəl xatirələri  qalan o qıza həsr edib.

Günlərin bir günü Müslüm SSRİ Xalq artisti Edita Pyexaya eşq elan edir. Xanım müğənni isə cavabında təbəssümlə deyib: "Axı mən evliyəm. Bu necə ola bilər. Həm mən səndən çox böyüyəm. O zaman get, evlilik üçün mənim yoldaşımdan icazə al!"

Amma bu, evli qadına son təklifi deyildi. 1965-ci ildə Müslüm opera müğənnisi Tamara Sinyavskaya ilə tanış olur. O, yenidən vurulur. Amma Tamara da evli idi.  Ancaq Müslüm düşünürdü ki, artıq bu əsl sevgidir. Əgər üçüncü dəfə də sevsə artıq bu hissin heç bir dadı qalmayacaq. Ona görə də necə olur-olsun Tamaradan əl çəkmək istəmirdi. Bir müddət sonra  Tamara təcrübə üçün Milana yollanır. Müslüm ondan ötrü çox darıxırdı. Dəfələrlə ona zəng edir, uzun-uzadı söhbətləşirdilər. Sonralar cütlük arasında  əlaqə yaradan telefonçu qadın etiraf etmişdi ki, Tamara və Müslümün söhbətlərinə qulaq asırmış. Hətta o dövrün məşhur müğənnisi Vladimir Vısotski ilə Parisdə yaşayan sevgilisi Marina Vladini də dinlədiyini  söyləmişdi.

Gizli sevgi münasibətləri bir neçə il davam edir. Tamara Rusiyaya qayıdanda Müslüm Kreml sarayında konsert təşkil edir. Ancaq Tamara vaxtını ərinin yanında keçirməyə qərar verir və konsertə gəlmir. Lakin tədbirlərin birində onlar yenidən bir araya gəlirlər. Müslüm Tamara ilə əl verib görüşmək üçün onun ətrafında olan hər kəslə əllə görüşməli olur. Tamaraya çatanda isə nəvazişlə onun əlini sıxır və baxışları ilə xatırladır ki, bu sevgini bitirmək mümkün deyil. Artıq Tamara da bunu başa düşürdü. Çünki, o da Müslümə ürəkdən bağlı idi. Və o, evliliyini bitirərək 1974-cü ildə noyabrın 23-də müğənni ilə ailə qurur. Toy Moskvanın restoranlarının birində təxminən yüz nəfərlik ən yaxın adamların əhatəsində baş tutur. Ancaq bu toyun sorağını eşidən üç yüzdən artıq adam da restoranın ətrafına toplaşıb dostcasına səs-küy salmışdılar. Onların tələbi Müslümün dilindən sevimli mahnılarını canlı şəkildə dinləmək idi. Təbii ki, bu izdihamın və sevginin qarşısında müğənni imtina edə bilməzdi. Çölə açılmış pəncərənin önündə dayanan Müslüm təxminən yarım saat sevilən mahnılarını ifa edir. Toplaşanlar bu vəziyyətdən məmnun qalsalar da müğənni üç aya yaxın bronxitdən əziyyət çəkir.

Ailədə iki güclü sənətkarın olması elə ilk illərdən ailədə tez-tez xırda söz-söhbət, bir-birinə qarşı kaprizlər ortaya çıxırdı. Belə narazılıqlar adətən Müslümün inciyib, bir müddət Bakıya gəlib, burda təskinlik tapması ilə nəticələnirdi. Ancaq bu ayrılıq tez bitirdi. Demək olar ki, həmişə ilk addımı atan tərəf adətən Müslüm olurdu. Tamara Sinyavskayanın xatirələrindən...

“Yadımdadır belə bir hadisə olmuşdu. Mən Kazanda qastrol səfərində idim. “Kral gəlini” operasında iştirak edirdim. Fasilədə mənə böyük gül dəstəsi gətirdilər. Dəstədə yüz əlli dörd gül vardı. Bütün zal udqundu. Əlbəttə Müslümün özü lojaya çıxıb operaya tamaşa etməyə başlayanda artıq demək olar ki, səhnəyə baxan yox idi. Çünki, hamının diqqəti Müslüm Maqomayevə yönəlmişdi”.

Müslüm isə subaylıq illərini həsrətlə və təbəssümlə xatırlayırdı: "Onda azad vətəndaş idim. Hara istəyirdim gedirdim, içki içirdim, siqaret çəkirdim kiminlə istəsəm sevgi yaşayırdım".

Amma Müslüm həmişə etiraf edirdi ki, Tamaranın keçmiş həyat yoldaşının qarşısında hələ də  vicdan əzabı çəkir. Çünki, o doğurdan da yaxşı insandır. Amma nə etmək olar?! Bu sevgidə günahkar tək mən deyildim və qalib tərəf mən oldum...(kulis.az)

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413