Vətəndaşların dini heysiyyatını alver predmetinə çevirənlər

31/01/2014 15:02

Vətəndaşların dini heysiyyatını alver predmetinə çevirənlər

Vətəndaşların dini heysiyyatını alver predmetinə çevirənlər
Vətəndaşların dini heysiyyatını alver predmetinə çevirənlər

“Halal” markası adı altında məhsullarını reklam edənlərin haram əməlləri haqda

Kolbasa və sosiska məmulatlarına tələbat hər zaman yüksək olub ki, bunun da özünəməxsus səbəbləri var. Səbəblərdən biri kimi bu məhsulların artıq ənənəvi qida rasionumuza daxil olması faktı göstərilsə də digər səbəb həmin məhsulların hazır qida funksiyası ilə bağlıdır. Yəni, kolbasa və sosiskaların bir qida növü kimi hazırlanmasına ya demək olar ki, vaxt lazım olmur, ya da bu vaxt çox qısa olur. Bu isə əhalinin həmin məhsullara meyllənməsini artıran faktorlar kimi çıxış edir.

Ölkəmiz müstəqillik qazandıqdan və dindar kəsimin nəzərəçarpacaq dərəcədə artmasından sonra isə kolbasa və sosiska məmulatlarının satışında müəyyən geriləmələr müşahidə olunmağa başladı. Bunun səbəbi isə həmin məhsulların müqəddəs kitabımız olan Quranda haram buyrulan donuz ətindən hazırlanması idi. Bu təbii olaraq əhalinin müəyyən inanclı kəsimini sözügedən məhsullardan uzaqlaşdırırdı. Belə bir situasiya isə istehsalçıları məcbur etdi ki, donuz əti və piyi vurulmadan kolbasa və sosiska istehsalına diqqəti artırsınlar. Beləliklə də tərkibində donuz əti və piyi olmayan kolbasa məmulatlarının ölkəmizdə kütləvi istehsalı start götürdü.
Amma “halal” markası adı altında alıcılara təqdim olunan bu məhsullara da etimad heç zaman yüksək olmadı. Çünki müvafiq dövlət qurumlarının mütamadi olaraq apardıqları reydlər zamanı bu məhsulların istehsalıyla məşğul olan sexlərin əslində fırıldaqla məşğul olduqlar aşkarlanırdı. İş hətta o yerə gəlib çatdı ki, “halal” kolbasa mövzusuna Qafqaz Müsəlmanları Ruhani İdarəsi belə qarışdı. Belə ki, QMİ halal kolbasa məhsullarına sertifikat verməklə problemin həllinə səylər göstərdi ki, bu da cəmiyyətdə birmənalı qarşılanmadı. Müvafiq dövlət qurumlarının bu məsələdə həssaslığı və operativ reydləri isə sözügedən sahədə əsl anarxiyanın olmasını aşkarlayır. Elə dünən baş vermiş anoloji reydin nəticələri də belə düşünməyə əsas verir.
Belə ki, ötən gün Bakıda kolbasa istehsal edən müəssisədə məhsulların istehsalında ciddi nöqsanlar aşkar edilib. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Orxan SS” İstehsal-Kommersiya Firmasına məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küç.,2B ünvanında yerləşən istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib.
Belə ki, müəssisə tərəfindən istehsal olunan “CF” və “Kristal” əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı “Baranina”, “Krakovskaya”, “Servelat Xəzər”, “Kristal Həvəskar”, “Ukrainskaya kopçennaya” kolbasaları və “Təndir” sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu müəyyən edilib.
Bundan başqa, “Ukrainskaya kopçennaya” kolbasasının resepturasında və etiketində məhsulun tərkibində donuz ətinin olduğu göstərildiyi halda, həmin məhsulun etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi, “Servelat” kolbasasının resepturasında məhsulun tərkibində donuz əti və donuz piyi nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatın gizlədildiyi aşkar edilib.
Eyni zamanda, “Baranina”, “Kristal Həvəskar”, “Servelat Xəzər”, “Doktorskaya”, “Krakovskaya”, “Oxotniciye”, “Pəhriz”, “Servelat” və “Salyami” kolbasaları və “Təndir” sosiskalarının istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulun mal ətindən istehsal edildiyi barədə yanlış məlumatların verildiyi müəyyən edilib.
Qanun pozuntusuna yol vermiş “Orxan SS” İstehsal-Kommersiya Firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək. Xatırladaq ki, bu kimi halar ilk deyil və son da olmayacaq. Əhalinin dini hissləri ilə oynayaraq, bundan alver predmeti kimi yararlanmaq istəyən işbazlara qarşı sərt tədbirlərin görülməsinə isə böyük ehtiyac var. Axı, onlar indiki qanunvericiliklə bu əməllərinə görə, müəyyən qədər cərimələndikdən sonra fəaliyyətlərini yenidən bərpa edirlər. Bu isə problemin əslində həll olunmadığını göstərir. Çıxış yolu kimi, fəaliyyətində bu kimi qüsurlar olan kolbasa sexlərinin ya birdəfəlik qapadılması, ya da çox böyük miqdarda cərimələnməsi təklifləri səsləndirilir. Hesab edirik ki, müvafiq dövlət qurumları bu təklifləri ən yaxın zamanda dəyərləndirəcək.
Şamil

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413