Rauf Arifoğlu: “Freedom House”un hesabatını təqdir edirəm”

02/05/2013 22:02

Rauf Arifoğlu: “Freedom House”un hesabatını təqdir edirəm”

Rahim Hacıyev: ““Freedom House” hesabat verdi-vermədi hamıya bəllidir ki, ölkədə mətbuatın vəziyyəti olduqca ağırdır”


Dünyanın nüfuzlu təşkilatlarından olan “Freedom House” mətbuatın azadlığı ilə bağlı hesabat dərc edib. Hesabatda Azərbaycanda fəaliyyət göstərən KİV-lərin söz azadlığının vəziyyəti son 10 ildə pisləşərək ən aşağı həddə düşdüyü göstərilib: “Şimali Koreya ilə Türkmənistanda bu sahədə vəziyyət daha pisdir. Sonrakı yerlərdə isə Özbəkistan və Belarus gəlir. Gürcüstanla Ermənistan isə  jurnalist fəaliyyəti üçün nisbətən təhlükəsiz ölkə sayılır. Azərbaycanda isə əksinə bu sahədə vəziyyətin pisləşdiyi bildirilir”

Təşkilatın hesabatına aparıcı qəzet rəhbərlərinin mövqeyini öyrəndik. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Qaynar.info-ya açıqlamasında dedi ki, təşkilatın hesabatı təqdirəlayiqdir: “Azərbaycanda mətbuat azadlığının vəziyyəti son illərdə daha pisləşib. Bu baxımdan “Freedom House”un hesabatını təqdir edirəm. Əsas problemimiz ölkədə müstəqil məhkəmə hakimiyyətinin olmamasıdır. Qəzetlər məhkəmələr vasitəsilə sanksiyalara məruz qalırlar. Məmurlar qəzetləri məhkəmələrə verirlər və heç bir əsas olmadan yüksək məbləğdə cərimələtdirirlər. Bu məsələdə problem Azərbaycanda mətbuat azadlığının əsas təminat vericisi olan reklam bazarının azad olmamasıdır. Reklam bazarı basqı altındadır. Ölkənin aparıcı media quruluşları öz tirajlarına reklam bazarından pay ala bilmirlər. Reklam payları əsasən tapşırıqla paylanır, bu da bazar prinsiplərinin olmamasına gətirib çıxarır. Reklam bazarının azadlığı mətbuatın azadlığı ilə bərabərdir. Buradan belə nəticə çıxır ki, ölkə mətbuatı təbii rəqabət, inkişaf prinsipləri ilə deyil, başqa fərqli prinsiplərlə fəaliyyət göstərir”.

R.Arifoğlu hesabatda Ermənistanla bağlı yazılanlara şübhə ilə yanaşıb: “İnanmıram ki, Ermənistanda medianın vəziyyəti Azərbaycandakından yaxşı olsun. Ermənistanda istənilən ən böyük media quruluşu bizim ən zəif media quruluşumuza həsəd apara bilər. Onların texnologaları da, imkanları da olduqca məhduddur. Orada da siyasi hakimiyyətin mətbuata ciddi basqıları var. Ermənistanla müqayisəni şübhə altına alıram. Amma Gürcüstanda son aylara qədər mətbuat azad idi, nəinki bizdə”.

“Azadlıq”  qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev də ölkədə mətbuat azadlığının olmamasından şikayətləndi: “Hökumət azad mətbuata qarşı kampaniyaları davam etdirir. Son vaxtlar bu kampaniyalar daha da şiddətlənib, qəzetlərə qarşı çox böyük məbləğdə məhkəmə iddiaları qaldırılıb. Məsələn, “Azadlıq” qəzetinin bank hesabı həbsdədir. Qəzetin üzərində 62 min manatlıq məhkəmə cəriməsi var. Daha sonra Müdafiə Nazirliyinin məhkəməyə müraciəti nəticəsində 100 min manatlıq iddia qaldırılıb. Qəzetdə reklam yoxdur. Necə ola bilər ki, populyar qəzetlərə iş adamları reklam verməsinlər?! Bu, hökumətin apardığı siyasətin nəticəsidir. Həmçinin jurnalistlərə qarşı təzyiqlər davam edir və qanunvericilik sərtləşdirilir. Qanunvericiliyin sərtləşdirilməsi bilavasitə söz və ifadə azadlığına qarşı yönəlmiş addımlardı. Ölkədə narazılıq artdıqca, daha çox adam danışdıqca hakimiyyət mürtəce işlər görmək yolu ilə söz azadlığını daha da məhdudlaşdırır. “Freedom House” bu barədə hesabat verdi-vermədi hamıya bəllidir ki, ölkədə mətbuatın vəziyyəti olduqca ağırdır. Kiminsə bu barədə hesabat verməsi müstəsna əhəmiyyət kəsb etmir”.

Qəzet redaktorunun sözlərinə görə, Ermənistanda mətbuatın azadlığı Azərbaycandakından yüksəkdir: “Ermənistan və Gürcüstanda mətbuatının vəziyyətindən xəbərim yoxdur. Amma məlumatlara görə, Ermənistanda mətbuat azadlığının vəziyyəti bizdən yaxşıdır. Ötən ilin hesabatında Ermənistandakı mətbuat azadlığı Gürcüstandakından yaxşı qiymətləndirilmişdi”.

İlkin

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413