Oqtay Şirəliyevin nazirliyindən növbəti ciddi narazılıq

31/01/2014 14:49

Oqtay Şirəliyevin nazirliyindən növbəti ciddi narazılıq

Oqtay Şirəliyevin nazirliyindən növbəti ciddi narazılıq
Oqtay Şirəliyevin nazirliyindən növbəti ciddi narazılıq

Özəl stomatoloji xidmətlə məşğul olanlar və olmaq istəyənlər nələrə üsyan edirlər?

Paytaxtda binaların zirzəmisində yerləşən, xidmət üçün şəraiti olmayan stomotoloji kabinetlərin əksəriyyətinin fəaliyyəti dayandırılacaq. Onları yeni, müasir avadanlıqlarla təchiz edilmiş stomotoloji klinikalar əvəzləyəcək.

Son bir həftə ərzində Səhiyyə və Vergilər Nazirlikləri tərəfindən Bakıda fəaliyyət göstərən 300-ə qədər stomotoloji kabinet qapadıldı. Səbəb stomotoloji kabinetlərin əksəriyyətinin gigiyenik qaydalara əməl etməməsi, ölkədə yayılan təhlükəli virusların, o cümlədən Hepatit C virusunun yayılma mənbəyi olmasıdır.
Xəbərin yayılmasının ardından Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlama verdi. O, 300-ə qədər stomotoloji kabinetin lisenziyasız fəaliyyət göstərməsi və ya lisenziyalarının müddətinin ötməsi ilə bağlı olaraq qapadıldığını dedi: "Bu yoxlamalar Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq davam etdiriləcək. Bütün ölkə ərazisində olan stomotoloji kabinetlərdə bundan sonra da yoxlamalar aparılacaq. Özəl
stomotoloji klinikaların fəaliyyəti qanunauyğun olmalı, dövlət tərəfindən lisenziyalaşdırılmalıdır. Əks halda onların fəaliyyət göstərməyə ixtiyarları yoxdur".
Əldə etdiyimiz məlumata görə, Oqtay Şirəliyevin stomatoloji kabinetlərə qarşı bu cür genişmiqyaslı əməliyyatı dərin narazılıqlara yol açıb. Bu barədə söhbətləşdiyimiz və adının çəkilməsini istəməyən özəl stomatoloji xidmətlə məşğul olan həkimin sözlərinə görə, hələ 2002-ci ildə prezidentin sahibkarlıq subyektlərinə lisenziyaların və icazələrin verilməsinin qaydaya salınması ilə bağlı fərmanı olub. Həmin fərmandan sonra o zaman 300-ə yaxın lisenziya növü ləğv edilərək onların sayı 32-yə salınıb. Bununla yanaşı, sözügedən fərmandan sonra Səhiyyə Nazirliyinin səlahiyyətində 3 lisenziya növü olub. Bunlar tibbi fəaliyyət, dərmanların pərakəndə satılması və xaricdən dərman, tibbi avadanlıqların idxalına verilən lisenziya olub. Hər 3 lisenziya bütövlükdə tibbin bütün növlərini əhatə edir. Həmçinin, Səhiyyə Nazirliyi daxili əmrlərlə əlavə lisenziya növü müəyyən edib.
Hazırda stomatoloji kabinet açmaq üçün 5500 manat dövlət rüsumu, kabineti standartlara uyğunlaşdırmaq üçünsə 30 min manat xərc tələb olunur. Digər xərclər də var, aidiyyatı qurumlardan gələnləri “razı” yola salmaq üçün kifayət qədər “şirinlik” verilir. Səhiyyə Nazirliyi isə bizim bu qədər əziyyətimizə qarşılıq olaraq heç bir addım atmaq istəmir, məsələn, lisenziya tələb edilir, ancaq şərtlər
yüngülləşdirilmir. Şərtlər çox ağırdır, onlara uyğunlaşmaq asan deyil. Bu şərtləri belə ağır qoymaq sonradan hansısa məqsədlərə xidmət edir”.
Həmsöhbətimiz iddia edir ki, hazırda dövlət stomatoloji xəstəxanalarında vəziyyət hər mənada özəl stomatoloji kabinetlərdən daha bərbaddır: “Gedin rayonlarda dövlət xəstəxanalarının stomatoloji şöbələrinin vəziyyətinə baxın. Onlar hər mənada, istər təmizlik, istər xidmətin keyfiyyəti, istərsə də stomatoloji avadanlıqların səviyyəsinə görə özəl stomatoloji kabinetlərdən çox geri qalırlar. Amma nazirlik bununla məşğul olmaq yerinə hər fürsətdə bizi sıxışdırır”.
Qeyd edək ki, bu yaxınlarda tanınmış həkim-stomatoloq Orxan Rəhimov özəl stomatoloji fəaliyyətə yaradılan maneələrdən gileylənmişdi. O, hafta.az-a müsahibəsində bu mövzuda maraqlı fikirlər səsləndirmişdi: “Adamı ağrıdan odur ki, dövlətimiz səhiyyəyə ciddi fikir verdiyi və qayğı göstərdiyi bir zamanda dövlət stomatoloji poliklinikaları tamamilə satılıb və özəlləşdirilib. Üstəlik xəstəxanalarda yarımştatlar ləğv edilib. Bu səbəbdən də dövlət xəstəxanalarında bizim kimi həkimlərə yer yoxdur. Halbuki həkim tibb müəssisələrində öz ixtisası üzrə işləməlidir və Səhiyyə Nazirliyinin diqqət mərkəzində olmalıdır. Məni narahat edən odur ki, dövlət stomatoloji poliklinikaları ayrı-ayrı iş adamlarına satılır. Böyük vəsait bahasına tikilmiş bu cür səhiyyə ocaqları özəlləşdirildikdən sonra təyinatını dəyişir və nəticədə yüzlərlə həkim işsiz qalır. Halbuki, dünyanın
heç bir ölkəsində xəstəxanalar iş adamına satılmır, onun təyinatı dəyişdirilmir. Əksinə, bütün səhiyyə xidmətləri dövlət tərəfindən maliyyələşir və onlara qayğı daha da artırılır. Azərbaycanda isə stomatoloq-həkimlər sanki kənara atılıb, onları iş yerləri ilə təmin etmirlər. Öz bacarığı, intellekti sayəsində iş qurmaq istəyən stomatoloqlara isə xidməti kabinet qurmaq üçün yer verilmir…Səhiyyə Nazirliyi özəl kabinetlərə lisenziya almağı məcbir edir. Lisenziya almaq üçün isə həkimlərdən dövlət poliklinikalarında işlədiyi barədə 5 illik staj tələb edilir. Amma dövlətin balansında olan stomatoloji poliklinikaların əksəriyyəti satılıb, bu müəssisələrin əksəriyyəti özəlləşdirilib. Ona görə də gənc stomatoloqlar dövlət tibb müəssisələrindən Səhiyyə Nazirliyinin tələb etdiyi şəkildə 5 illik staja dair sənəd ala bilmir. Nəticədə öz bacarığı, intellekti ilə özəl tibbi fəaliyyətlə məşğul olmaq istəyən gənc stomatoloqlar iş qurmaq üçün lisenziya ala bilmir”.
Göründüyü kimi, özəl stomatoloji xidmətlə məşğul olanlar və ya olmaq istəyənlər arasında Oqtay Şirəliyevin nazirliyindən ciddi giley-güzar, narazılıq hökm sürür. Nazirliyin belə qınaq və şikayətlərə qulaq verməsi, gərəkən addımlar atması isə ən yaxşı yol olardı.
Günel Əkbər
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413