Qaraçuxur məscidində 500.000 dollarlıq yeyinti faktı – SKANDAL – MÖVQE

09/02/2014 09:34

Qaraçuxur məscidində 500.000 dollarlıq yeyinti faktı – SKANDAL – MÖVQE

By  | on 08/02/2014 | 0 Comment

Son günlərdə mətbuatda şərti olaraq, “Şeyxleaks” adı verilən kompromat savaşı gündəmi zəbt edib. Əksər media qurumları bu xəbərlərin məqsədli ötürüldüyünü bildirsələr də, yaymaqdan da geri qalmırlar. Çünki oxucu tələb edir.

Azerinfo.org isə Suriyada döyüşənləri tənqid edəndən sonra Şeyxi təndiq atəşinə tutanlarla bağlı sensasiyalı məlumat əldə edib. Belə ki, hazırda Suriyaya “cihad”a gedənlərin əsas toplaşma məntəqələrindən biri olan Qaraçuxur məscidi ciddi maliyyə maxenasiyası ilə çalxalanır. Belə ki, təkfirçilərin ideoloji lideri Əlixan Musayevin nüfuzu altında olan məsciddə böyük qalmaqal baş verib.

 Bu barədə apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, məscidin imamı Qurban Əliyev Əlixan Musayevlə birlikdə məscidin təmiri üçün toplanan pulları, zəkat və nəzirləri “yoxa çıxarıblar”. Və “itirilən pul” nə az, nə çox 500.000 dollar məbləğində olub.

 Verilən bilgilərə görə, bir müddət öncə məscidin əsaslı təmiri üçün Dubay, Moskva və Çində alver edən, o cümlədən Bakıda ticarətlə məşğul olan dindarlara müraciət olunub. Ayrı-ayrı şəxslərdən böyük məbləğdə pulları toplayan Qurban Əliyev mədaxili qeyd etsə də, məxarici “unudub”.

Suriya ilə bağlı söz-söhbətlər çıxandan sonra məscidə yardım edən bir sıra sələfilər pullarının məscidə və ya imkansızlara, yoxsa başqa məqsədlər üçün xərcləndiyi ilə maraqlanıblar. Elə “dananın quyruğu da bu zaman qopub”.

Qurban Əliyev gələnlərə ikibaşlı cavab verərək, şübhələri artırıb və bu məsələ kifayət qədər böyüyüb. Məlum olub ki, ortada olmayan pul nə az, nə çox 500 min dollar civarındadır. Əlixan Musayevin dindarları sakitləşdirmək üçün ortaya atdığı iddia da onları qane etməyib.

Dindarlardan biri deyir ki, “Əlixan bu pulu dəvəti qorumaq üçün QMİ-yə verdiklərini bildirdi. Biz isə buna inanmadıq və verildiyinə dair fakt istədik. O isə pulu şeyxin müavininə verdiyini, lakin bu gizli olduğu üçün fakt gətirə bilmədiyini bildirdi. Doğrudur, rüşvətin sənədi olmur. Lakin bu gün bizə qarşı mübarizənin başında QMİ dayanır. QMİ pul aldığı adamları niyə hədəf göstərsin. Biz nə şeyxin, nə də Hacı Salmanın Əlixanla Qurbandan pul aldıqlarına inanmırıq”.

Onu da qeyd edək ki, bir müddət öncə Qaraçuxur məscidindən Suriyaya gedənlərin ailələrinin hüquq-mühafizə orqanlarına müraciət edəcəyi bildirilirdi. Korrupsiya faktı da polisə daşınarsa, məscid ətrafında problem daha da ciddiləşəcəkdir.

Çünki hazırda mətbuatdan uzaq şəkildə Əlixan və Qurbanla məsciddəki yeyinti məsələlərini çözmək istəyən dindarlar pullarının xərcləndiyi dəqiq yer göstərilməyəcəyi təqdirdə bütün hüquqi haqqlarından istifadə edəcəklərini bildirirlər. Onlar “ya Əlixanla Qurban pulumuzu geri verəcək, ya da biz beytülmala göz dikənləri peşman edəcəyik” deyə, ultimatium da verdilər.

Məsələ ilə bağlı münasibət bildirən Qaraçuxur məscidinin imamı Qurban Əliyev isə bu iddialarla razılaşmır: “Biz özbaşına iş görmürük. Bütün hesabat QMİ-nin nəzarətində aparılır və görüləcək işlərin layihə-smeta dəyəri çıxarılır və İdarənin icazəsindən sonra işlər aparılır. Məscidə nə qədər pul daxil olub, nə qədər hara xərclənibsə, hamısı dəftərlərimizdə mövcuddur və QMİ-yə verilən hesabatlarda bütün bunlar əksini tapıb. Məscidin Əlixan Musayevin nəzarətində olduğu barədə isə deyə bilərəm ki, mən heç kimin tərəfini saxlamıram. Nə Əlixan Musayevin, nə də Qamət Süleymanovun tərəfini saxlamıram. Dində tərəfkeşlik yoxdur. Mənim arxamda dayanan isə o şəxslərdən hər hansısa biri deyil, dövlətdir. Məhz mən öz dövlətimə arxalanıram, nəinki hər hansısa şəxsə. Mənə mənim arxamda dayanan dövlət kifayət edir”.

Pul məsələsinə gəlincə isə, o, “500 min dollara gəlincə, bu iddia doğru deyil. Yenə 500 dollar yazılsaydı, bu real rəqəm idi, lakin bu deyil. Mən o qədər pulu bir arada görməmişəm” söylədi.

Azerinfo.org

 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413