Rəhim Qazıyev Cümşüd Nuriyevi debata çağırdı

13/05/2013 10:55

 

Rəhim Qazıyev Cümşüd Nuriyevi debata çağırdı

«Cümşüd Nuriyev və onun kimilərin dedikləri faktdırsa, niyə bunu istintaqdan gizlədiblər?»

“Rəhim Qazıyev Şuşanın işğal olunması ilə bağlı məsuliyyəti öz üzərindən atmaqla deyil, çünki həm istintaqın nəticəsi, həm bütün arxiv materialları göstərir ki, Şuşa işğal ounmamışdan qabaq bununla əlaqədar Elbrus Orucov göstəriş verib. Vertolyotlar Şuşaya gələrək Azərbaycan Silahlı Qüvvələrinə məxsus əhəmiyyətli postları darmadağın edib!”.
Bu sözləri politoloq Cümşüd Nuriyev “Olaylar”a sabiq müdafiə naziri Rəhim Qazıyevin Şuşanın işğal olunması ilə bağlı onun barəsində irəli sürülən ittihamları rədd etməsinə məsələsinə münasibət bildirərkən belə deyib. C.Nuriyevin sözlərinə görə, Şuşanın işğal olunması ərəfəsində artıq şəhər ətrafındakı minalanmış sahələr 92-ci ilin mayın 5-dən açılmışdı. Politoloq qeyd edib ki, 1992-ci ilin mayın 5-də C.Nuriyev parlamentdə Şuşanın işğal olunacağı təhlükəsini elan edib: “Məsələdən yaxa qurtarmaq üçün ən asan yol məsuliyyətdən boyun qaçırmaqdır. Çünki, hadisələrin gedişi birmənalı şəkildə onu göstərdi ki, Şuşanın əldən getməsi o vaxtki Azərbaycanın Müdafiə Nazirliyinin nəinki yarıtmaz fəaliyyətinin nəticəsi idi və işğal planı qurumun Rusiyanın Müdafiə Nazirliyi ilə əldə etdiyi gizli razılaşmaya əsasən həyata keçirilib”.
Rəhim Qazıyev isə “Azadlıq”a açıqlamasında Cümşüd Nuriyevin dediklərinin cəfəngiyyat olduğunu bildirib: “Cümşüd Nuriyev həmişə heç bir əsası olmayan, özünün uydurduğu yalanları söyləməklə məşğuldur. Bu da növbəti yalanıdır. Bir maraqlı faktı da diqqətinizə çatdırım. 1993-cü il aprel ayının 9-da Soçidə görüş keçirilirdi. Mən müdafiə naziri postundan istefa vermişdim. Lakin Pənah Hüseynin xahişi ilə mən də həmin görüşə getdim. Biz aprelin 9-da Şirin Hacıkərimov, Cümşüd Nuriyev və başqaları ilə bir təyyarədə uçmuşuq.  Görüş olandan sonra da bir yerdə çıxdıq. Mən həbsdə olanda bu Cümşüd Nuriyev kiməsə xoş gəlməkdən ötrü demişdi ki, biz Soçiyə gedəndə gördük ki, Rəhim Qazıyev orada rus və erməni generalları ilə yeyib-içir. Indi özünüz fikir verin. Bu adamın siması budur. O, özünü hər şeydən məlumatlı adam kimi göstərir. 
Bir məqamı da deyim. Bəllidir ki, mən 1993-cü il noyabrın 21-də həbs olunmuşam. Uzun müddət istintaq gedib. Mən heç vaxt vətənə xəyanət maddəsilə ittiham olunmamışam. Bəs onda Cümşüd Nuriyev və onun kimilər niyə gəlib istintaqa ifadə verməyiblər. Əgər dedikləri faktdırsa, niyə bunu istintaqdan gizlədiblər? Mən Cümşüd kimi fikirləşənlərin hamısını “Azadlıq” qəzetində, yaxud da hökumətin istədiyi yerdə, hətta YAP-da debata dəvət edirəm".

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413