Nazirin qardaşı oğlunun maşınları

13/02/2014 09:15

Nazirin qardaşı oğlunun maşınları ortalığı qarışdırdı

 

Tarix 12.02.14, 18:58

Font ölçüsü : - / +
 

bitmap-img6

 


Elton və Aynar Məmmədovlar onların barəsində yazı dərc edən jurnalisti məhkəmə ilə hədələdi; Eynulla Fətullayevin isə məmur övladının bu hərəkətini “Prezidentdə zərbə vurmaq” kimi qiymətləndirdi


“Virtualaz.org” saytı nəqliyyat naziri Ziya Məmmədovun kiçik qardaşı, deputat Elton Məmmədovun 26 yaşlı oğlu Aynar Məmmədovun varidatı ilə bağlı maraqlı bir məqalə dərc edib. Məqalədə deyilir: “Əgər lovğalıq, özündənrazılıq da işıq saçsaydı, Aynar Məmmədov hətta kosmosdan da görünərdi. Bəs orta statistik azərbaycanlı soyadı daşıyan bu adam kimdir? Amma Aynar yaşı 50-dən çox olan oliqarxlardan fərqli olaraq müasir gəncdir və sosial şəbəkələrdən də fəal şəkildə istifadə edir. Əlbəttə, Aynar da özünün yüksək mənsəbli dostları qarşısında pərt olmaq, utanmaq istəmir. Elə buna görə də deputat balası sosial şəbəkədəki şəxsi səhifələrində təzəcə aldığı bahalı oyuncaqlarını müntəzəm olaraq “sərgiyə çıxarır”.

Sayt yazır ki, Aynarın bu əyləncəsi isə filateliya, aviasiya, yaxud da Cənubi Amerikaya sərgüzəştlər dolu səyahətlər deyil: “O, məmur, oliqarx və ya deputat balalarından elə də fərqlənmir. Onun da sevdiyi əşyalar bahalı maşınlar, saatlar, pal-paltardır.

Amma bu əşyaların bahalığına görə yəqin ki, heç kim Aynara çata bilməz. Aynarın ən çox öyündüyü şey unikal maşın kolleksiyasıdır. Bura dünyanın aşağıda adları sadalanan ən bahalı, sürətli və dəbdəbəli avtomobil markaları daxildir:

- “Lamborghini Avendator LP700-4” (qiyməti 440 min 500 dollardan 650 min dollara qədərdir);

- “Mercedes CLS 63” (72 min dollar);

- “Grand Cherokee” (60 min dollar);

- “Ferrari” (bu maşınların qiyməti 200 min dollardan başlayır);

- “Maserati” (ən sadə modeli 65 min dollardır).

“Virtualaz.Org” daha sonra yazır : “Ola bilər kimsə mübahisə eləsin, desin ki, bu maşınlar deputat oğlunun deyil. Amma bu maşınların hər birinin dövlət nömrə nişanında 100 rəqəmi var. Bu nömrə də Aynarın sevimli nömrəsidir. Nömrəsində 100 rəqəmi olan “BMW M5” markalı dəbdəbəli maşın onun İnstagram səhifəsində tez-tez gözə soxulur. Ona görə də “bunlar Aynarın ola bilməz” şübhələri əsassızdır. Yeri gəlmişkən, “BMW M5” dünyada ən sürətli maşınlardan sayılır. O, saatda 100 km məsafə sürətini 4,7 saniyəyə yığır. Aynar bala Bakıda gəzintiyə bu maşınla çıxır. Yeri gəlmişkən, bu maşının “F10” modeli nisbətən “ucuzdur” - 150 min dollar. Aynar Məmmədov məhz bu modelin sahibidir. Ən maraqlısı da odur ki, deputatın oğlu, nazirin qardaşı oğlu bu dəbdəbəli əyləncələri özünə vətəndaşı 200 manat pensiya ucbatından özünü yandıran bir ölkədə rəva görür”.

Saytın araşdırmasında daha sonra qeyd olunur: “Birləşmiş Ərəb Əmirliklərində “Lamborghini Avendator P700-4” markalı maşınında kefikök halda gəzib dolaşan Aynar Məmmədov onu nəhayət ki, Bakıya gətirmək qərarına gəlib. Məsələ burasındadır ki, dostları onun belə bir əfsanəvi maşınının olmasına inanmayıblar. Uşaq da dediyini sübuta yetirib. Amma, təkcə maşınlar da deyil. Deputat oğlunun qiyməti on minlərlə dollarla ölçülən bahalı saatları və ətriyyatı da var. 

Onların hamısı xüsusi sifarişlə hazırlanıb. Hamısının da üstündə bu ərköyün və zəngin müştərinin adı həkk olunub. Razılaşın ki, “Dior”, “Fendi”, “Yves Saint Laurent” kimi məşhur brendlər artıq çox “darıxdırıcı və bayağı”dır. Aynar balanın isə incə zövqü varmış. Buna görə də deputat balası üçün hətta ətriyyat da ərəblərin dəbdəbəli “Hindal Oud” parfümeriya fabrikində xüsusi sifarişlə hazırlanır. Bu ətirlərin ən böyük müştərisi Yaxın Şərqin zəngin şeyx və şahzadələridir. Bəs Aynar Məmmədovun onlardan nəyi əskikdir ki?! Cənab Məmmədovun incə zövqü özünü geyim-keçimdə də göstərir. O, paltarları yalnız bahalı “Emiland” markasından sifariş edir. Vaxt amili, daha doğrusu, zamanın qol saatlarındakı inikası da Aynar Məmmədovun həyatında vacib yerlərdən birini tutur. Gənc yeni azərbaycanlının qolunun yaraşığı “Bovet”, “Harry Winston” kimi zavodlarınən bahalı məhsulları, həmçinin “BMWM5”-nin kolleksiya variantıdır”.
 
“Virtualaz.org” saytının araşdırması göstərir ki, bu saatların qiyməti isə 60 min dollardan başlayıb 240 min dollarda qurtarır: “Yeri gəlmişkən, Aynar Məmmədovun rəsmi iş yeri Milli Məclisdir. Yəni o, de-yure məmur sayılır. Amma görünən budur ki, deputat oğlunun həyatında ən başlıca yeri qanun layihələri və seçicilər yox, bahalı maşınlar tutur. Buna görə də Aynar Məmmədov maşınların tüninqi (avtomobillərin görkəminin dəyişdirilməsi və bəzədilməsi) ilə məşğul olan elit “PP-Perfomance” atelyesinin sahiblərindən biri olmağa qərar verib. Bu şirkətin ofislərinə dünyanın hər yerində rast gəlmək olar”.

Ziya Məmmədovun qardaşı oğlu məhkəməyə gedir 

Deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov mediada haqqında araşdırma materialın dərc olunmasına münasibət bildirib. A.Məmmədov “publika.az”a açıqlamasında deyib ki, insanların şəxsi həyatına müdaxilə etmək, onu ictimailəşdirmək yaxşı hərəkət deyil. Onun sözlərinə görə, bu, normal jurnalist etikasına da ziddir: “Həmin fotolarda mənim şəxsi həyatım əks olunub. O fotoların əksəriyyəti heç mənə aid deyil. Sosial şəbəkələrdən mənim kimi milyonlarla insan istifadə edir və öz fotolarını paylaşırlar. Mənim “İnstagram”da fəaliyyətimlə bağlı atamın və ya əmimin adının hallandırılması doğru deyil. Haqqımda yazılanların da heç bir əsası yoxdur. Buna görə mənim qarşı tərəfi məhkəməyə vermək və haqqımda yazılan yalan məlumatlara qanunla cavab verilməsini istəmək haqqım var”.

Eynulla Fətullayev: “Elton Məmmədov və oğlunun bu hərəkəti birbaşa prezidentə zərbə vurmaqdır”

Məhkəmə hədəsinə münasibət bildirən “Virtualaz.org”un rəhbəri, jurnalist Eynulla Fətullayev bildirdi ki, Aynar Məmmədov instagramda yerləşdirdi şəkilləri ilə öz həyat tərzini ictimailəşdirib: “Biz həmin fotoları götürün şərh eləmişik. Biz bu kimi həyat tərzini mühakimə edirik. Prezident bəyan elədi ki, mən xalqımın xidmətçisiyəm. Deputat da bu xalqın xidmətçisi olmalıdır. Ölkə başçısı öz ad gününü Ağcabədidə məcburi köçkünlərlə birgə keçirdi. İlham Əliyev keçirdiyi müşavirələrdə bir neçə dəfə məmurları və onların harınlaşmış övladlarına ciddi xəbərdarlıq edib. Aynar Məmmədov Milli Məclisdə məsləhətçi işləyir. 

Rəsmi maaşı da 300-400 manat arasıdır. Sual olunur, o, bahalı maşınları, 250 min manatlıq saatları hansı pulla alıb. Məndə olan məlumata görə, Elton Məmmədov əvvəllər Biləcəridə 1 otaqlı evdə yaşayıb. Birdən-birə onda bu pullar haradan gəlib? Elton Məmmədov və oğlunun bu hərəkəti birbaşa prezidentə zərbə vurmaqdır.  Bu adamlar dərs çıxarmaq, özlərini tənqid etmək əvəzinə jurnalistlərə hücum edirlər. Elton Məmmədov KİV haqqında Qanuna dəyişikliklərə səs verib, amma qanunu oxumayıb. Mən o adamın açıqlamasını oxudum. Doğrudan xəcalət çəkdim”.

Elton Məmmədov: “Maşınlar Aynar Məmmədovun şəxsən özünün deyil”

“Bu xəbəri yayanlar şərçiliklə, böhtanla məşğuldurlar və əsas məqsədləri Ziya və Elton Məmmədovlara, onların övladlarına ləkə yaxmaqdan ibarətdir”. Bu sözləri isə “Editor.az”a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov oğlu Aynar Məmmədovun bahalı avtomobillər sürməsi ilə bağlı mətbuatda yayılan informasiyalara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Aynar Məmmədov istedadlı gəncdir və təvazökar həyat tərzi keçirib: “Birincisi, bu maşınlar Aynar Məmmədovun şəxsən özünün deyil. O, müxtəlif zamanlarda şəkil kolleksiyası yığaraq, ayrı-ayrı avtomobillərin yanında şəkil çəkdirib. Bu, tamamilə normal və onun gənc kimi hobbisidir. Burada qeyri-adi bir şey yoxdur. İstər Ziya Məmmədovun, istərsə də mənim övladlarım istedadlı, ölkəsinin və dövlətin gələcəyi üçün çalışan gənclərdir. Onlar heç zaman təvazökarlıqdan uzaq addımlar atmayıblar. 

Aynar dörd yaşında “Cücələrim” ansamblının üzvü olub, dəfələrlə medal qazanaraq, beynəlxalq miqyasda ölkəmizə uğur qazandırıb. Digər oğlum Elnar isə Avropa çempionudur. Azərbaycan idmanının inkişafı üçün dayanmadan çalışan bir gəncdir. İndi dövlətini, millətini satmağa hazır şəxslər ölkəmizin layiqli gənclərinə ləkə yaxmağa çalışırsa, bu, ancaq onlara utanc gətirir”.(musavat)

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413